İsraildə qeyri-müəyyən siyasi vəziyyət davam edir. 27 oktyabrda keçirilən parlament seçkilərində nəinki heç bir partiya, heç bir seçkiqabağı blok mütləq üstünlük qazana bilmədi: 120 yerlik Knessetdə “Likud” partiyasının (Binyamin Netanyahu) rəhbərlik etdiyi ultrasağçı-dini blok 53, “Yaşar” partiyasının (Qadi Ayzenkot) rəhbərlik etdiyi sağçı blok 48, ərəb partiyaları bloku 19 yer qazandı. Hökuməti təşkil etmək üçün hər hansı partiya və ya blok azı 61 yer qazanmalı idi.
Vəziyyətin belə olacağı gözlənilirdi. Gözlənilməz olan ərəb blokunun tarixi rekord sayda mandat qazanması oldu. Yəni elə vəziyyət yaranıb ki, ərəb partiyaları ilə koalisiyaya girməyən partiya hökumət yarada bilməyəcək. Bunun üçün isə ərəblərə azı bir nazir postu vermək tələb olunacaq. İsrail əhalisinin 20%-dən çoxu ərəb olsa da, millətçi İsrail hakimiyyətində tarix boyu ərəb nazir olmayıb, ən yaxşı halda nazir müavini olub.
Prezident Herzoq hökuməti təşkil etmək üçün mandatı Ayzenkota verdi. Çünki yeni tərkibli Knessetdə Ayzenkotu 67, Netanyahunu isə 46 deputat dəstəkləydi (maraqlıdır ki, onun blokundan 2 deputat onu dəstəkləmədi). Beləliklə, hökuməti təşkil etmək üçün Ayzenkotun 28 gün vaxtı var. Bu müddət 6 dekabrda başa çatacaq. Sonra zərurət olarsa, bu müddət daha 14 gün artırıla bilər. Ayzenkot hökuməti təşkil edə bilməsə, nə baş verəcəyi barədə yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4537280606588015
Yeni hökumət təsdiq edilənə qədər Netanyahu baş nazir vəzifəsində qalacaq.
Sizcə, 6 dekabradək Netanyahu nə etməlidir? Ayzenkot hökuməti təşkil edə bilsə, Netanyahu vəzifəsi ilə vidalaşmalı olacaq və onun həbs edilməsi sürətlənəcək. Deməli, Netanyahu Ayzenkotun hökuməti yaratmasına imkan verməməlidir. Netanyahu da məhz bunu edir.
Hökuməti təşkil etmək üçün Ayzenkota azı 13 deputat mandatı çatışmır (xatırladıram ki, onlar seçkilərdə 48 mandat qazanıblar). Buna görə də o, seçkiqabağı Netanyahu bloku və ərəblərlə koalisiyaya girməyəcəyini söz versə də, onlarsız hökuməti təşkil edə bilməyəcəyi səbəbindən hazırda bütün partiyalarla danışıqlar aparır. Seçkilərdə ən çox – 27 yer qazanan “Likud” partiyası adından onun sədri Netanyahu bəyan edib ki, Ayzenkotla koalisiyaya girməyə hazırdır, lakin bu şərtlə ki, baş nazir özü olsun.
Göründüyü kimi, Netanyahu İsraili yox, özünü düşünür. Necə deyərlər, su meymunun boğazına çatanda balasını ayaqları altına qoyar.
Təbii ki, Ayzenkot Netanyahunun şərti ilə razı deyil. Digər partiyalarla ağır danışıqlar davam edir. Ərəblərlə sionistlərin bir hökumətdə necə birləşəcəyini təsəvvür edə bilməsəm də, 6 dekabradək gözləyək. İsraildə indi hər ağlagəlməz koalisiya yaradıla bilər.
İnandırıcı olmasa belə Netanyahu da qorxur ki, koalisiya yaradıla bilər. Düzdür, o müvəqqəti olacaq və bir il müddətində dağılacaq, nəticədə yeni parlament seçkiləri keçirilməli olacaq. Lakin belə koalisiyanın taleyi Netanyahunu maraqlandırmır, onun üçün vacib olan baş nazir postunu itirməməkdir. Buna görə də Netanyahu nəyin bahasına olursa olsun, vəziyyəti elə qarışdırmalıdır ki, Ayzenkotun hökumət təşkil etməyə heç bir şansı qalmasın.
Belə imkanı isə İrana qarşı yenidən genişmiqyaslı müharibəyə başlamaq və ona nüvə bombası atmaq verə bilər. İrana nüvə bombası atılarsa, sionizm xəstəliyinə tutulmuş israillilər üçün Netanyahu yenidən qəhrəmana çevriləcək. Bu səbəbdən Netanyahu az qala hər gün Trampa zəng edir və onu İrana qarşı yeni müharibəyə başlamağa, nüvə silahı işlətməyə təhrik edir. İsrail Ağ Evdəki bütün lobbisini də işə salıb ki, Trampa təzyiq göstərsinlər. Dünən “Mossad”ın rəhbəri Roman Qofman da eyni missiya ilə Vaşinqtona gəlib. O, MKİ-nin direktoru Redkliflə görüşdən sonra Mayamiyə gedəcək və orada Trampın ən yaxın adamlarından biri Stiv Uitkofla görüşəcək.
Tramp artıq İrana qarşı nüvə silahından istifadə etmək məsələsini Təhlükəsizlik Şurasında bir neçə dəfə müzakirə edib. Bu qərara ən çox etiraz edən JD Vensdir – belə qərar onun 2028-ci ildə prezidentlik iddiasının üstündən birdəfəlik xətt çəkər. Tramp Administrasiyasında bir çoxları ABŞ-ın nüvə zərbəsinə cavab olaraq İranın bütün dünya iqtisadiyyatını iflic edə biləcəyindən, İsrailə ağla gəlməyən zərbə vuracağından ehtiyat edərək, bu addımda tələsməməyi tövsiyə edirlər. Körfəz şeyxləri, Türkiyə və Pakistan da Trampı genişmiqyaslı müharibədən çəkindirir, iqtisadi blokadanın daha effektiv olduğunu bildirirlər.
Bəlkə də İranın iqtisadi blokadası effektivdir, lakin bu effektin nəticəsini görmək üçün ABŞ illərlə gözləməli və blokadanı saxlamaq üçün milyardlar xərcləməlidir. Netanyahunun isə bu qədər vaxtı yoxdur. Ona 6 dekabradək nə isə dəhşətli bir iş görmək lazımdır.
Aydındır ki, Tramp üçün İranla yenidən genişmiqyaslı müharibəyə başlamaq ağılsızlıq olardı – xüsusən də Konqresin demokratların əlinə keçdiyi və əhalinin 70%-nin hətta məğlubiyyət şərti ilə də olsa, İran müharibəsindən çıxmağın tərəfdarı olduğu bir şəraitdə. Netanyahu isə İrana nüvə zərbəsi endirməkdə təkid edir. Hətta İsraildəki Netanyahu əleyhdarları da yazırlar ki, Netanyahu hakimiyyətini saxlamaq üçün hər cinayətə getməyə hazırdır – Trampı razı sala bilməsə, o hətta ABŞ-sız da İranla müharibəyə başlaya bilər, hərçənd bu İsrail üçün ən ağır nəticələrə səbəb ola bilər.
İndi əsas sual budur: Netanyahunun əlində Trampın həm ABŞ üçün, həm də şəxsən Tramp üçün mənfi nəticələr törədəcək əməliyyata razılıq verməsəninə məcbur edə biləcək materiallar varmı və varsa, bunlar nə materiallardır?
