Kalininqrada üzən Rusiyanın “Sparta II” yük gəmisi noyabrın 21-də Finlandiya körfəzinin beynəlxalq sularında dron hücumuna məruz qalıb. Zədələnən gəmidə yanğın başlayıb və o, sonradan Finlandiyanın ərazi sularına sürüklənib.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Qoqland adasının qərbində baş verib. Finlandiya Müdafiə Qüvvələri gəminin zədələndiyini və ölkənin ərazi sularına daxil olduğunu təsdiqləyib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, gəmiyə iki dron hücum edib. O, ekipajın təxliyə olunduğunu və zərərin miqyasının qiymətləndirildiyini bildirib.
Hadisədən sonra Finlandiya körfəzin şərq hissəsində müvəqqəti hava və dəniz hərəkəti məhdudiyyətləri tətbiq edib. Finlandiya Sərhəd Xidməti digər gəmilərin hərəkəti üçün təhlükə olmadığını açıqlayıb.
Hücuma görə məsuliyyəti kimin üzərinə götürdüyü barədə məlumat verilməyib. Ukrayna Xarici İşlər Nazirliyi agentliyin şərh sorğusuna dərhal cavab verməyib.
