CəmiyyətHadisə

Şöhrət azarı…

Populyar olmağın bir mühüm xüsusiyyəti var; dərhal kimlərsə tapılıb, sənə pul xərcləməyə başlayır. Xüsusilə də, qadınsansa və efirlərdə tez-tez görünürsənsə…

Ev alan kim, maşın alan kim, bağ alan kim, bahalı mebel, daş-qaş, restoranlar…

Bir qrup insan var ki, əlinə beş manat pul keçən kimi tanınmış adamlarla oturub-durmağı və bu barədə hər yerdə danışmağı xoşlayır. Sanki oturub-durduqları məşhurların şöhrətindən bunlara da pay düşür…

Anam demişkən, elə bil şirəsi bunlara çıxır… 

Bu adamlar əsas etibarilə orta təbəqəni təmsil edən məmurlar, ticarətçilər, biznesmenlər, nə bilim, inşaatçılar arasından çıxır.

Bu ənənə yeni formalaşmayıb və yəqin ki, təkcə bizdə də deyil. Hələ sovet dövründə gördüklərimdən yadımdadır ki, kişilər içki məclislərində bu mövzuda həvəslə danışardılar.

Bakıda “zavmaq” işləyən babam Hüseyn Ariflə pivə, Əlfi Qasımovla araq, Rübabə Muradova ilə konyak içməsindən fəxrlə bəhs edərdi. Bir dəfə onun Tibb Universiteti yaxınlığındakı mağazasına getmişdim. Arxadakı kabinetdə oturmuşduq, birdən içəri arıq-uzun bir kişi daxıl oldu. Babam məndən onu tanıyıb-tanımadığımı soruşdu.

Tanımadığımı dedim. Kişi elə bunu eşitməyə bəndmiş kimi dedi: böyük bəstəkar Bəxtiyar Kərimovdur. Bu adın məndə heç bir təəssürat doğurmadığını görüb, əlavə etdi ki, Rübabənin oxuduğu “Heydərbaba” mahnısını bu kişi bəstələyib.

Həqiqətən də Şəhriyarın sözlərinə yazılmış dahiyanə bir musiqidir və Rübabə Muradova onu təkrarsız səsiylə yüksək səviyyədə ifa edirdi.

Arıq-uzun kişi gözümdə dərhal dəyişdi, böyüdü və mənə tamamilə başqa cür, əzəmətli göründü. Ta ki babam masanın üstünə bir şüşə araq qoyub, qadın satıcıya kolbasa, xiyar turşusu doğratdırana qədər.

Bunlar başladılar içə-içə danışmağa, mən də qulaq asıram. Bəstəkar çox sadə adam imiş və əsasən oğlunun onun başına oyun açmasından danışdı. Onun adı Ruzik idi. Sonralar anladım ki, Rüzgar imiş. Deyəsən, QAİ maşınını cərimə meydançasına salmışdı. Babam hansı rayonda olduğunu soruşdu, o da dedi. Bundan sonra telefonun dəstəyini qulağına qoyub kimlərəsə zəng etməyə başladı…

İnşaat sektorunda işləyən bir dostum vardı və arada mənə qonaqlıq verirdi. Deyirdi ki, mənsub olduğu “kruq”dakılar hamısı mənasız adamlardır, puldan başqa heç nə bilmirlər. Guya mənimlə oturmaq, söhbət etmək daha maraqlı və zövqlüdür…

Yeyib içə-içə mənə fəxrlə oturub-durduğu müğənni, aparıcı qadınlardan danışırdı. Onların bəzisini mən heç tanımırdım, radioda səslərini eşitmişdim. Bəziləri də hansısa toy müğənniləri idi.

Hiss edirdim ki, dostumu cəlb edən heç də o qadınların gözəlliyi, cazibədarlığı yox, sadəcə populyarlıqlarıdır. Məni də yeyib-içməyə maraqlı həmsöhbət kimi yox, onlardan danışıb, lovğalanmaq üçün çağırır. Çünki əsasən o danışır, mən qulaq asırdım.

Söhbətlərin birində dedi ki, inşaatçı dostlarından biri olan həmyerlimiz o vaxt əməkdar artıst olan qadın müğənnilərdən birinə 200 min dollara mebel alıb. Düşündüm ki, görəsən, niyə? Axı o qadın nə gəncdir, mənim zövqümə görə, nə də elə bir gözəlliyi var…

Başa düşdüm ki, bu sadəcə şöhrət azarıdır. Orda-burda hamı danışsın ki, fikankəsi filankəs saxlayır və ona 200 minlik mebel alıb. Düşündüm ki, həmin adamdan (onu tanıyırdım) min dollar borc istəsəm, and-aman edər ki, yoxdur…

Öz-özümə düşünür, hətta arada dostuma da deyirdim ki, axı bu nəyin aclığıdır? Sonra da elə özüm cavab verirdim ki, görünür, insana var-dövlət, sərvət kifayət etmir. Bunun yanında şöhrət də lazımdır. Onlar başqalarının şöhrətinə şərik olmaq, məşhur adamların yanında dayanmaq, hətta onlarla şəkil çəkdirmək üçün böyük pullar xərcləyirlər. Böyük deyəndə ki, əlbəttə, hərə öz gücünə görə. Kimi bir stəkan çay alır, kimi də villa….

Dünən baş verən qəza haqqında oxuyan, təfərrüatları öyrənən kimi anladım ki, həlak olan şəxslər də məhz bu şöhrət azarının qurbanı olublar.

Biri tanınmış aparıcı (amma mən tanımırdım), biri də ailəsi, bahalı maşını olan, idman salonun gedən 3 uşaq atası.

İstər-istəməz düşünürsən: ailəli-uşaqlı bir adamın gecə saatlarında və yəqin ki sərxoş vəziyyətdə başqa bir qadınla eyni avtomobildə nə işi vardı?

Özləri ölüb getdi. Bəs onların ailələri necə olacaq?

Rayonda qonşuluqda da bənzər hadisə olmuşdu. Evli bir adam “saxladığı” qadınla qəzaya düşərək, ikisi də ölmüşdü. Deyilənə görə, adamın arvadı sevindiyindən həyətdə qol götürüb oynayırmış. Uşaqları güclə evə salmışdılar ki, qonşular görməsin…

Allah rəhmət eləsin!

Nadir Qocabəyli

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanda surroqat analığı tam qadağan etmək istəyirlər

admin

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor

Moskvadan Estoniyaya sərt xəbərdarlıq: “Açıq müharibə həddində”

admin