CəmiyyətŞikayət

Köhnə rəisin yenidən vəzifəyə qayıdışı: “Kabus geri döndü”

O, yenidən vəzifəyə gələndə qadınların bədənində ondan qalan zorakılıq izləri hələ dururdu.

Onun gəlişi ilə məhkum qadınlar arasında “kabus geri döndü” pıçıltıları gəzişirdi. İlk rəisliyi dövründə həbsdə olan məhkumların yaddaşında zorakı şəxs kimi qalan Vaqif İsmayılov 5 ildən sonra yenidən 4 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) rəis kimi geri döndü. O, 2026-cı ilin aprelindən artıq 2-ci dəfədir ki, bu posta təyin edilib. İlk rəislik müddəti cəmi 1 il 2 ay çəkib. Çoxsaylı şikayətlərdən sonra işdən çıxarılıb, təyinatı başqa müəssisəyə verilib. Hazırda 4 saylı CÇM-də saxlanılan məhkumların göndərdiyi məlumata görə, Vaqif İsmayılov müəssisəyə gələndən sonra səhər yoxlanışı zamanı vaxtı ilə ondan edilən şikayətlərə eyham vuraraq bunların təsirsiz olduğunu deyib:

“Məndən şikayət etdiniz, nə oldu? Sizə demişdim, 1 günlük belə olsa, prinsipə bura qayıdacam. Köhnələr bilir, mən əvvəl döymüşəm. Amma indi döyməyəcəm. İndi “kars” var, dubinka var, qanun icazə verir. Bunlardan istifadə edəcəm”.

“Döyməyəcəm”- dediyi bu sözün ömrü heç 1 ay çəkməyib. Məhkumlar deyir, vəzifəyə gələndən 15 gün sonra qadın məhkumlardan birini elə öz kabinetində döyüb cərimə təcridxanasına (“kars”) göndərib.

Vaqif İsmayılov “kars”dan döydüyü məhkumların yaralarını gizlətmək üçün istifadə edir. Qadınları döyür, yetirdiyi xəsarətlər görünməsin deyə onları “kars”a göndərir. Məhkumun bədənindəki zorakılıq əlamətləri keçəndən sonra “kars” müddəti də başa çatır. Beləcə, müəssisədəki hamının bildiyi həqiqətlərin izləri cərimə təcridxanasının otağında silinir.

Barəsində danışanlar deyir ki, Vaqif İsmayılov həmişə onunla bağlı şikayətlərin nəticəsiz qalacağını vurğulayır. Amma həm də bu şikayətlərin qarşısını almağa çalışır.

“Döyülən qadınlardan biri ailəsinə şikayət edib. Bu məsələ ilə bağlı rəisin qəbulunda olan həmin ailə üzvü gedən kimi Vaqif İsmayılov yenidən o qadın məhkumu döyüb karsa salıb”.

4 saylı CÇM-də saxlanılan şəxslər deyir ki, onlara telefon danışıqları ilə bağlı tapşırıq veriblər: “Telefonda müəssisədən şikayətlənməyin”. Ailələr deyir, zənglərin dinləndiyini bildikləri üçün qadın məhkumlar onlara edilən qeyri-insani rəftara susmalı olurlar.

“Şikayət ərizələri oxunur, telefonlar dinlənilir, heç kim ailəsinə şikayət edə bilmir. Ailələr də Vaqif İsmayılovdan şikayət etməkdən qorxur ki, bunun heyfini yaxınlarından çıxa bilər. Vaqif İsmayılov özü nəsə etməsə də, şikayətçi olan məhkumları başqa məhkumların əli ilə ilişdirib, “kars”a salır”.

Cəzaların İcrası Məcəlləsinə əsasən, tənbeh tədbirləri yazılı şəkildə CÇM müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Müəssisənin rejim qaydalarını pozan məhkumlara bu tənbeh tədbirləri tətbiq oluna bilər: 1) xəbərdarlıq; 2) töhmət; 3) qadın məhkumları on günədək müddətə cərimə təcridxanasına keçirmək. Məhkumların dediyinə görə isə Vaqif İsmayılov rəhbərlik etdiyi müəssisədə qadınları tez-tez cərimə təcridxanasına keçirməyi adi hala çevirib. Onlar çox vaxt xəbərdarlıq edilmədən, töhmət almadan hər şeyə görə karsa göndərilirlər. İkinci dəfə həbs edilib CÇM-yə gələn şəxslər karantin müddətləri bitən kimi “kars”a salınır. Məhkumlar deyir, tez-tez cərimə təcridxanasına göndərilmələri onların məhkəmədə vaxtından əvvəl azadlığa buraxılmalarına əngəl yaradır:

“Hamısı şəxsi işə qeyd olunur və məhkəməyə təsir edir. Vaqif İsmayılov tutarlı səbəb olmadan adamları “kars”a salır. Kiminsə yerişi xoşuna gəlmir, “kars” verir. Xalatın rəngi bir az fərqlənirsə, ya da düyməsi səhv bağlanıbsa, “kars” verir”.

Bütün bunlardan – döyülmələrdən, “kars”dan, alçaldıcı rəftardan qaçmaq istəyənlər də Vaqif İsmayılovun nəzərindən yayına bilmir. O, qorxudan kameralarından çıxmayan məhkumların qapılarından asdığı pərdəni söküb deyir: “Niyə çölə çıxmırsınız? Çıxın bayıra!”

Məhkumlar kameralarından çıxanda isə həm də addımbaşı korrupsiya ilə rastlaşırlar. İşləmək, başqa kameraya köçürülmək, əlavə telefon danışığı, videozəng, sovqatın keçirilməsi, görüş, tibbi yardım almaq – bütün bunlar üçün onların qarşısında “rüşvət divarı” ucalır. İmkanı nisbətən yaxşı olan məhkumlar bu “divarı” aşır. İmkansız məhkumlar isə “divarın” digər tərəfində qalır. Vaqif İsmayılov rəislik postuna geri qayıdandan dövlət müəssisəsinin otaqlarını icarəyə verib. Cəzaçəkmə müəssisəsində iş otaqları, iş masaları məhkumlara icarəyə verilir.

“Tikiş yeri ilə xalçaçılığa sahibkarlar sifariş verir deyə ordan icarə pulu alınmır. Gözəllik salonu ilə toxuculuq isə icarədir. Salonda 5 stol var, bir stol üçün məhkum işçidən 30 manat alırlar. Toxuculuqda bir iş stolunu 4 nəfər bölüşür. Bir stolun icarəsi 200 manatdır, adambaşı 50 manat. İcarə pulunu əvvəldən verməlisən. Pul verməyənləri geri qaytarmamaq şərti ilə işdən çıxarırlar. Qızların bəziləri borc alırlar ki, icarə pulunu verib işsiz qalmasınlar”.

Vaqif İsmayılov məhkumlardan müəssisənin təmiri üçün də pul toplamağa başlayıb. Qadınların əksəriyyəti maddi imkanlarına uyğun hər biri 20 manatdan 200 manatadək müxtəlif məbləğlərdə pul veriblər. Məhkumlar deyir, rəis korpus binalarındakı kameraların təmiri üçün pul verməyənləri peşə məktəbinin yataqxanası kimi ayrılan binaya köçürür. Bu binanın şəraiti korpus binasına nisbətən daha pisdir.

“Peşə məktəbinin binasındakı məhkumlardan hansısa təmir üçün pul verəndə onu korpusa köçürürdü. Təmir dedikləri emulsiya və əhəng vurmaqdır. Otaqda divar ovulub tökülübsə, ümumi 100 manat alırlar. Amma nəsə xarab olanda, məsələn, duş başlığı, şlanq və s. öz hesabımıza alırıq. Kimsə boş, yeni otağa öz seçdiyi adamlarla köçmək istəyirsə, 50 manat alırlar”.

