CəmiyyətDinDünyaTəhsil

Hicab və digər adi dini qaydalardan radikal islamın, ekstremizmin sui-istifadə planları…

Məktəblərdə hicabın qadağan edilməsi ilə və buna müqavimətlə bağlı proseslər oldu. Onu deyim ki, bütün postsovet türk ölkələrindəki məktəblərdə hicabın qadağan edilməsi tam uyğundur. Üstəlik, burada məsələ məktəbli formalarından daha xüsusi ciddidir… Niyə?

Məktəb dünyəvi dövlətin, öz prinsipləri və öz ideologiyası üzrə təşkil və təmin etdiyi tədris müəssisəsidir. Dünyəvi tipli dövlət də məktəbli formasının bu təhsilin dünyəvi təbiətinə uyğun olmasını tələb edir və dini geyimsə buna daxil deyil (eləcə də məktəbə uyğunsuz açıq-saçıq).
Necə ki, dini dövlət öz məktəbində dünyəvi yox, dini geyim tələb edir, etiraz edən olmur. Hər tip dövlətin öz mahiyyətli tələbi var. Məsələ budur.

Əsil problem nədədir bəs?

Problemsə ondadır ki, dini radikallar (dağıdıcı, qırıcı, ekstremizmə və terrora meylli dindarlar) tərəfindən dünyəvi məkanın (cəmiyyətin) ələ keçirilməsi demək olar, heç vaxt hakimiyyətin təhvil verilməsi qəti tələbi ilə başlanmır. Əgər, bu hərəkat dövlətin strukturunu dəyişdirməyə məqsədlidirsə, əvvəlcə bu radikalizmin özünə qarşı ictimai münasibəti dəyişdirmək strateji planını qurur. Adi normal, yumşaq din adı ilə.

Dünən müəyyən bir dini adi norma tamamilə qəbuledilməz hesab olunurdu. Bu gün onlar sadəcə olaraq, xüsusi bir istisna kimi, buna icazə verməyi təklif edirlər. Sabah isə, belə normaya əməl edənlərin seçiminə də hörmət tələb edirlər. Əks halda dövlətə qarşı hiyləgər irad başlayır: niyə demokratiya azadlıq deyən bir dövlət onların bu inanclarını nəzərə almır?

Beləcə, belə güzəştlərlə bir neçə ildən sonra, dini qaydalar tədricən və heç hiss edilmədən cəmiyyətə yeridilir, artırılaraq da genişləndirilir. Və elə bir vaxt gəlir ki, dövlətin əvvəlki dünyəvi qaydanı qorumaq cəhdi artıq qaydasızlıq kimi görünməyə başlayır və qaytarmaq dövlət üçün əziyyətə çevrilir. Və cəmiyyət eyni qalmış kimi görünür, dövlətin qanunları da, formal olaraq eynidir, amma başlanğıc nöqtəsi artıq dəyişib.

Bir misal. Ortancıl oğlum deyir: bizim 245 N-li məktəbdə, mən bitirdiyim 2014-15-də yalnız bir qız hicab taxırdı, o da çeçen qızı idi. Hamı ona təəccüblə baxırdı. Deyir, indi həmin məktəbdə hicablılar xeylidir və müəllimələr də. 10 il əvvəl müəllimə hara, hicab hara, özləri məcburən də taxmazdı, bu gün həmin müəllimə deyir, işimi ataram, hicabı buraxmaram. Bax, belə yeridilir bu məqsəd, planlı olaraq cəmiyyətin içərisinə.

Burada əsas məqam nədir…

Burada əsas məqam isə budur ki, əksəriyyət radikal olanda radikalizm qalib gəlmir. Buna heç, ehtiyac belə yoxdur. Əksəriyyətin radikal tələbli düşüncələrə öyrəşməsi də kifayət edir.

Və burada başqa bir köhnə siyasi mexanizm, metod da işləyir. Kəskin radikalların yanında “mülayimlər” paralel irəli buraxılır ki, həmişə xüsusilə inandırıcı görünürlər. Biri həyatın, ölkənin mühitinin dini normalara tam tabe edilməsini kəskin tələb edir, digəri isə deyir: yox, biz yalnızca (hələ ki) müəyyən bir geyim əşyasına məktəbdə icazə verilməsini istəyirik.

