CəmiyyətHadisəSiyasət

“Meclis.info işi” üzrə hökm çıxarılıb: İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib

“Meclis.info işi” üzrə təqsirləndirilən platformanın rəhbəri İmran Əliyev 10 il, ictimai fəal Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə digər təqsirləndirilən Tamella Musayevaya 4 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib.

Hökm noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda elan olunub.

İstintaq və məhkəmə dövründə polis nəzarətində olan Elgiz Qəhrəman hökm elan edildikdən sonra məhkəmə zalındaca həbs olunub. Məhkəmə onun əvvəllər də məhkum edildiyini əsas götürərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib.

Prosesdə əvvəlcə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Ardınca hakimlər müşavirəyə gedib və qayıtdıqdan sonra hökmü elan ediblər.

Noyabrın 2-də keçirilən prosesdə dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın 11, Tamella Musayevanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmin iclasda müdafiə çıxışları edən vəkillər ittihamların əsassız olduğunu, təqsirləndirilən şəxslərin cinayət törətməsinə dair mötəbər sübutların təqdim edilmədiyini bildirərək hər üç şəxsə bəraət verilməsini istəyiblər.

Rəsul Cəfərov: “17 cildlik işdə cinayət əməlinə dəlalət edən sübut yoxdur”

İmran Əliyevin vəkili Rəsul Cəfərov müdafiə çıxışında bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığından iş ümumiyyətlə məhkəmə araşdırmasına çıxarılmamalı idi.

“Bizə 17 cildlik bir cinayət işi daxil olub, çox sayda materiallar var, bank hesablarından çıxarışlar və sairə. İlk növbədə onu qeyd edim ki, materialların cildləri yığılaraq vahid hala salınması bu ittihamın əsaslı olmasına dəlalət edə bilməz. Həmin materiallar ilk növbədə qiymətləndirilməlidir. Mən sizə tam əminliklə deyirəm ki, həmin 17 cilddə sənəd-sübut kimi təqdim edilən materialların heç biri nəticə etibarilə hər hansı bir cinayət əməlinə dəlalət etmir”, – deyə vəkil bildirib.

Rəsul Cəfərovun sözlərinə görə, İmran Əliyev ictimai təşəbbüslə çıxış edərək “meclis.info” domenini alıb və fəaliyyətə başlayıb. Lakin sonradan istintaq onun ictimai fəaliyyətini cinayət kimi təqdim edib:

“Şəxs ictimai fəal olaraq təşəbbüslə çıxış edib, “meclis.info” adlı domen alıb. Yeri gəlmişkən, sənədlərə baxanda hər yerdə qeyd olunub ki, bu, dövlət qeydiyyatına alınmayan təşkilatdır. Domen necə qeydiyyata alınmalıdır? Bu adam hər kəsin ala biləcəyi açıq resurslardan domen əldə edib və qeyd etdiyim təşəbbüslə çıxış edib. Müəyyən fəaliyyət göstərdikdən sonra hədəfə gəlib. Bunun nəticəsində də ibtidai istintaq orqanı şəxsin həmin dövrdə göstərdiyi fəaliyyətini süni yoxlanan, şəxsi-subyektiv mülahizələrlə kriminallaşdırıb”.

Vəkil İmran Əliyevin həbsini 2023-cü ilin noyabrından Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı başlanan repressiya dalğası ilə əlaqələndirib.

“İmran Əliyev 2023-cü ilin noyabrından başlayan repressiya dalğasının nəticəsində həbs olunan şəxslərdən biridir. Yeri gəlmişkən, ittiham özü də bunu əlaqələndirib. İttihama fikir versəniz, şəxsə ilkin ittihamlar “Abzas Media” adlı media orqanının əməkdaşları ilə guya mütəşəkkil dəstə üzvlüyü yönündədir. Sonradan həmin media orqanının işi ayrılaraq məhkəməyə göndərilib, İmranın da işini ayırıblar. Sonradan bu işə daha iki nəfər təqsirləndirilən şəxs də əlavə edərək iddia ediblər ki, mütəşəkkil dəstədir”.