Müəssisəyə pul daha çox görüşdən daxil olur, elə burdan da “aidiyyəti üzrə” paylanılır. Məhkumlarda nağd pul olmur, yaxınları görüşə gələndə pulun bir qismini onların müəssisədəki hesabına köçürür. Qalan hissəsi isə görüş yerinin işçilərinin vasitəsilə rüşvət istəyən əməkdaşlara ötürülür.

Elə görüş yerinin özü də məhkum ailələrindən ən çox rüşvət istənilən yerlərdən biridir. Məhkumlar deyir, pul verənlərlə verməyənlər arasında xeyli fərq qoyulur.

“Görüş açıq bazardır, gələnlərdən pul istəyirlər. Əməkdaşlar sovqat gətirənlərdən soruşurlar ki, sənin üçün “şmonu” (axtarış-baxış) necə edim? Ailələr 20-30 manat verirlərsə, sovqatı səliqəli yoxlayırlar. Pul vermirlərsə, sovqatdakı ərzaqları pis günə qoyurlar, məsələn, şirniyyatı parça-parça edirlər. Gətirilən sovqat çoxdursa, ya da görüşdə çox oturmaq istəyirlərsə, 40-50 manat verməlidirlər. Sovqatda bir əşyadan 2 ədəd varsa, əməkdaş deyir, birini saxlayıram, 15 gün sonra gələrsən. Bunun üçün 20 manat verməlisən. 50 manat verirsən, sənə gələn bağlamaya cihazdan baxırlar, pul verməyənlərin bağlamasını isə açıb yoxlayırlar”.

Qanuna əsasən, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. 4 saylı CÇM-də telefon otağı da məhkumların xərc çəkdiyi yerlərdən biridir. Pul verən məhkumlara hər gün bir neçə dəfə telefon danışığı verilir. Bunun üçün onların görüşünə gələnlər qapıdan aylıq 150-200 manat ödəyirlər. Qanuna görə, məhkumlar telefon danışığının yerinə videozəngdən istifadə edə bilər. Amma 4 saylı CÇM-də əməkdaşlar pul aldıqları məhkumlara ayda 3 dəfə 15-18 dəqiqə videozəng verirlər. Pul verməyənlər isə ayda bir dəfə videozəngdən istifadə edə bilir.

Məhkumların dediklərinə əsasən, rəis Vaqif İsmayılov müəssisədə başqa üsullarla da gəlir əldə edir. O, vəzifəyə gələndən sonra çörək bişirilən yeri bağlatdırıb, onu təndir çörəyi və şirniyyat bişirilən yerlə əvəz edib. Bunun üçün həmin yerə 2 ədəd təndir qoydurub.

“Təndir çörəyinin qiyməti 1 manat 20 qəpikdir. Bir günə təxminən 700-800 çörək sifarişi olur. Qazanclarını rəislə yarı-yarıya bölüşürlər”.

Vaqif İsmayılov ikinci dəfə 4 saylı CÇM-yə rəis kimi gələndə məhkumlara bu vəzifəyə müəssisəni “yığışdırmaq” üçün ədliyyə naziri Fərid Əhmədovun göstərişi ilə təyin edildiyini deyib. Onun təyinatından sonra 700-ə yaxın qadının saxlanıldığı bu müəssisədə məhkumlar yaradılan qorxu və cəza mühitindən qurtulmaq üçün ailələrinə yalvar-yaxar edib onları başqa yerə köçürmələrini istəyirlər. Onların bir hissəsi rəisin əvvəlki dövründən qalan yaraların izlərinin yeniləri ilə əvəz olunmasından qorxurlar.

 

Elnarə Qasımova

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dövlət müəllimə, valideyn isə repetitora pul ödəyirsə, məktəb kimə və nəyə lazımdır?

redaktor

Ağır əməliyyat keçirmis siyasi məhbusun dərhal həbsxanaya qaytarılması dəhşəti

redaktor

Kəndlinin həyətindəki toyuq da, inəyi də statistika deyil, onun dolanışığıdır!

redaktor