ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135U “Combat Sent” kəşfiyyat təyyarəsinin Krım körpüsünə noyabrın 17-də edilən hücumdan bir neçə saat əvvəl Qara dəniz üzərində uçduğu bildirilir.
Tacxeber.com “Kyiv Post”a istinadən xəbər verir ki, açıq uçuş izləmə məlumatlarına əsasən, “JAKE27” çağırış kodlu təyyarə noyabrın 16-da Britaniyadakı Mildenhall bazasından havaya qalxıb. Rumıniyanın şərqindən keçən təyyarə daha sonra Qara dəniz istiqamətinə yönəlib.
Nəşrin məlumatına görə, təyyarə Krımın cənub sahillərindən təxminən 80 kilometr məsafəyə yaxınlaşıb. Həmin vaxt NATO-nun E-3A “Sentry” radar təyyarəsi də Bolqarıstanın şimal-şərqi üzərində uçuş həyata keçirib.
RC-135U əsasən hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmilərin və digər radarların elektron siqnalları barədə məlumat toplamaq üçün istifadə olunur.
