Bu gündən başlayaraq, AXCP sədri Əli Kərimlinin barəsindəki cinayət işinə xitam verilməsi ilə bağlı məhkəmə vəsatətini hissələrlə təqdim edəcəyik.
Birinci hissə
Məhkəmə heyətinin nəzərinə çatdırıram ki, mən cinayət törətməmişəm. Lakin mənə qarşı cinayət törədilib. Siyasi tapşırığa uyğun olaraq mütəşəkkil qrup tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə (2012–2025-ci illər ərzində davam etməklə), saxta sübutlar yaratmaqla, işgəncə ilə yalan ifadə almaqla və istintaqçıların təxəyyül gücü ilə mənə qarşı saxta cinayət işi quraşdırılıb. Həmin saxta, qurama cinayət işinin əsasında mən artıq 11 aydır ki, həbsdəyəm. Bu müddət ərzində mənim nəinki azadlığım əlimdən alınıb, üstəlik son 5 ayda siyasi tapşırıqla DTX İstintaq təcridxanasında saxlanılma şəraitim qəsdən pisləşdirilib. Ailəmlə görüşmək və danışmaq hüququmdan, həbsdə saxlanılan şəxsin malik olduğu əksər hüquqlardan məhrum edilmişəm.
Barəmdə aparılmış cinayət işi əvvəldən axıra qədər qurama olduğundan, siyasi sifariş əsasında uydurulduğundan, barəmdə aparılan istintaqın formal, şou xarakterli olduğuna əmin olduğumdan, bu şou xarakterli, məqsədi həqiqəti tapmaq yox, şərləmək olan istintaqa öz iştirakımla ciddi istintaq görüntüsü yaratmaq istəmədiyimdən, istintaq dövründə heç bir ifadə vermədim və mənə təqdim olunan sənədləri imzalamadım.
Mən ölkəmizdəki ən böyük müxalifət partiyasının sədriyəm. Ölkəmizdəki vəziyyəti, o cümlədən Azərbaycan məhkəmə sisteminin salındığı hazırkı acınacaqlı vəziyyəti yaxşı bilirəm. Məhkəmə sistemi ilə bağlı, o cümlədən barəmdə uydurulmuş cinayət işinə baxacaq məhkəmə ilə bağlı illüziyam yoxdur.
Ancaq hazırlıq iclasında iştirak edib, (mane olamayacağınız təqdirdə) ətraflı çıxış etmək fikrim var. Məhz hazırlıq iclasında verəcəyiniz qərarlar müəyyən edəcək ki, bu məhkəmə prosesi, heç olmasa, görüntü və prosedur olaraq gerçək məhkəməyə bənzəyəcək, yoxsa o, əvvəldən ASAN məhkəmə kimi nəzərdə tutulub və məqsədi qısa bir müddətdə siyasi sifarişi yerinə yetirib, ittiham hökmünü elan etməkdir. Əgər hazırlıq iclasında verəcəyiniz qərarlar təsdiqləsə ki, bu məhkəmə prosesi gerçək məhkəmə prosesi yox, məhkəmənin imitasiyasıdır, o halda mən istintaqda olduğu kimi, bu məhkəmə prosesində də iştirak etməyəcəyəm. Siz də tapşırığı ən qısa müddətdə yerinə yetirib siyasi sifarişə uyğun, məni ölkənin siyasi həyatından zorla uzaqlaşdırmağı təmin edən ağır cəza təyin edərsiniz.
Məhkəmə heyətinə məlum olduğu kimi, mən gənclik yaşlarımdan ölkəmizin siyasi həyatında aktiv iştirak edirəm. 10 il müddətində Milli Məclisin üzvü olmuşam. Uzun illərdir ki, ölkənin ən böyük müxalifət partiyasının sədriyəm. İlham Əliyevin rəhbərlik etdiyi hakimiyyətə qarşı müxalifətdəyəm. Onun ölkəmizi avtoritar üsullarla idarə etməsinə, ölkədə qeyri-məhdud tək hakimiyyət formalaşdırmasına qarşıyam. Onun rəhbərlik etdiyi hakimiyyətin dövlətimizə və millətimizə zərərli olduğuna inanıram. Həqiqətən də, bu hakimiyyətin dəyişdirilməsini istəyirəm və bunun üçün çalışmışam. Lakin mən buna bütün siyasi fəaliyyətim boyu dinc, demokratik, konstitusion yollarla nail olmağa çalışmışam. 100-lərlə çıxış (o cümlədən böyük mitinqlər qarşısında etdiyim çıxışlarda), məqalə və müsahibələrimdə də altını cızaraq qeyd etmişəm ki, hakimiyyətə gəlməyin yalnız bir yolunu – demokratik seçkilər yolunu qəbul edirəm. Zor yolu ilə hakimiyyət dəyişikliyini ölkəmiz üçün zərərli və qəbuledilməz sayıram.
