Avropada məktəblərdə hicab taxılması ilə bağlı mübahisələr yeni mərhələyə keçir. Artıq İsveçrənin 26 kantonundan üçündə — Zürich, Aargau və St. Gallendə — məhdudlaşdırıcı qanunların hazırlanmasına dair parlament qərarları qəbul edilib.
2026-cı il avqustun 31-də Zürich Kantonal Parlamenti 87 lehinə, 82 əleyhinə səslə dövlət məktəblərində və uşaq bağçalarında şagirdlərə və müəllimələrə hicab qadağası nəzərdə tutan təşəbbüsü dəstəkləyib. Hökumət iki il ərzində qanun layihəsi hazırlamalıdır.
Aargau kantonunda 16 yaşadək qızların hicab taxmasının məhdudlaşdırılması, St. Gallendə isə dövlət məktəblərində müəllimlərin dini geyim və simvollarının qadağan edilməsi istiqamətində addımlar atılıb.
Hələlik bunlar hər üç kantonda qüvvəyə minmiş ümumi qadağalar deyil. Lakin siyasi istiqamət diqqətçəkəndir.
Fransada dövlət məktəblərində hicab 2004-cü ildən qadağandır. Avstriyada isə 2026-cı il sentyabrın 1-dən 14 yaşadək qızlara aid yeni qadağa qüvvəyə minib. Almaniya və Belçikada qaydalar regionlara və təhsil müəssisələrinə görə dəyişir.
Avropada müzakirənin əsas mövzusu artıq təkcə dini geyim deyil. Uşağın seçim azadlığı, qadın hüquqları, dövlətin dünyəviliyi və din azadlığı arasında tarazlığın necə qurulmasıdır.
Qadağa tərəfdarları azyaşlı qızların dini təzyiqdən qorunmasını əsas gətirirlər. Əleyhdarlar isə dövlətin geyim seçiminə müdaxiləsinin özü də azadlığı məhdudlaşdıra biləcəyini vurğulayırlar.
Diqqətçəkən məqam budur ki, hicab məhdudiyyətləri yalnız sağçı partiyaların deyil, bəzi mərkəzçi və sosial-demokrat siyasi qüvvələrin də dəstəyini qazanır.
Avropada dövlət məktəblərinin dini neytrallığına və azyaşlıların dini geyiminə münasibətdə daha sərt yanaşma güclənir. Bununla yanaşı, məhkəmələr din azadlığının sərhədlərini müəyyənləşdirməkdə mühüm rolunu saxlayır.
Əsas sual isə açıq qalır: Qız uşağını ailənin dini məcburiyyətindən qorumaq istəyən dövlət onun geyiminə özü qadağa qoymaqla həqiqi seçim azadlığını təmin edə biləcəkmi?
P.S foto İsveçrənin SRF tele-kanalına məxsusdur.
