Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciətində Xankəndidə də Zəfər Muzeyinin olacağını bildirib. Dövlət başçısı qeyd edib ki, artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır.
Zəfər Muzeyinin yerləşəcəyi məkan xüsusilə diqqət çəkir. Dövlət başçısının sözlərinə görə, muzeyin məkanı keçmiş icra hakimiyyətinin binasıdır.
“Vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra – 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar – hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar”, – Prezident bəyan edib.
Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edəndən sonra Koçaryan-Sarkisyan cütlüyü “yenilməz erməni ordusu”, “görkəmli erməni sərkərdələri” və bu kimi digər miflər formalaşdırmış, ictimai rəyə “istənilən vaxt tanklarla Bakıya daxil ola, çay içə bilərik” xülyasını sırımışdı. “Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” deyirdi ermənilər.
2018-ci ildə Ermənistanda keçmiş “Qarabağ klanı”nın hakimiyyətdən gedişi sülh prosesinə böyük ümidlər yaratsa da, Paşinyanın generalları da “Bakıda çay içmək” iddialarından xilas ola bilmədi. Sülh danışıqlarının tamamilə sıfırlanması cəhdləri, Tovuz döyüşlərinə səbəb olan təxribatlar, “yeni müharibə – yeni ərazilər” tezisi müharibəni qaçılmaz etmişdi.
Ermənistan üçün tarixin ən böyük ironiyası “tanklarımız Bakı küçələrinə daxil olacaq” və “Bakıda çay içəcəyik” arzularının Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan ordusunun gerçəkləşdirməsi oldu.
Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi, “yenilməz ordu”larını darmadağın etməyə cəmi 44 gün yetərli oldu. 8 minə yaxın erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, on minlərlə hərbçi fərarilik etdi, başda “görkəli erməni sərkərdələri” olmaqla.
44 gün ərzində Ermənistanın hərbi texnikası darmadağın edildi və qənimət kimi götürüldü. Ermənistanın hərbi texnikası hazırda Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında sərgilənir. Azərbaycan ordusu bununla ermənilərin “tanklarımız Bakı küçələrində olacaq” arzusunu reallaşdırdı.
Bundan sonra növbə “Bakıda çay içmək” arzusunda idi. Ermənilər hesab edirdilər ki, müharibədə məğlub olsalar da, Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla Qarabağın müəyyən ərazisində qala, qondarma “dövlət” oyunlarını davam etdirə biləcəklər. Lakin 44 günlük müharibədən cəmi 3 il sonra – 2023-cü ilin 20 sentyabrında Qarabağda qalan separatçı rejim məhv edildi. Müharibə cinayətlərində ittiham olunan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri isə Bakıya gətirilərək, məhkəmə qarşısına çıxarıldı. İndi onlar Bakıda layiq olduqları yerdə – həbsxanada çay içirlər.
Ermənilərin bütün iddiaları və planları alt-üst olsa da, “tanklarımız Bakı küçələrində olacaq” və “Bakıda çay içmək” arzuları çin oldu. Bu, müharibədə ermənilərin yeganə “qazancıdır”.