Bəli, bu mənim əqidəmdir. Mən ölkəmizdə indi və gələcəkdə hakimiyyət dəyişikliyinin istisnasız olaraq dinc, demokratik, seçki yolu ilə olmasından yanayam. Mənim rəhbərliyim altında onlarla kütləvi mitinqlər keçirilib. Onların heç birində nümayişçilər tərəfindən zorakılıq və ya zorakılığa çağırış olmayıb.
Mənə qarşı irəli sürülmüş “dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn hərəkətlər, Konstitusiya quruluşunu zorla dəyişdirməyə çalışmaq” ittihamları yalandır, şərləmədir və məni müxalifət partiyasının lideri və dövlət başçısı İlham Əliyevin siyasi rəqibi olaraq siyasi proseslərdən zorla, inzibati yolla uzaqlaşdırmaq cəhdidir.
Əvvəla, ona görə ki, mənim heç vaxt nə təklikdə, nə də digərləri ilə “qabaqcadan əlbir olan bir qrup şəxs” kimi dövlət hakimiyyətini zorla dəyişmək, ölkənin Konstitusiya quruluşunu zorla dəyişdirmək niyyətim olmayıb. Saxta yolla şişirdilib 8 cildə çatdırılmış cinayət işində bunun əksini sübut edən bircə sübut da yoxdur. Mən heç bir çıxış, yazı, müsahibə, digər şəxslərlə olan yazışma, telefon danışığı, hətta şəxsi söhbətlərdə də belə bir niyyətimin olduğunu deməmişəm. Əksini – yəni ölkəmizdə hakimiyyət dəyişikliyinin dinc, demokratik, seçki yolu ilə baş verməsindən yana olduğumu isə yüzlərlə çıxış, yazı və müsahibələrimdə bəyan etmişəm.
Hüquq fakültəsinin gənc tələbələrinə də öyrədirlər ki, qəsdən törədilən cinayətlərdə şəxsin əməlində cinayət tərkibi yalnız o zaman yaranır ki, şəxsin əməlində cinayət tərkibinin subyektiv cəhəti – cinayət törətmək niyyəti olmuş olsun.
Mən bunu hər kəsdən yaxşı bilirəm ki, belə bir cinayətkar niyyətim olmayıb. Bəlkə, mənim bu əminliyim məhkəmə üçün yetərli olmaya bilər. Lakin mənə qarşı quraşdırılmış cinayət işi özü də təsdiq edir ki, mənim dövlət çevrilişi etmək niyyətim olmayıb. Hər halda, baxdığınız və ümid edirəm ki, tanış olduğunuz cinayət işində mənim zor yolu ilə hakimiyyətə gəlmək niyyətimi isbat edəcək tək bir sübut da yoxdur. Ona görə də, 8 cildlik saxta cinayət işi mənim, ümumiyyətlə, iddia olunan cinayəti törətmək niyyətimi sübut etmədiyinə görə, məhkəmə bu cinayət işinə xitam verməlidir.
Mənə qarşı uydurulmuş cinayət işinə xitam vermək üçün yuxarıda yazdığım əsas kifayət edir, lakin cinayət işinə xitam verilməsinin digər mühüm qanuni əsası da var. Cinayət qanunvericiliyinə görə, şəxsin əməlində cinayət tərkibi yalnız o zaman yaranır ki, həmin şəxsin cinayət xarakterli (mənim işində iddia olunan “dövlət hakimiyyətini zorla ələ keçirməyə və Konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş”) əməli törətməsi sübut olunsun.
Məhkəməyə təqdim olunmuş cinayət işində mənim “dövlət hakimiyyətini zorla ələ almaq və konstitusiya quruluşunu zorla dəyişdirməyə” yönəlmiş tək bircə hərəkətim, əməlim belə qanuni yolla əldə olunmuş, bircə etibarlı sübutla da təsdiq olunmur. Çünki belə bir cinayətkar əməl olmayıb. Ona görə də iddia olunan cinayət əməlinin şahidləri də yoxdur.
Baxılan cinayət işini uyduranlar mənə qarşı yeddi epizod üzrə cinayət ittihamı irəli sürüblər. Məhkəmə heyətinin diqqətini istintaqın iddia etdiyi “cinayət” epizodlarının hər birinə cəlb etmək və mənim törətdiyim iddia olunan cinayət epizodlarının hər birinin uydurma və cəfəngiyat olduğunu isbatlamaq fikrindəyəm. Hərçənd ki, sübut etmək vəzifəsi istintaq və ittiham tərəfinin vəzifəsidir. Lakin onlar özləri mənim cinayət törətmədiyimi, ittihamın uydurma olduğunu hamıdan yaxşı bildiklərindən, baş vermiş cinayəti sübut etmək kimi perspektivli bir işlə məşğul olmaq əvəzinə, birbaşa saxta sübutlar yaratmaq, işgəncə yolu ilə yalan ifadələr almaq işinə girişiblər.
