CəmiyyətTəhsil

Dövlət müəllimə, valideyn isə repetitora pul ödəyirsə, məktəb kimə və nəyə lazımdır?

Azərbaycanda orta təhsil sisteminin vəziyyəti artıq ciddi müzakirə tələb edir. Şəxsi müşahidələrim, övladlarımın və ətrafımdakı insanların uşaqlarının təhsil təcrübəsi əsasında gəldiyim qənaət budur ki, orta məktəblər özlərinin əsas funksiyası olan təlim-tədris və tərbiyədən uzaqlaşaraq, qeyri-ixtisas fəaliyyətlərinə, tədbirlərin təşkilinə, bayramlara hazırlığa, təqdimatlara və görüntü xarakterli işlərə resurs sərf edirlər.

Bu gün şagirdlərin böyük hissəsi məktəbə bilik və bacarıq əldə etməkdən daha çox, formal təhsil sənədi almaq məqsədilə gedir. Müəllimlərin də mütləq əksəriyyəti məktəbdə dövlət əməkhaqqı müqabilində həyata keçirməli olduğu tədris fəaliyyətini göstərməki olduöu halda, eyni şagirdlərə repetitor kimi əlavə ödəniş müqabilində dərs keçir. Beləliklə, dövlət müəllimin əməkhaqqını, məktəbin saxlanılmasını, binasını, avadanlıqlarını və inzibati xərclərini maliyyələşdirir, valideyn isə övladının real təhsil alması üçün əlavə vəsait xərcləməyə məcbur qalır.

Bu, mahiyyət etibarilə eyni təhsil xidmətinin iki dəfə maliyyələşdirilməsi deməkdir. Valideyn məktəbə getmək üçün nəqliyyat, qidalanma, geyim və digər gündəlik xərcləri ödəməklə yanaşı, uşağının bilik əldə etməsi üçün repetitor xidmətinə də pul ayırır. Nəticədə dövlət büdcəsi məktəbi və müəllimi saxlayır, ailə isə faktiki təhsil xərcini yenidən öz üzərinə götürür. Demək, dövlətin maliyyələşdirdiyi orta məktəbin real funksiyası və ictimai faydası sıfırlanıb.

Digər tərəfdən, dövlət büdcəsindən əməkhaqqı alan, rəsmi müəllim statusuna malik şəxslərin repetitor fəaliyyəti ayrıca hüquqi və institusional tənzimləmə tələb edir. Məktəbdə dövlət hesabına dərs deməli olan müəllimin əsas vəzifəsini formal icra edib, eyni zamanda ödənişli hazırlıq fəaliyyəti ilə gəlir əldə etməsinin qarşısı alınmalı, müəllim əməyinin qiymətləndirilməsi şagirdlərin real bilik göstəriciləri və tədris nəticələri ilə əlaqələndirilməlidir. Müəllimin əməkhaqqı və peşəkar qiymətləndirilməsi yalnız dərs saatlarının formal hesablanmasına deyil, tədrisin keyfiyyətinə və nəticələrinə əsaslanmalıdır.

Məktəblərdə kişi müəllimlərin sayının azlığı da təsadüfi deyil. Müəllim əməyinin aşağı qiymətləndirilməsi, əməkhaqqının ailənin maddi təminatına kifayət etməməsi və peşənin ictimai nüfuzunun zəifləməsi bu sahənin kişilər üçün cəlbediciliyini azaldan əsas amillərdəndir. Bu isə təhsil sistemində sosial və peşəkar tarazlığın pozulmasının göstəricilərindən biridir.

Artıq inkar etmək olmaz ki, orta məktəblərin həm dövlət büdcəsi, həm də valideynlər üçün paralel ağır maliyyə yükünə çevrilib. Yeri gəlmişkən Maliyyə Nazirliyi də onsuzda da büdcə xərclərinə “qənaət” axtarır.

Əgər valideyn övladının təhsilini faktiki özü verir, maliyyələşdirirsə və məktəb yalnız formal davamiyyətlə təhsil sənədinin verilməsini təmin edirsə, onda indiki orta məktəblərin “mövcudluğuna” nə ehtiyac var?

Əsas sual budur: Dövlət məktəbi və müəllimi saxlayır, məktəb isə şoü-tamaşa təyinatlı sistemə çevrilibsə, valideyn də uşağını repetitor vasitəsilə oxutdurursa, bu halda orta məktəb kimə və nəyə xidmət edir?

 

Vüqar Dadaşov

Tacxeber.com

Oxşar xəbərlər

Ağır əməliyyat keçirmis siyasi məhbusun dərhal həbsxanaya qaytarılması dəhşəti

redaktor

Kəndlinin həyətindəki toyuq da, inəyi də statistika deyil, onun dolanışığıdır!

redaktor

Vicdanın səsi boğulmamalıdır

redaktor