Rəsul Cəfərov bildirib ki, ittiham tərəfi üç nəfərin hansı şəraitdə birləşərək cinayət törətməsi barədə konkret fakt ortaya qoymayıb:

“Bu şəxslərə münasibətdə hansı fəaliyyətlər, harada, hansı qaydada kommunikasiyalardan istifadə edilməklə bu birliyin yaradılmasına dair sövdələşmə, birlik yaradılandan sonra onların bölgüsü və fəaliyyəti barədə nəinki sübut, heç hallar belə göstərilməyib. Yəni, yalandan da olsa deyilmir ki, bu üç nəfər hansı formada cinayətkar sövdələşmə əldə ediblər və həmin sövdələşməyə uyğun olaraq mütəşəkkil dəstə formalaşdırıblar”.

Vəkil qaçaqmalçılıq ittihamının da heç bir sübuta əsaslanmadığını deyib. Onun sözlərinə görə, istintaq İmran Əliyevin xarici ölkələrə səfərlərini və evindən 7700 ABŞ dolları tapılması iddiasını qaçaqmalçılığa dəlil kimi təqdim edib.

“Bir insanın ölkədən çıxıb sonra geri qayıtması sübut xarakteri daşıya bilməz. Əgər həmin səfərlərin hansısa biri ilə bağlı konkret faktlar göstərilsəydi, biz də ona uyğun müdafiəmizi edərdik. Sadəcə adamlar deyirlər ki, əldə etdikləri məlumata görə, şəxs 4-5 il ərzində müəyyən sayda ölkədən çıxıb və bu səfərlərin birində qaçaqmalçılıq edib. Sadəcə deyirlər Dövlət Sərhəd Xidmətindən məlumat almışıq, amma bu məlumatlarda heç nə yoxdur. Onda belə çıxır ki, hər ölkədən çıxan şəxs potensial qaçaqmalçılıq cinayətinin subyektidir?”

Rəsul Cəfərov İmran Əliyevin 7700 dolların ona məxsus olmasını təkzib etdiyini, hətta bu vəsaitin müvəkkilinə aid olduğu sübut edilsə belə, pulun gömrük sərhədindən qanunsuz keçirilməsinə dair hər hansı faktın olmadığını vurğulayıb.

O, qeydiyyata alınmamış qrantlarla bağlı ittihama da münasibət bildirib:

“Qrant vəsaitinin alınması cinayət deyil. Hətta qeydiyyatsız alıbsa da, bu da cinayət məsuliyyəti yaratmır. Çünki İnzibati Xətalar Məcəlləsində konkret maddə var və həmin maddədə qrant qeydiyyatı qaydalarının pozulması inzibati xəta kimi qəbul edilir”.

Vəkil çıxışının sonunda İmran Əliyevə bəraət verilməsini istəyib.

Pərviz Hacıyev: “Elgiz Qəhrəmanın hansı cinayəti törətdiyi bizə də qaranlıq qalıb”

Elgiz Qəhrəmanın vəkili Pərviz Hacıyev isə bildirib ki, məhkəmə araşdırması zamanı müvəkkilinin təqsirliliyini təsdiqləyən heç bir mötəbər sübut ortaya qoyulmayıb.

“Bir ildən artıqdır davam edən müddətdə müvəkkilim Elgiz Qəhrəmanın təqsirliliyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Müvəkkilim istintaq zamanı da verdiyi ifadəsində özünü təqsirli bilməyib, sadəcə qeyd edib ki, İmranı uzun müddət tanıyıb, onunla dostluq münasibətləri olub. Onun xahişi ilə bir neçə dəfə müəyyən dataların hazırlanmasında mütəxəssis kimi iştirak edib. Lakin İmranın rəhbərlik etdiyi heç bir qeyri-hökumət təşkilatı, qurumun fəaliyyətində yaxından-uzaqdan iştirakı olmayıb”.

Vəkil qeyd edib ki, məhkəmədə dindirilən şahidlər Elgiz Qəhrəmanı yalnız müxtəlif məclislərdən, kafe və restoranlardan tanıdıqlarını bildiriblər. Onların ifadələrində müvəkkilinin hər hansı cinayətdə iştirakını göstərən məlumat olmayıb.

