CəmiyyətQalmaqalŞikayət

10 saylı CÇM-in məhkumları: “Hamam probleminə görə tualetdə çimənlərin sayı çoxalıb, orada da növbədir”

Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan məhkumlar hamam probleminin hələ də həll olunmadığını, ayrılan vaxtın kifayət etməməsi səbəbindən tualetdə çimmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Abzas Media”ya məlumat verən məhkumların sözlərinə görə, müəssisədə hər dəstəyə həftədə iki dəfə, bir saat müddətində hamamdan istifadə etməyə icazə verilir. Ancaq həmin vaxt ərzində 190 məhkum cəmi 11 duşdan istifadə etməlidir.

“11 duş, 190 nəfər və 1 saat. Artıq, əlavə dəqiqələr olmaz. Müəssisə rəhbərliyi iki ayağını bir başmağa dirəyib deyir ki, qanun-qaydaya riayət edirik, hər dəstə həftədə iki dəfə və bir saat ərzində çimməlidir”, – məhkumlar bildirirlər.

Məlumata görə, müəssisədə əlavə ödəniş etməklə daha tez-tez çimmək mümkündür. Bunun üçün məhkumlar idman zalına aylıq 20 manat ödəyərək abunə olmalıdırlar. Belə olan halda onlara günaşırı 10 dəqiqə hamamdan istifadə etməyə icazə verildiyi bildirilir.

Məhkumların sözlərinə görə, bu imkandan yararlana bilməyənlər isə tualetdə çimməyə məcbur qalırlar.

“Qara dustaq tualetdə çimmək üçün 3 litr çay üçün qaynadılıb satılan dağ suyunu 30 qəpiyə alıb çimir, ya da 2 litrlik boş kola butulkasını deşib kranın başına keçirir, soyuq suda havayı yaxalanır”, – məlumatda deyilir.

Məhkumlar hamamın fiziki vəziyyətinin də təhlükəli olduğunu bildirirlər. Onların sözlərinə görə, uzun illərdir istifadə edilən hamamın tavanındakı beton örtük sıradan çıxıb, soyunub-geyinmə otağında isə tavandan beton parçaları qoparaq yerə tökülüb.

Məlumata görə, indiyədək xəsarət alan olmasa da, hamamın vəziyyəti məhkumlar üçün təhlükə yaradır. Onlar aparılan təmir işlərinin də problemi kökündən həll etmədiyini deyirlər.

“Hamamın təmiri də üzdən yamaq yapışdırmadır. Növbəti dağıntı ağır ola bilər”, – məhkumlar bildirirlər.

Onların sözlərinə görə, hamamdakı problemlər səbəbindən tualetdə çimməyə məcbur qalanların sayı artıb və artıq orada da növbələr yaranıb.

“Abzas Media” bundan əvvəl də 10 saylı Cəzaçəkmə Müəssisəsindəki hamam problemi ilə bağlı məhkumların şikayətlərini işıqlandırıb. Redaksiya məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət ala bilməyib.

Penitensiar Xidmət isə, bir qayda olaraq, cəzaçəkmə müəssisələrində saxlanma şəraiti və məhbuslarla rəftarla bağlı səsləndirilən iddiaları rədd edir. Qurum məhbuslarla qanunvericiliyin tələbləri çərçivəsində davranıldığını bildirir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Aqilə bir ev verin

redaktor

Qəbrin damır, Ramiz Rövşən!.. (80 yaşın qəlpə izlərinə…)

redaktor

İlham Əliyevin yanlış iddiası: Son iki əsrdə müstəqil olmamışıq

admin