Və birincisi ilə müqayisədə bu ikincisi əslində olduqca ağlabatan görünür. Dövlət də onunla danışmağa başlayır, belə kiçik məsələlərdə güzəştə gedir. Və hətta, dövlət orqanları onu ekstremistlərə qarşı tarazlaşdırıcı amil hesab edir. Yalnız, hər belə güzəştdən sonra xətt bir qədər dəyişir. Bir müddət sonra mülayimlərin dünənki tələbi artıq sanki bir qanuni norma hesab olunur və mülayimlər növbəti tələblər irəli sürürlər, radikalların “alt” göstərişi üzrə.

Bu taktika üzrə də, siyasi radikalizm həmişə dövlətə qarşı hücum etmir. Ona hissə-hissə girmək daha tutarlı, həm təsirli olur. Əvvəlcə ictimai müzakirə. Sonra məktəb. Sonra isə, dövlət qurumlarına tələblər gəlir. Daha sonra dini əsaslarla ümumi qaydalarda istisnalar. Daha sonra, xüsusilə dini qüvvə kimi siyasi təmsilçilik tələb edən kifayət qədər geniş və yaxşı təşkil olunmuş bir güclü mühit yaranır.

Sonra isə, vacib bir şey baş verir: dini qrup dövlətdən onun daxili işlərinə qarışmamağı xahiş etməyi dayandırır və tələblə dövlətin özünə müdaxilə etməyə başlayır. Artıq, fərdin dini geyim məhdudiyyətlərinə riayət etmək hüququ ilə deyil, artıq ümumi qaydaların dini məzmunu ilə maraqlanır: Nə öyrədilə bilər. Qadın necə görünməlidir. Nəyi göstərmək məqbuldur. Nələr təhqiramiz hesab olunur. Hansı ailə normaları düzgün hesab olunur. Hansı qanunlar inancla ziddiyyət təşkil edir. Artıq çatır dövlətin, cəmiyyəti yönləndirmə həddinə. Radikal islamçı dindarlığın siyasi proqrama çevrildiyi yer mühit məsələ budur.

Və gerisi də var…

Bu metod, mütləq dövlət çevrilişi tələb etmir. Müasir dövlətdə hakimiyyət daha dinc yolla əldə edilə bilər: ictimai təşkilatlar və vəzifəli şəxslərə təzyiq, seçki səfərbərliyi, parlament, yerli özünüidarəetmə orqanları və dünyəvi idarəetməyə istisnaların daim yeridilməsi ilə genişləndirilməsi yolu ilə. Və müəyyən dövr dövlət hələ də özünü dünyəvi adlandırır, lakin artıq öz qərarlarını mütəşəkkil dini mühitin tələblərinə uyğun ehtiyatla sınama gözləmə yönündə qəbul etmək məcburiyyətində qalır.

Və ən təhlükəli mərhələ isə, dünyəvi dövlət özünü dini kəsim qarşısında doğrultmağa başladığı zaman baş verir. Artıq “Bizdə bu ümumi qayda var” deyilmir. Belə qanun ya qaydanın guya dindarlara qarşı yönəlmədiyi, kompromis axtardığını, ya istisnalar etdiyini izah edir, ya geri çəkilir. Digər radikal tərəfsə belə hər geri çəkilməni son kompromis kimi deyil, yeni başlanğıc mövqei kimi qəbul edir. Yəni, radikalizmin-həyasızlığın mahiyyətidir: sonsuzluğa qədər sökənəcən tələb etməkdir.

Yekun isə əslində çox sadədir. Dünyəvi dövlət fərdlərə öz dini inanclarına uyğun davranmaq hüququnu təmin edir. Dini dövlətsə başqalarını bu inanca ümumi qaydaların əsil mənbəyi kimi əməl etməyə məcbur etməyə başlayır… Bu iki dövlət növü arasında nadir hallarda xüsusi bir sıçrayış ya kəskin çevriliş olur. Adətən, onların arasında qəbul edildiyi an hərəsi əhəmiyyətsiz görünən uzun bir, adicə kiçik güzəştlər zənciri yerləşir. Yekunda, bu zəncir ilan kimi tədricən və sakitcə sürünərək, o ölkəni çevrilişə gətirir.
İran İslam rejiminin yaranma prosesi ilə eyni. Bəzi ölkələrdə də belə gedişat müşahidəlidi.

 

İlqar Altay

Tacxeber.com.

Oxşar xəbərlər

İranın vitse-prezidenti Həmid

redaktor

Türkiyə–Azərbaycan münasibətləri yalnız iki ölkə üçünmü əhəmiyyətlidir?

redaktor

Bir telefon zənginin düşündürdükləri

redaktor