“Müvəkkilimə elan olunan ağır maddələr, xüsusilə 206.4-cü maddə üzrə məhkəmə iclasında bir dənə də olsun sübut görmədik. Bizə indiyə qədər qaranlıq qalıb ki, Elgiz Qəhrəman nə törədib ki, hazırda bu məhkəmə iclasındadır?! Hesab edirik ki, iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müvəkkilimin qeyd olunmuş maddələr üzrə iştirakını təsdiq edən heç bir mötəbər sübut yoxdur”.

Pərviz Hacıyev mütəşəkkil dəstə ittihamının da süni şəkildə yaradıldığını bildirib:

“Burada mütəşəkkil dəstə anlayışı süni şəkildə formalaşdırılıb. Guya Elgiz Qəhrəman Musayev Tamella və İmranla birlikdə mütəşəkkil dəstə halında hansısa cinayət törədiblər, lakin bunu təsdiq edən heç bir şahid ifadəsi, heç bir sənəd-sübut məhkəmə araşdırmasında nə araşdırıldı, nə elan olundu. Hətta şahidlər ifadə verəndə onlara nə sual verəcəyimizi bilmirdik. Çünki adamların verdikləri ifadələrin Elgizin cinayətini sübuta yetirilməsi ilə heç bir əlaqəsi yox idi”.

Vəkil məhkəmədən Elgiz Qəhrəmanın barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsini və ona bəraət verilməsini istəyib.

Nurlan Məmmədov: “ABŞ Səfirliyindən bir nəfər dindirə bilməyən istintaq arxası-dayağı olmayan bir xanıma 6 maddə ilə ittiham verir”

Tamella Musayevanın vəkili Nurlan Məmmədov müdafiə çıxışında istintaq zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyini bildirib.

Onun sözlərinə görə, Tamella Musayeva istintaq dövründə yalnız bir dəfə şahid qismində dindirilib. Bir il sonra isə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub və 16 cildlik iş materialları ilə tanış olmaq üçün ona cəmi bir gün vaxt verilib.

Vəkil ittihamın məzmununda da ciddi ziddiyyətlər olduğunu deyib:

“Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərara baxsaq, üçünün də məzmunu nöqtə-vergülünə qədər eynidir. Cəlb qərarını oxuyanda anlamaq olmur ki, mütəşəkkil dəstənin başçısı kimdir, üzvləri kimdir və bunların fəaliyyəti nədən ibarət olub. Üç təqsirləndirilən şəxs haqda qərarı oxuyanda görürsən ki, İmran da burada dəstə başçısıdır, Tamella da, Elgiz Qəhrəman da”.

Nurlan Məmmədov bildirib ki, müvəkkili 2021-ci ilin iyulundan 2022-ci ilin fevralınadək təxminən 6-7 ay ərzində “Meclis.info” platformasına mühasibatlıq xidməti göstərib. Onun işi ABŞ-nin Azərbaycandakı səfirliyindən platformanın Azərbaycan Beynəlxalq Bankındakı (ABB) hesabına köçürülmüş 19 min dollar üzrə dövlət tutulmalarının və dörd əməkdaşın əməkhaqqının hesablanmasından ibarət olub.

Vəkilin sözlərinə görə, Tamella Musayevanın adı yalnız bu maliyyə əməliyyatı ilə bağlı epizodda çəkilir. Buna baxmayaraq, o, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılmasında və qanunsuz sahibkarlıqda ittiham olunur.

“Əvvəla onu deyim ki, bu pul ABŞ-nin Azərbaycandakı səfirliyindən ABB-də olan bank hesabına köçürülüb. Əgər bu, cinayət yolu ilə əldə olunmuş əmlak idisə və leqallaşdırılırdısa, Beynəlxalq Bank niyə şübhəli əməliyyat kimi qiymətləndirməyib, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etməyib, Mərkəzi Banka müraciət etməyib? 2000 dollar xidmət haqqı da tutub”.

Vəkil bildirib ki, istintaq pulun cinayət yolu ilə əldə olunduğunu iddia etsə də, vəsaiti göndərən ABŞ səfirliyinin heç bir nümayəndəsi dindirilməyib.

