Bu haqda yazmaq üçün kifayət qədər əsasım və haqqım var, çünki həmin adamın külli-ixtiyar sahibi olduğu dövrdə haqqında nə varsa, artıqlaması ilə demişəm və yazmışam. Söhbət bu gün heç onun kimliyindən də getməyəcək, mövzunun predmeti tamamilə başqadır. Azərbaycan elminin başında oturmuşların layiq olmadan sahibləndikləri adın məsuliyyətı, şəxsiyyətsizliyi və əxlaqı haqqında. Daha doğrusu, “elminin”.
Əvvəlcə haşiyə çıxım: fəaliyyətim boyu heç vaxt alimləri hədəf seçməmişəm, amma alimləri, “alimləri” yox. Çünki alim mənim təsəvvürümdə təkcə elm adamı deyil, alim başbiləndir, çətin durumda xalqa yol göstərəndir, milləti arxasınca aparandır. Alim bir xalqın yoluna işıq salandır. Ən azı belə olmalıdır. Xüsusilə də söhbət ən yüksək səviyyədə alimlərdən getdikdə.
Keçək mətləbə: söhbət Ramiz Mehdiyevin akademiyaxana üzvlüyündən çıxarılmasından gedir. Özü də cəmi 7 il əvvəl onu (bəlkə də) yekdilliklə akademiyaxananın prezidenti seçənlər tərəfindən. Deyəcəksiniz ki, nəyi qoyub, nəyi axtarıram? Cavab verim: faktın özü zərrə qədər də əhəmiyyətli deyil, çünki Ramiz Mehdiyevin hansı elmi uğurlarına görə akademiyaxanaya üzv seçilməsinin özü daim suallar doğurub.
Mən hələ onun necə həmin akademiyaxananın prezidenti olmasını demirəm. Hərçənd həmin yığıncağın Fərəməz Maqsudov və elə Ramiz Mehdiyevin özü kimi prezidentləri də olub. Bugünkü prezident İsa Həbibbəyli isə ayrıca bir tragikomik hekayənin mövzusudur.
Söhbət heç Azərbaycan elminin dünya çapında hansı nailiyyətlərlə təqdim olunmasından, hansı yeniliklərə imza atmasından da getmir.
Söhbət şəxsiyyət eroziyasından gedir. Bu yerdə bir hadisəni xatırlatmaq yerinə düşərdi. Həmin qurumun keçmiş prezidenti Eldar Salayev siyasi motivlərlə həbs olunanda o dövrdə akademiyaxananın prezidenti olan Mahmud Kərimov xalqa müraciət edərək, Eldar Salayevi müdafiə etməməyə çağırış etmişdi. Elə o zaman rusdilli qəzetlərin birində “Adolf Hitler, Leonid Brejnev və Mahmud Kərimov” adlı yazı dərc etmişdim. Yazı elə təsir etmişdi ki, mərhum Mahmud Kərimov nömrəmi tapıb zəng də etmişdi.
Qısaca deyim ki, yazıda 3 fakt arasında paralellər aparılmışdır: Albert Eynşteynin Prussiya (Almaniya) Elmlər Akademiyasının üzvlüyündən imtina etməsi, Brejnevin Andrey Saxarovu SSRİ Elmlər Akademiyasının üzvlüyündən xaric etdirmək cəhdi və əlbəttə ki, Mahmud Kərimovun bəlli müraciəti. Alman alimlər Eynşteynin qərarını pisləsələr də, onun akademiya üzvlüyündən istefasını qəbul etməmişdilər. Sonralar onu nasist füreri öz qanunsuz əmri ilə xaric etmişdir.
Hadisə Hitler hakimiyyətə gələndən cəmi 2 ay sonra baş verdiyindən, görünür, alman alimlər hələ illüziya içində olmuşdurlar. Eynşteyn isə bununla nə qədər uzaqgörən olduğunu bir daha sübut etmişdir. Təbiidir, əks halda o, Eynşteyn olmazdı. Saxarovu isə SSRI-yə sanksiyalar tətbiq etmək çağırışına görə xaric etmək istəyəndə SSRİ Elmlər Akademiyasının prezidenti Anatoliy Aleksandrov buna müqavimət göstərmişdir.
Pyotr Kapitsa isə bir qədər də uzağa gedərək, bunu nasist Almaniyasının Eynşteynlə bağlı elm aləminə üz qarası olan qərarı ilə müqayisə etmişdi. Sovet rəhbərliyinin təklifinə qarşı çıxanlardan biri də Nobel mükafatı laureatı akademik Nikolay Semyonov olmuşdur. Deyəcəksiniz, kimləri kimlərlə müqayisə edirəm? Haqlısınız, amma məni də narahat edən odur ki, həmin əjdahalardan bizdə niyə olmasın?
Bilirsiniz, mənim elm adamları haqda təsəvvürüm tələbəlik illərimdə yaranıb. Oxuduğum ali məktəbdə sovet tibb elminin işıqlı simalarından dərs almışam və onların təkcə böyük akademik – alim deyil, həm də böyük şəxsiyyət olmalarını görmüşəm. Mən alimi belə təsəvvür edirəm, başqa cür heç ağlıma da gətirə bilmirəm. Mənə görə gəxsiyyət olmayan alim adlandırıla bilməz.
Çünki alim həm də bir xalqın dar gündə üz tutacağı insandır, məbədgahdır, ümid yeridir və ya ən azı belə birisi olmalıdır. Bu gün elmi olmayan xalqın sabahı haqqında düşünmək şansı belə yoxdur. Bu gün elə həmin akademiyaxananın müxtəlif institutlarında həyatını elmə həsr etmiş yüzlərlə gənc var ki, onların irəli getmək şansı yoxdur, olmayacaq da. Qarşıda görünən işıqlı gələcək deyil, qatı zülmətdir. Çünki buna nə qarşılarına çəkilmiş keçilməz sədlər, nə də qiymətlər imkan vermir. Daha doğrusu, məbləğlər.
Bu gün yüzlərlə perspektivli gənc alim elmlər namizədi səviyyəsində ilişib qalmaqdadır, bir çoxları isə illərdir hazır dissertasiyalari ilə zirehli qapıları açmaq gücündə, imkanında deyil. Çünki onların doktorluq və ya elə namizədlik işini müdafiə edə bilməsi üçün saysız-hesabsız maneələr mövcuddur. Amma məsələ bununla da bitmir. O, öz elmi yeniliyini hərhansı bir beynəlxalq nəşrdə dərc etmək üçün 300 dollar ödəniş etmək imkanına malik deyil, üstəlik də hansısa bir rəhbərinin adını məqaləyə əlavə etməlidir.
Elm aləmi isə elə parazitlərlə doludur və nə qədər ki, onlara qarşı effektiv müalicə üsulları tətbiq olunmur, bugünkü vəziyyət təkcə davam etməyəcək, hətta daha da ağırlaşacaq. Nə qədər ki, akademiyaxana yararsız və şəxsiyyətsiz qocalar evi qalacaq, ölkədə nə elm olmayacaq, nə da alim yetişməyəcək, çünki həmin parazitlər buna imkan verməyəcəklər. Necə ki, bu gün imkan vermirlər.
Başqa bir dərd də elmə ayrılan qrantlar məsələsidir. Elm Fondu adlanan qurum tərəfindən. Daha doğrusu, qrantlar üzərindən həyata keçirilən korrupsiya əməliyyatları, şapkalar, otkatlar və elmdən başqa hər şey. Elmin həmin qaydada “maliyyələşdirilməsi” əsas araşdırmaları aparan gənc alimləri daha da ağır vəziyyətə salıb, onların perspektivlərini sıfra endirib. Acı reallıq belədir. Əvəzində isə bir dəstə saxta deputat fəlsəfə doktoru və elmlər doktoru dərəcəsi alib.
Çünki antimillət vəkillərini kimsə inandırıb ki, adının qarşısında fəlsəfə doktoru və ya elmlər doktoru yazılanda daha ağıllı görünə bilərlər. Onlar da girişiblər yarışa və aralarında hətta akademikə metamorfoz edənlər də var. Halbuki soruşsan bir çoxu öz “dissertasiyasının” adını belə deyə bilməz. Amma korrupsioner-kleptokratik rejim üçün bu, həm də elmi və əsl alimləri aşağılamaq üçün vacibdir. Oğru-quldur alimə güvənə, ona hörmət edə bilməz.
