CəmiyyətTəhsil

Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu…

Bakı Dövlət Universiteti ilə bağlı baş verənlər ölkədə hüququn hansı durumda olduğunu göstərir. Bir alim şantaj edilir, amma o, hüququ çıxış yolu kimi görmür, daha doğrusu, başa düşür ki, Azərbaycanda hüquqdan istifadə etməklə öz ləyaqətini, şərəfini qoruya bilməyəcək və nəticədə intihar edir. Dəhşət olan budur!

Heç kəsə sirr deyil ki, ölkədə hüquq-məhkəmə sisteminin bərbad durumda olması bir qisim insanı kriminala yönləndirib, çünki insanlar ədalət axtarırlar. Anlayırlar ki, həmin ədaləti hüquqla əldə edə bilməyəcəklər, ona görə də problemin daha ədalətli və perpspektivli həllinə nail olan cəbhəyə yön alırlar. Ləyaqətli insanlar da eynilə, ya rədd olub ölkədən gedirlər, ya bir küncə çəkilib ölümünü gözləyirlər, ya da intihar edirlər. Qısası, BDU-da baş verənlər təkcə Elçin Babayev kimi acgöz və mənən zəlil adamların yarıtmaz fəaliyyətinin nəticəsi deyil, bu, ümumən ölkəni ağuşuna alan hüquqi nihilizmin bariz nümunəsidir. Ölkənin ana təhsil ocağı sayılan BDU-dakı rüsvayçı hadisə bir daha göstərdi ki, şərlə, böhtanla, ləyaqətsizliklə mübarizə aparmaq günbəgün çətinləşir.

Sağlam rəqabət mühiti pozulub, tab gətirə bilmirsən. Dəfələrlə demişəm, namussuz adamlarla söz-söhbətdən, dava-dalaşdan, qarşılıqlı atışmadan uzaq olmaq lazımdır, onların böhtanlarına da cavab vermək lazım deyil. Çünki bu adamlar bir kişinin qorumalı olan ən vacib sərvətini – namusunu itiriblər, onlarla mübarizədə uduzacaqsan, onlar üçün sərhəd, limit yoxdur. Ən yaxşısı, cavab verməmək və həlledici məqamda burunlarını yerə sürtməkdir. Təəssüf ki, Nəriman Süleymanov tab gətirə bilmədi. Halbuki, mən məsələnin tam mahiyyətini bilmirəm, N.Süleymanovun hər hansı formada günahkar olub-olmadığını da deyə bilmərəm, onun kimlərin şantajı ilə üz-üzə qaldığından da xəbərsizəm, amma əsl həqiqətləri üzə çıxarmaq isə aidiyyəti orqanların işidir.

Əsas mətləbə keçək…

Elçin Babayev 2019-cu il mart ayının 11-də BDU-ya rektor təyin olunandan sonra elmi şuranın iclası keçirilir və iclasda Ramiz Mehdiyevin həyat yoldaşı, həmin vaxt universitetdə kafedra müdiri vəzifəsində çalışan Qalina Yuriyevna Mehdiyeva hər kəsin içində xüsusi ritorika ilə deyir ki, “bəli, axır ki, biz deyən oldu…”.

E.Babayevin kimin təqdimatı və xeyir-duası ilə rektor vəzifəsində təyin olunması heç kəsə sirr deyil. Ardınca E.Babayev baldızı Ləman Hüseynbəylini universitetə gətirdi və ölkənin ən nüfuzlu universitetlərindən biri olan BDU-nu zərgərlik dükanı kimi idarə etməyə başladı.

2019-cu ildə Mehriban İmanova da Azərbaycan Elm Fondunun rəhbəri təyin olundu. Bu təyinata qədər hamı M.İmanovanı Qalina Mehdiyevanın çayçısı kimi tanıyırdı. Səhərlər çayını, günorta mer-meyvəsini doğrayıb gətirirdi. Bir də gözümüzü açdıq ki, çayçı Mehriban Elm Fonduna rəhbər gətirilib. O, hələ də bu vəzifədədir və heç kəsin ağlına gəlmir ki, belə bir qurum var. Amma lazım olan çevrələr bu qurum vasitəsilə milyonlarla dövlət vəsaitini dağıtmaqla məşğuldur.

Yəqin ki, Nəriman Süleymanovun intiharının səbəbləri və E.Babayevin bu faciədəki rolunu hüquq-mühafizə orqanları araşdıracaq.

E.Babayev təkcə bu iş üzrə dindirilməməlidir, o, 7 il ərzində BDU-nu xaraba qoydu, neçə-neçə insanları şərlədi, I kurs tələbələrini müəllimlərin, oradakı ayrı-ayrı vəzifəli şəxslərin üzünə durmağa məcbur etdi. Rüşvət, korrupsiya əməliyyatlarını, arvadının, baldızının oğurladığı milyonları, şərlədiyi professorları və s. dövlət bütün bunları üzə çıxarmalıdır.

E.Babayev tərəddüdsüz həbs edilməlidir. Bu ölkədə nazirlər, generallar, milli qəhrəmanlar, icra başçıları, hətta R.Mehdiyevin özü də həbs edilibsə, E.Babayev layiq olduğu yerə göndərilməlidir. Mən onun bütün elmi ictimaiyyətə bəlli olan mənəviyyatdan, əxlaqdan uzaq hərəkətlərindən yazmaq istəmirəm. Xahiş edirəm, belələrini qorumayın, göndərin lazım olduğu yerə…

Uzun illərdir E.Babayevin iyrənc fəaliyyəti barədə media orqanlarında yazılar dərc olunurdu. Niyə tədbir görülmürdü, bu adamın qanunları ayaq altına atıb tapdalamasına niyə göz yumurdular!?

Ən dəhətlisi budur ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu gün yeni rektor Məleykə Abbaszadəni kollektivə təqdim edərkən, E.Babayevi də böyründə oturdub. Bu nə rəzalətdir?

Məgər E.Əmrullayev bilmir ki, BDU-da nələr baş verib? Bilməyibsə, niyə nazir vəzifəsindədir, bilibsə, niyə tədbir görməyib? Tədbir görməyibsə və bu gün ölkənin ən ali ocaqlarından birini rüsvayçı duruma salan acgöz E.Babayevi yanında oturdubsa, deməli, ən böyük məsuliyyəti məhz nazir E.Əmrullayevin öz daşıyır.

Elm və təhsil sahəsi özünün ən ağır günlərini yaşayır. Uçuq binalarda, bərbad yollarda, xəstə öldürən dərmanlarla, kefiyyətsiz qidalarla bir təhər yaşayırıq, heç olmasa, elmi, təhsili alın bu adamların əlindən! Yazıqdır bu xalq…

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

“Kəpəz” – “Qarabağ” oyununa cəmi 500 bilet qalıb

admin

Şirin yem pulu, adamın maaşı

redaktor

Faciələrin qarşısını necə ala bilərik?

redaktor