DünyaSiyasət

Faşizm düşüncəsi bütün bəşəriyyət üçün təhdiddir

Hüquq müdafiəçisi Fikrət Cəfərli Rus imperializminin ideoloqu Aleksandr Duqininin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Faşizm düşüncəsi bütün bəşəriyyət üçün təhdiddir.

“Sizi sevirik, sizə hörmət edirik, amma sizi öldürməyə məcburuq. Bunu sizinlə bir olmaq üçün edirik”

Rus imperializminin ideoloqu Aleksandr Duqininin bu sözləri əslində bütöv bir ideoloji xəstəliyin mahiyyətini açır: işğalı qardaşlıq, qətli xilas, başqa xalqın azadlığını əlindən almağı isə tarixi missiya kimi təqdim etmək!

Bu, sevgi deyil, faşist düşüncəsinə xas olan hökmranlıq məntiqidir. Burada insan həyatı ideologiyaya, xalqın iradəsi imperiyanın ambisiyalarına qurban verilir.

Duqininin məntiqinə görə, bir xalqın nə istədiyinin, hansı dövlətdə və hansı siyasi sistemdə yaşamaq istədiyinin əhəmiyyəti yoxdur. Əsas məsələ imperiyanın onun taleyi barədə verdiyi qərardır. Məhz bu yanaşma imperializmin ən təhlükəli mahiyyətidir.

Tarix göstərib ki, faşist ideologiyalar da öz təcavüzlərini “böyük məqsəd”, “tarixi missiya” və “xilas” kimi anlayışlarla əsaslandırmağa çalışıblar.

Bu gün təhlükə yalnız Ukraynanın ərazi bütövlüyünə qarşı deyil. Təhlükə xalqların suverenliyini, beynəlxalq hüququ, insan həyatını və sivilizasiyanın fundamental dəyərlərini inkar edən düşüncə tərzindədir.

Çünki bir dövlət özünü başqa xalqların taleyini müəyyən etmək hüququna malik hesab edirsə, sabah eyni iddia istənilən müstəqil dövlətə qarşı yönələ bilər.

Dünyanın susqunluğu və belə ideologiyalara güzəşt isə bu təhlükəni daha da artırır.

Duqinə və onun təmsil etdiyi imperiya təfəkkürünə sadə bir həqiqəti xatırlatmaq lazımdır:

Heç bir xalq işğal edilməklə xilas edilə bilməz. Heç bir millət öldürülməklə sevilə bilməz. Heç bir imperiyanın ambisiyası insan həyatından və xalqların azadlığından üstün deyil!

Bəşəriyyətin gələcəyi imperiyaların yenidən qurulmasında deyil, xalqların bərabərliyində, azadlığında və qarşılıqlı hörmətindədir.

(İƏAM Mətbuat xidməti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, nəyin mesajıdır?

redaktor

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor