Siyasət

Eyni məqsədə xidmət edənlər… yaxud Ayının min oyunu..

Sosial şəbəkələrdə, konkret olaraq mənim ən çox istifadə etdiyim Facebook-da son 3 gündə nə müşahidə edirəm?

Əli Kərimlinin, Etibar Məmmədovun və Məhəmmədəmin Rəsulzadənin əleyhinə altdan-altdan təbliğat aparılır.

Birinə verilən Maqnitski mükafatının ermənipərəst qüvvələr tərəfindən dəstəkləndiyi və təşviq olunduğu, dolayısı ilə Kərimlinin də ermənilərə işlədiyi vurğulanır.

İkincinin, yəni Etibar Məmmədovun 1998-ci il prezident seçkilərindən sonra etiraz edən tərəfdarlarını meydanda qoyub qaçması ilə bağlı şərhli video paylaşılır.

Rəsulzadənin isə əmisi qızı olan həyat yoldaşı Ümmülbanunu 4 uşaqla Bakıda qoyub getməsi, Avropada Vanda adlı polyak qızı (Polşa diktatoru Pilsudskinin yaxın qohumu) ilə evlənməsi, həmin vaxt oğlu Rəsulun repressiyaya məruz qalaraq güllələnməsi, digər ailə üzvlərinin Qazaxıstana sürgün olunması, orada aclıqdan və soyuqdan ölmələri, itkin düşmələri haqda tarixi faktlara “məsumanə şəkildə” işıq salınır.

Hətta Ümmülbanunun yeganə fotosuna süni intellektlə effekt verilərək qəşəngləşdirilir ki, marginal kütlə onu Vanda ilə müqyisə edərkən Rəsulzadəyə haqq qazandıra bilməsin.

Eyni vaxtda Gəncə şəhərindən olan gənc deputat Naqif Həmzəyevin deputatların heç bir səlahiyyətinin olmaması, seçicilər qarşısında rəzil duruma düşmələri, əyalət insanının problemlər içində boğulması haqda parlament komissiyasındakı tənqidi çıxışı tirajlanaraq, onun qəhrəman obrazı yaradılır və çoxluq təbii olaraq bunu müsbət qarşılayır.

Təsadüfdürmü? Əsla!

Əvvəla, Rəsulzadə, Etibar Məmmədov, Əli Kərimli haqqında mənim də yetərincə tənqidi yazılarım, çıxışlarım olub və bu çıxışları edərkən məqsədim müstəsna olaraq həqiqətlərə işıq salmaq, Azərbaycan xalqının maraqlarına xidmət etmək olub.

Ancaq bu məsələlərə görə məni qınayanlar, hakimiyyətə yarındığımı söyləyənlər, yazanlar olub.

Reallıqda isə məhz bu mövqeyimə görə elə həmin bu hakimiyyətə bağlı müəyyən strukturlar, qurumlar, şəxslər tərəfindən təzyiqlərə məruz qalmışam.

Məsələn, tarixçi Aydın Balayevin rus dilindən tərcümə etdiyim “Мамед Амин Расулзаде” kitabı TEAS PRESS nəşriyyatı tərəfindən əlimdən alınıb və mənimlə əməkdaşlığa son qoyulub. Günahım o olub ki, Aydın Balayevin kitabında yer alan bəzi tarixi faktları sosial şəbəkədə paylaşmışam. Yəni nə artırmış, nə əksiltmişəm. Sitatları sadəcə kitabı təbliğ etmək üçün paylaşmışam.

Amma mənə deyiblər ki, oxucu bəlkə də o faktlara o qədər də diqqət etməyəcəkdi, amma sən bunları paylaşmaqla “dəlinin yadına daş salır”, camaatı ayıldır və Rəsulzadəni nüfuzdan salırsan.

Qulu Məhərrəmli Aydın Balayevi öyrədib mənə qarşı qoydu və kişi qorxusundan az qaldı yazdıqlarından imtina etsin.

Yəni tərcümə etdiyim kitabdan sadəcə sitat paylaşdığıma görə hakimiyyətə yaxın üç subyekt mənə qarşı birləşdi və məni işsiz qoydu.

Halbuki, Rəsulzadəni təhqir edən adam – Naqif Həmzəyev illərdin MM-də oturur, yüksək maaş alır və ona gözün üstə qaşın var deyən yoxdur. İndi də hökumət mirzələri onu təbliğ edir. Onlardan biri də bu yaxında mənə işsiz qaldığıma görə “dilənçi” yarlığı yapışdırmağa çalışan Samir Feyruzov adlı təxribatçı jurnalistdir.

Xatırladım ki, TEAS PRESS nəşriyyatının sahibi FH naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərovdur.

Əli Kərimlinin Azərbaycan siyasətində oynadığı gerçək rol, bu rolun əsl mahiyyəti haqqında yazdığım yazılara görə, mənə “dostyana” xəbərdarlıq və tövsiyələr olunub ki, ağrımayan başına dəsmal bağlama. Bunlar dərin məsələlərdir və çox qurdalasan qurd çıxacaq.

Etibar Məmmədovun və ona bənzərlərin 20 Yanvar hadisələrində oynadığı təxribatçı rol haqqında bir TV proqramında dediyim bir neçə kəlməyə görə məni əbədi olaraq efirə həsrət qoymaqla cəzalandırıblar.

Ancaq indi nə görürük? Rəsulzadəni kobud formada təhqir edən, alçaldan bir adamdan qəhrəman düzəldilməyə cəhd edilir.

Nə oldu ki, illərlə ağzına su alan, heç bir problemdən danışmayan deputatı birdən-birə xalqın problemləri maraqlandırmağa başladı? Birdən-birə yadına düşdü ki, heç bir səlahiyyəti yoxdur və seçicilər qarşısında arqumçentsiz qalmaqdan utanır.

Qardaş, səlahiyyətin yoxdur, qoy o mandatı çəkil kənara. Onsuz da gənc yaşında kimlər tərəfindənsə irəli verilərək, saxta seçkilər vasitəsilə mandat qazanmısan.

İllərdir əsl millət vəkilliyinə layiq adamların yerini tutaraq, dövlətin büdcəsindən maaş alırsan və heç bir problem də qaldırmamısan.

Bunları etiraf et, çəkil kənara, biz də deyək ki, kişi səhvini başa düşdü.

Yox, bunlar olası deyil. Bu adamlar bizim yerimizi boş yerə tutmayıblar. Bunlar bizim düşüncələrimizi, ideyalarımız oğurlayıb, özümüzə qarşı istifadə etməkdə axıracan israrlıdırlar.

Hər şeyin ağası, sahibi, müəllifi də bunlardır. Bütün ideyalar bunlarındır və dədə-babalarından qalıb.

Onsuz da hamısı eyni məqsədə xidmət edir. Rəsulzadəsi də, Etibar Məmmədovu da, Əli Kərimlisi də, Naqif Həmzəyevi də…

Bircə bu həqiqəti bu xalqa başa sala bilsəydik, rahatca ölüb gedərdik…

Ağlınız olsun, ay camaat, quzu cildinə girmiş qurdlara aldanmayın…

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Rusiyaya olar, Qərbə yox? Və ya Putinin başı necə getdi?

redaktor

İsraildə hökumət böhranı və Netanyahunun son oyunu

redaktor

Növbəti “Tramp danışıqları” nəticəsi nə oldu?

redaktor