DünyaSiyasət

Yeni odun peyğəmbərləri

Bu üçtərəfli sammit bir çoxları üçün gözlənilməz oldu.
Rəqabət aparan kimi görünən bu güclər bir neçə istiqamətdə ortaq bəyanata imza atdılar.

Siyasətin olimpi nə ölkələrin daxilində, nə də qlobal mənada həlledici qərarlar üçün əsas söz sahibi deyil.
Bu liderlər və bütün siyasilər texnologiya şirkətlərinin sözçüləridir.

Yeni texnologiya, xüsusiylə süni intellekt iqtisadiyyatın olduğu kimi, siyasətin də əsas anlayışlarını yeniləyib.
Düşünürəm ki, bəyanatda ən diqqətçəkəni enerji resurslarının istifadəsi ilə bağlı olan hissədir.

Yeni texnologoya üçün enerji resursları çox vacibdir. Detallara getmirəm, bunu araşdırmaq çətin deyil.

Son vaxtlar bir çox texnologiya şirkətlərinin sahibləri süni intellekt və yüksək texnologiyalardan danışarkən “biz yeni od kəşf ettik” deyirlər.

Niyə yeni texnologiyanın odla müqayisə edirlər?
Ona görə ki, od və odun idarə olunması insanı heyvandan müasir insana çevirən əsas vasitə olub.
Oddan qorxan, ildırımı, odu vahiməylə Tanrı adlandıran ibtidai insan oddan qaçırdı.

İlk dəfə meşə yanıb qurtarandan sonra, odda bişən bitkimi, ətmi insanın burnuna xoş iy verdi və insan odda bişən qidanı yeməyə başladı.
Günün əksər vaxtını çiy qidaları çeynəməyə həsr edən insanın əsas enerjisi çənəsinə və bağırsaqlarına gedirdi. Həzm prosesi enerjinin əksəriyyətini istifadə edirdi.

Beyin insan kütləsinin 2 faizini təşkil etsə də enerjinin 20 faizini işlədir.
Qədim insanın beyni – neyron şəbəkəsi inkişaf edə bilmirdi. Ona görə ki, enerjisi qalmırdı.

Bişirilmiş qida insanın çeynəməsini dəfələrlə azaltdı, beyin inkişaf etməyə başladı.
Daha sonra odu qorumaq üçün təşkilatlanma bacarıqları qazandı.
Odu əldə edə bilmirdi deyə, onu qorumaq üçün icmalaşmalı oldu.
Od kənarındakı növbəli sistem ona kollektiv bacarıqlar qazandırdı.

Bütün günü çeynəməklə məşğul olan insanın çənəsi, dişləri və üz quruluşu formasını dəyişdi.
Odqoruyucular danışmağı da belə öyrəndilər.
Bişmiş qida həm əlavə enerji yaratdı beyini inkişaf etdirdi, həm də ocaqbaşında danışıq yarandı.

Qədim insan odu əldə etmək vasitələrini öyrəndikdən sonra soyuq ərazilərə köç etməyə başladı.

Çox uzatmaq istəmirəm, bununla bağlı elmi araşdırmalarla tanış olmaq çətin deyil.
Deməyim odur ki, od insana beyin, danışıq və dünyanın resurslarından istifadəyə imkanlar yaradan, onu heyvandan müasir insana çevirən əsas vasitə olub.

İndi bu yexnologiya şirkətlərinin sahibləri deyirlər ki, yeni od kəşf etmişik. Daha doğrusu, yeni odu əldə etməyi və idarə etməyi bacarırıq.
Bu nə anlama gəlir?
Bəli, od heyvandan müasir insan yaratdı. “Yeni od” müasir insandan yeni rəqəmsal insana keçidi təmin edəcək.

Texnologiya sahibləri üçün dövlətlər, millətlər, ideologiyalar yoxdur. Onlar prosesi qlobalizmə aparırlar.
Beynindəki neyron şəbəkəsinin süni intellekt şəbəkəsinə bağlı olduğu yeni insan tipi yaranmaqdadır.

Bu qocaların nə ölkə dərdi var, nə millət, nə də iqtisadiyyat.
Onlara dünyanın, insanlığın hara getdiyini izah ediblər.
Həvəsləndirmək üçün onlara deyiblər ki, yeni texnologiya ölümsüzlük üçün və ya ən azı 300 il yaşamaq üçün imkanlar yaradacaq.
Bütün siyasət yeni texnologiyanın əsəridir, ondan çox şey gözləməyin.

Bu yazını yazarkən, bir mübahisəli təsbit ortaya çıxdı.
Niyə azərbaycanlılar çoxbilmişdir amma kollektiv bacarıqları yoxdur?

Bizim ölkənin, coğrafiyanın bir adı da Odlar yurdudur. Çoxlu sayda yanan yerlər var, yanardağ var.
Hamıdan öncə bişmiş qidanı bu coğrafiyanın insanı yeyib deyə, belə çoxbilmiş ola bilərmi?
Başqa toplumlar yüzminlərlə il odu qorumaq üçün təşkilatlanıb deyə kollektiv bacarıqları yüksəkdir. Bizim coğrafiyanın insanına odu qorumağa ehtiyac olmayıb. Ona görə ola bilərmi ki, kollektiv şüura sahib deyilik?

Ən nəhayət, köhnə odun əzəməti insanoğlunu o qədər heyrətləndirdi ki, ona tapındı, din yarandı.
Yeni odun yeni din yaradacağı ehtimalı çox yüksək deyilmi, sizcə?

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqtonun İranla bağlı ritorikası İraq müharibəsi öncəsi dövrü xatırladır

redaktor

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

Netanyahunun rəqibləri arasında fikir ayrılığı: hökumət qurmaq çətinləşir

admin