Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 30 oktyabr 2026-cı il tarixində Ankarada keçirilən 13-cü Zirvə görüşü çərçivəsində qəbul edilmiş 163 maddədən ibarət birgə bəyannaməyə (Ankara bəyannaməsi) Qəzza, Fələstin, Suriya və Kiprlə bağlı maddələrin Türkiyənin istəyi salındığı şübhəsizdir. Belə görünür ki, Ərdoğan iqtidarı türk dövlətlərini Yaxın Şərq bataqlığında batırmayana qədər dayanmayacaq. Bunun qarşısını almaq üçün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentləri Ankara bəyannaməsini təsdiq etməməli və yaxud həmin maddələri bəyannamədən çıxarmalıdırlar.
Türkiyə diplomatiyasının məhsulu olan Ankara bəyannəməsində yer alan bu maddələr digər türk dövlətlərinin maraqlarına zidd olmaqla yanaşı, ikili standartlarla tərtib olunduğu açıq müşahidə olunur. Ankara bəyannaməsində İsrail-Fələstin münaqişəsinin həllindən bəhs edilərkən Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq problemin iki dövlət prinsipi əsasında təmin edilməli olduğu vurğulanır. Kipr məsələsinə gəldikdə isə, BMT qətnamələrinə deyil, adadakı mövcud reallıqlara əsaslanan həll yolundan bəhs edilir. Aydın görünür ki, Ankara bəyannəməsi Zirvə görüşünə ev sahibliyi edən Türkiyənin mövqeyinə uyğun hazırlanıb. Hakan Fidanın başçılıq etdiyi Türkiyə xarici siyasəti problemin birini beynəlxalq hüquqa, digərini mövcud reallıqlara istinad edilərək həll edilməsini təklif edə bilir. Üstəlik də bir-birinə zidd bu tezisləri də eyni bir sənəddə ifadə edə bilirlər. Ən pisi də odur ki, bunu Türk Dövlətləri Təşkilatına da təlqin edə biliblər.
TDT-nin 13-cü Zirvə görüşünün yekunu olan Ankara bəyannaməsində Qəzza, Fələstin və Suriya ilə bağlı yer alan məqamlar bu ilin əvvəlində Prezident İlham Əliyevin bəyan etdiyi “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz” strategiyasına da ziddir. Çox böyük ehtimalla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyannəməni Ankara ilə Bakı arasındakı gərginliyi daha da artırmamaq üçün imzalayıb. Xarici işlər nazirindən fərqli olaraq Azərbaycan Milli Məclisinin fərqli münasibət göstərmək imkanı var. Qənaətimcə bu imkan dəyərləndirilməli, Ankara bəyannəməsinin mətininə düzəlişlər edilməli və yaxud da təsdiq edilməlidir.
Ankara bəyannaməsində yer alan Kiprlə bağlı maddə isə 2025-ci il aprelin 3-4 tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitinin yekun razılaşmalarına, Kipr Respublikası ilə yaradılmış diplomatik münasibətlərə ziddir. Belə görünür ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan TDT-nin 13-cü Zirvə görüşünə kölgə salmamaq üçün diplomatik qalmaqala imza atmağa üstünlük veriblər. Avropa İttifaqı Ankara bəyannaməsinə atılan imzaları əsas götürərək Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana müəyyən məhdudiyyətlər tətbiq etsə bunun cavabını kim verəcək?
Halbuki, iki il öncə Böyük Britaniyanın BMT-dəki səfiri Ceyms Kariuki Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatını ABŞ və İsrail başda olmaqla 50 dövlət dəstəkləsə də, Türkiyə bu bəyanata qoşulmamışdı. Ərdoğan hakimiyyətinin təbliğçiləri Ankaranın bu addımını “Türkiyənin dövlət maraqları” ilə izah etmişdi. Çinlə Türkiyənin iqtisadi əlaqələri tamamilə Türkiyənin ziyanına olsa da, Çin Türkiyəyə iri sərmayə qoyuluşlarından yayınsa da, Ankara Pekinin bütün maraqlarını nəzərə alır. Çinlə Türkiyə arasında ticarət dövriyyəsinin təxminən 90 fazini Çinin Türkiyəyə ixracatı təşkil edir. Çinin BYD şirkətinin Türkiyədəki məcarası Çinin Türkiyəyə münasibətinin bariz nümunəsidir. Bütün bunlara baxmayaraq Türkiyə Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanata qoşulmur, üstəlik də bunu “Türkiyənin dövlət maraqları” ilə izah edir.
Ancaq Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Çin və Rusiyanın təsirlərini azaltmaq üçün Avropa İttifaqı ilə dörd ölkənin dövlət maraqları naminə Brüssel ilə anlaşmasına haqq tanımaq istəmir.
İndi isə ev sahibliyindən sui-istifadə edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı özlərinin dövlət maraqlarına qarşı Ankara bəyannaməsini imzalamağa sövq edib. Bütün bunlar Türk Dövlətləri Təşkilatının uzun müddət belə davam edə bilməyəcəyini göstərir. Türk Dövlətləri Təşkilatı bir dövlətin siyasi iqtidarının maraqlarına deyil, bütün türk dövlətlərinin maraqlarına xidmət etməlidir. Əks halda bu birlik davamlı ola bilməz.