“Səfirlikdən bir nəfər nümayəndə şahid qismində dindirilməyib ki, bu pul necə cinayət yolu ilə əldə olunmuş əmlakdır? Bunun mənbəyi nədən ibarətdir?”

Nurlan Məmmədov qaçaqmalçılıq ittihamının da əsassız olduğunu söyləyib. Onun sözlərinə görə, Tamella Musayeva həyatında yalnız bir dəfə müalicə məqsədilə Türkiyəyə gedib, İmran Əliyevlə birlikdə heç bir xarici ölkədə və beynəlxalq tədbirdə iştirak etməyib.

“Yaxşı, Tamella Musayevanın qaçaqmalçılıq cinayətində rolu nədən ibarətdir? İmran Əliyev ölkəyə qaçaq pul gətiribsə, müvəkkilimin rolu nə olub burada? Adam mühasibdir. Ölkənin sərhədlərindən qanunsuz pul keçiriləndə Tamella Musayeva kimə kömək edib? Pulu o keçirib, kuryer fəaliyyəti ilə məşğul olub, yaxud Dövlət Gömrük Xidmətinin əməkdaşlarının qarşısını alıb?”

Vəkil bildirib ki, iş üzrə dindirilən şahidlərin heç biri Tamella Musayevanı tanımadığını və onunla əlaqəsinin olmadığını deyib. Buna baxmayaraq, o, mütəşəkkil dəstənin üzvü kimi təqdim edilib.

Nurlan Məmmədov müvəkkilinin saxta sənəd hazırlamaqda ittiham edilməsinə də etiraz edib. Onun sözlərinə görə, istintaq Tamella Musayevanın adına tərtib olunmuş əməkhaqqı cədvəlindəki imzanın saxta olduğunu iddia edir, halbuki həmin imzanın ona məxsus olmadığı bildirilir.

Vəkil çıxışında Musayevanın saxlanılma şəraitindən də danışıb. Onun sözlərinə görə, müvəkkilinə guya müsabiqədə qalib gəldiyi bildirilərək mağazaya dəvət edilib, oraya çatanda isə polis əməkdaşları onu saxlayıb.

Nurlan Məmmədov Tamella Musayevanın valideyn himayəsindən məhrum böyüdüyünü, birinci qrup əlilliyi olduğunu və səhhətində ciddi problemlər yaşadığını xatırladıb.

“Bir ildən artıq istintaq aparıblar. İstintaqın sonunda baxıblar ki, bu, maliyyə cinayətidir axı,amma maliyyə işləri görən adam yoxdur. Başlayıblar 16 cildlik işi vərəqləməyə. Kim çıxıb ortaya? Uşaq vaxtı valideyn himayəsindən məhrum olan, uşaq evində böyümüş, 1-ci qrup əlil, əlinin birini istifadə edə bilməyən biri. Heç kimi tapmayıblar, Tamella Musayevaya ittiham veriblər. Dövlət ittihamçısı onun 10 il azadlıqdan məhrum edilməsini istəyir. Heç kimi yoxdur bu insanın. Bunun haqqını kim verəcək? ABŞ səfirliyindən bir nəfər dindirə bilməyən istintaq arxası-dayağı olmayan bir xanıma 6 maddə ilə ittiham verir”.

Vəkil Tamella Musayevanın əməlində cinayət tərkibi olmadığını bildirərək ona bəraət verilməsini istəyib.

“Meclis.info işi”

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin qaçaqmalçılıqla bağlı 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham irəli sürülüb. Sonradan ittihamların dairəsi genişləndirilib.

Elgiz Qəhrəman və Tamella Musayeva isə 2025-ci ilin fevralında bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunublar. Hər iki şəxs barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Ümumilikdə hər üç şəxsə Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “Meclis.info işi”ni siyasi motivli hesab edirlər. (AbzasMedia)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ermənistan – Cənubi Kipr oyununda kiprli azarkeşlər “Kıprız unudulmur, artsax unudulmur” plakatı açıblar

admin

Zelenski ABŞ-Rusiya danışıqlarından sonra müharibənin bitməsinə ümid edir

redaktor

Avropadan “Müsəlman Qardaşları” şəbəkəsinə zərbə

redaktor