Bəri başdan bu məqalədə yer alan vulqar ifadələrə görə üzr istəyirəm. Lakin Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin dediklərini və elədiklərini olduğu kimi bilməlisiniz ki, məhbusların yaşadığı dəhşəti anlayasınız.
Hadisələr 20 noyabrda başladı. Axşam saatlarında Tibb-Sanitar Hissəsindəki kameraların nəfəslikləri eyni anda bağlandı. Göstəriş gəlmişdi ki, son “hicaba azadlıq” aksiyalarından həbs edilən qadınlardan ikisi – Nübar Həsənova və Nərgizxanım Məmmədova Lənkəranın Pentensiar Kompleksinə, digər bir nəfər isə təcridxananın qadınlar korpusuna köçürülsün. Kameralarını tərk etmək istəməyən qadın məhbusları zorla, sürüyə-sürüyə apardılar. Həmin axşam digər həbsdə olan qadınlar təklikdə oturaq etiraz aksiyası keçirdilər. Onlar inanclı qadınların aparılmasına qarşı çıxıb, onlarla əlaqə saxlamaq istədiklərini dedilər. Onlara söz verildi ki, sabah, yəni noyabrın 21-də həmin qadınlarla əlaqə saxlamağa icazə veriləcək. Amma vədlərinə əməl etmədilər.
Ertəsi gün “Sançast”ın hazırkı rejim rəisi və baş nəzarətçisi gəlmədi. Əvəzində rəisin növbətçi köməkçiləri, axtarış şöbəsinin əməkdaşları və istintaq otağının nəzarətçisi göründü. Ardınca rəis müavini Cavid Güləliyev Tibb-Sanitar Hissəsinə gəldi. İnanclı qadınlar tələblərini ona da yüksək səslə deyir, kameranın qapısının döyəcləyirdilər. Güləliyev onların kamerasına yaxınlaşıb qapını hirslə təpikləməyə başladı. Əynindəki pencəyi soyunub, nəzarətçiyə inanclı qadınların qapısını açmağı tapşırdı. Dediklərini necə var, elə də yazıram:
– “Aç qapını, indi girib ****** bunların hamısını”.
Mən həmin vaxt təsadüfən dəhlizdə idim. Cavidin qadınlara zərər verəcəyindən qorxduğum üçün qarşısına keçib onu dayandırmağa çalışdım. Amma nə mənim, nə də “Meydan TV” işi üzrə həbs olunan qadın jurnalistlərin etiraz səsi bu canavarı dayandırmağa kifayət etdi. Jurnalistlərin saxlanıldığı kameraların nəfəslikləri bağlandı, yenicə ağır əməliyyatdan çıxmış Aynur Elgünəşin səhhəti pisləşdi.
“Sən öl tapdalayaram səni. Mənə qadın kişi fərq eləmir”, – Güləliyev mənə dedi.
Doğrudan da iki dəfə üzərimə yeridi. Ümumiyyətlə, insanlıqdan çıxmışdı. Sərxoş olmadığı da istisna deyil, çünki nəfəsi spirt qoxuyurdu. Sonra deyəsən məni döyməyə “məcbur qalmamaq” üçün növbətçi zabitə oradan çıxarılmağımı tapşırdı. Zabit qolumdan tutub məni TSH-nin binasından çıxaranda, Cavid Güləliyevin qadınları söydüyünü hələ də eşidirdim. Əvvəlcə cərimə kamerasına aparılacağım deyilsə də, sadəcə təcridxananın həyətində saxlanıldım.
Davamlı təkidlərimə baxmayaraq təcridxananın rəisi Elnur İsmayılovla görüşə bilmədim. Onun müəssisədə olmadığı deyildi. Amma Güləliyev bir ara İsmayılovu da yad elədi:
– “Mən sizin üçün nə Elnur İsmayılovam, nə Ceyhun Hacıyev (rəis müavini) ki, nazınızla oynayım. Bundan sonra belədir”, -Cavid Güləliyev qışqıra-qışqıra “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşə dedi.
Güləliyevin göstərişi ilə təhqir etdiyi inanclı qadınlar axşamadək təkadamlıq kamerada ac-susuz saxlanılıblar. Təcridxana əməkdaşlarından biri onları hicablarını açmaqla hədələyib. Baş verənlərin ictimailəşməsindən çəkindikləri üçün saat 16:00-dək telefon xətti kəsilib, məhbusların əksəriyyəti zəng hüququndan məhrum olub.
BİT-də məhbuslar azadlıqları ilə yanaşı, elementar insani münasibətdən də uzaq düşüblər. Yaşadığımız yerin vahiməsini təsəvvür edə bilirsiniz? İnsanlar qorxu içindədir. Bir qoçu rəis müavini o qədər hüquq tanımır ki, istədiyi məhbusu işgəncə verib, qadınlara təcavüzlə hədələyə bilir.
Təcridxananın həyətinə çıxarıldığım zaman daha çox insanın eşidəcəyinə ümid edərək var gücümlə qışqırdım: “Cavid Güləliyev məhbuslara işgəncə verir. Bu alçaq qadınları təcavüzlə hədələyir!”
İndi isə məsul şəxslərin, ələlxüsus da iki gün öncə Cavid Güləliyevi “yaxşı işlədiyinə” görə diplomla təltif edən Ədliyyə Naziri Fərid Əhmədovun eşidə biləcəyi qədər ucadan yazıram: Cavid Güləliyevi – bu manyakı dayandırın!
Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil. Dəhşətli hadisələrin qarşısını alın!
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası
Foto mənbə: Azadlıq Radiosu
