Krım tatarlarının milli lideri Mustafa Abdülcemil Kırımoğlu Ukrayna rəhbərliyi ilə bölgənin gələcək muxtar statusu ilə bağlı bütün əsas məsələlərdə razılığa gəlindiyini açıqlayıb. Onun sözlərinə görə, Krım Muxtar Respublikasının yeni modelinin yaradılması üçün hazırlıqlar başa çatıb. Lakin davam edən müharibə və hərbi vəziyyət səbəbindən Ukrayna Konstitusiyasına zəruri dəyişiklikləri etmək hələlik mümkün deyil. Kırımoğlu, zərurət yaranacağı təqdirdə sürgündə respublika elan edilməsi variantının da nəzərdən keçirilə biləcəyini söyləyib. O, azad Krımın Krım tatarlarının öz muxtar idarəçiliyinə malik olacağını vurğulayıb.
M.A.Kırımoğlunun bu açıqlaması indiki məqamda diqqət çəkir. Əvvəla onu deyim ki, Krım Ukraynanın tərkibində əvvəllər də muxtar respublika statusuna malik olub. 1996-cı il Ukrayna Konstitusiyasının 134–139-cu maddələri Krım Muxtar Respublikasının statusunu, səlahiyyətlərini və idarəetmə institutlarını müəyyən edirdi. Yəni söhbət sıfırdan yeni ərazi muxtariyyəti yaratmaqdan getmir.
Əsas dəyişiklik muxtariyyətin siyasi və milli mahiyyəti ilə bağlıdır.
Əvvəlki modeldə Krım muxtariyyəti ərazi prinsipi əsasında təşkil olunmuşdu. Yarımadada yaşayan bütün əhali bu muxtariyyətin subyekti hesab edilirdi. Krımın öz parlamenti və hökuməti olsa da, Krım tatarlarının ayrıca milli özünüidarə hüquqları həmin sistemdə xüsusi şəkildə təmin edilməmişdi. Başqa sözlə, Krım muxtar idi, amma bu muxtariyyət Krım tatarlarının milli idarəçiliyinə əsaslanmırdı.
İndi gündəmə gələn yanaşma isə fərqlidir. Təklif olunan model Krım tatarlarının yarımadanın yerli xalqı kimi tanınan hüquqlarının daha geniş siyasi və institusional təminatını nəzərdə tutur. Buraya onların dövlət idarəçiliyində təmsilçiliyi, Milli Məclisin hüquqi statusunun möhkəmləndirilməsi, dil və mədəniyyətin qorunması, özünüidarə mexanizmlərinin yaradılması daxildir.
Yəni söhbət Ukraynadan ayrılan müstəqil Krım tatar dövlətinin yaradılmasından deyil, Ukraynanın ərazi bütövlüyü daxilində milli-ərazi muxtariyyətinin formalaşdırılmasından gedir. Bu modelin reallaşması Krım tatarlarına yalnız mədəni hüquqlar deyil, həm də öz doğma torpaqlarının idarə edilməsində daha geniş siyasi iştirak imkanı verə bilər.
Bölgəni gözləyən vəziyyət
1944-cü ildə Stalin rejiminin Krım tatarlarını kütləvi şəkildə deportasiya etməsi nəticəsində xalq öz doğma torpağından zorla uzaqlaşdırıldı. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi isə onların tarixi vətənlərinə qayıdış perspektivini yenidən ciddi təhlükə altına aldı. Bu baxımdan milli muxtariyyət ideyası sadəcə idarəçilik modeli deyil, həm də tarixi ədalətin bərpası, deportasiya nəticələrinin aradan qaldırılması və Krım tatarlarının siyasi gələcəyinin təmin olunması məsələsidir.
Məncə, Kırımoğlunun açıqlamasının ən mühüm tərəflərindən biri də onun Rusiya-Ukrayna müharibəsinin mümkün siyasi həlli fonunda səslənməsidir. Çünki Krım məsələsi bu müharibənin ən mürəkkəb və həssas mövzularından biridir. Moskva yarımadanı öz ərazisi hesab edir, Kiyev isə onun Ukraynaya qaytarılmasını ərazi bütövlüyünün ayrılmaz hissəsi kimi görür.
Burada mühüm məqam Türkiyə detalıdır. Çünki Ankara Rusiyanın 2014-cü ildəki ilhaqını tanımayıb. Bundan başqa Kırım tatarlarının çox böyük qismi hazırda Türkiyədə yaşayır. Yəni Ankara Krım tatarları ilə tarixi, etnik və mədəni bağlara malikdir. Türkiyə Ukrayna ilə əməkdaşlıq çərçivəsində Krım tatarlarının gələcək muxtariyyət modelinin beynəlxalq səviyyədə tanınmasına və dəstəklənməsinə töhfə verə bilər.
Bu məsələ Türkiyənin özü üçün də mühüm strateji prioritetə çevirə bilər. Çünki Krımın gələcəyi Ankara üçün yalnız tarixi məsələ deyil, həm də Qara dənizdə təhlükəsizlik və türk dünyasının geosiyasi mövqeyi ilə bağlıdır. Bu baxımdan Krım tatarlarının milli muxtariyyət əldə etməsi Türkiyənin regiondakı siyasi rolunu da gücləndirə bilər.