Bu gün həmin parazitlərin bəlkə də çoxu sevinir ki, Ramiz Mehdiyevin vurulmasında rol oynamaqla şərəfli işə imza atıblar. Xeyr, onlar rol oynamayıblar, onları rollarda ucuz marionet kukla kimi oynadıblar və oynatmaqdadırlar. Ramiz Mehdiyev layiq olduğu cəzadan qat-qat azını alıb, amma bu gün ona tüpürənlər daha ağır cəza alıblar, çünki onlara 7 il əvvəl tüpürdüklərini indi yaladıblar.
Başqa cür ola da bilməzdi, çünki övladı üçün vəzifə, özü üçün mənzil, prezident təqaüdü dilənənlər bütün bunların qarşılığını da ödəməlidirlər. Həyatın qaydası belədir: pulsuz pendir yalnız siçan tələsində olur. Təsəvvür edirsinizmi ki, amerikalı alim prezidentdən, onun britaniyalı həmkarı baş nazirdən oğlu üçün vəzifə istəsin? Bunu nəinki təsəvvür etmək, heç ağlının ucundan da keçirmək olmaz, çünki həmin andan etibarən onun elminə də, alimliyinə də yağlı bir nöqtə qoyardılar. Elə öz alim həmkarları edərdi bunu, mən hələ mətbuatı demirəm.
Məsələ bununla bitsə dərd yarıdır, amma gəlin təsəvvür edək ki, sabah Azərbaycanda hakimiyyət dəyişikliyi baş verir və Ramiz Mehdiyev bəraət alır. Ardınca da onun akademiyaxanaya üzvlüyünün bərpası gündəmə gəlir. Əminəm ki, onda da həmin qərarı yekdilliklə qəbul edəcəklər. Çünki şəxsiyyət yoxdur, itirilib və bir çoxunda isə heç bünövrədən də olmayıb. Atalar demiş, öyrəşən gözə tövbə yoxdur.
Sovet diktaturasının əsas simalarından olan Lavrentiy Beriya daxili işlər naziri təyin olunan kimi rejim tərəfindən sürgün olunmuş on minlərlə alimi qapalı elm müəssisələri yaradaraq, orada işə cəlb edir. Belə müəssisələrə “şaraşka” deyirdilər. Beriya haqqında çox ziddiyyətli fikirlər söylənilir, amma bir şeyi artıq bir çox nüfuzlu tarixçilər etiraf edirlər: Lavrentiy Beriya bu addımı atmasaydı SSRİ İkinci Dünya Müharibəsindən heç bir dəstəyə baxmayaraq, qalıb çıxa bilməzdi.
Beriya da, Stalin də tiran və qaniçən olublar, bunu da kimsə dana bilməz, amma… Beriyanın oğlu xatirələrində maraqlı bir fakt göstərir: müharibədən sonra Almaniyadan gətirilmiş raket konstruktoruna Beriya deyir ki, filan tarixdə raket buraxılmasa hamınız güllələnməyə gedəcəksiniz. Alman konstruktor halını da pozmadan deyir ki, Lavrentiy Pavloviç siz deyən tarixdə raket dəqiq uçmayacaq, odur elə indicə buradaca güllələyə bilərsiniz.
Beriyanın susub gülümsəməkdən başqa çıxış yolu qalmır. Təsəvvür edirsinizmi, faktiki sovet əsirliyində olan alman alim sovet diktaturasının əsas simalarından birinə belə cavab verir və o da vəziyyətlə barışmağa məcbur olur. Çünki Beriya da, Stalin də elmin, alimin rolunu, yolunu dərk edirdilər. Çünki qaniçən diktator olsalar da, oğru, korrupsioner deyildilər. Amma sovetdən miras qalmış elmin son zərrələrini postsovet ölkələrə yiyələnmiş qəbilə zehniyyətli oğru-quldurlar birdəfəlik dəfn etdilər.
P.S.: diqqətli oxucu gördü ki, yazı boyu bircə dəfə də olsun nə “elmlər akademiyası”, nə də AMEA adından istifadə etməmişəm. Bu da təsadüfi deyil, çünki onun adı AMEA ola bilməz, heç elmlər akademiyası da. Çünki onun nə elmlə, nə Azərbaycanla, nə milliliklə heç bir əlaqəsi yoxdur. Onun fəaliyyətinin ən dəqiq adı ancaq “Fatı otur, Fatı dur” ola bilər. Belə çıxır ki, adı da “Azərbaycan fatıları akademiyaxanası” – AFA – olmalıdır.
