15 C
Bakı
25 Oktyabr 2026 21:25
DünyaSiyasət

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

İllərdir Ərdoğanın hansısa fövqəltəbii qabiliyyətlərə sahib siyasətçi, dünya lideri olmadığını; Türkiyəni gücləndirmədiyini, əksinə, zəiflətdiyini; daxildə çeşidli siyasi mühəndisliklər yoluyla, öz xalqını qütbləşdirib bir-birinə qarşı qoymaqla; eləcə də xarici dəstək sayəsində hakimiyyətini qoruduğunu anlatmağa çalışdıq.

Son hadisələr göstərdi ki, dünya liderliyi bir yana qalsın, onun bölgə liderliyi belə mübahisəliymiş.

Artıq prompter (telesuflyor) olmadan arxa arxaya 3 cümlə qura bilməyən, yanındakının qolundan tutmadan yeriməkdə çətinlik çəkən, hər baxımdan tükənmiş bir lider var. Ölkə içərisində repressiyanın dozasını gündən-günə artırması da onun gücündən yox, zəifliyindən xəbər verir. (Bu cümlə adətən müxaliflərdən eşitməyə alışdığımız özünütəsəlli formulu yox, müasir Türkiyənin timsalında həqiqətdir). Saray sistemi müxalifəti basqı altına almadan və onu bölüb-parçalamadan bu liderlə artıq seçki qazana bilməyəcəyini anlayır. Özəl-İmamoğlu liderliyində iqtidara yürüyən laik-sekulyar kəsimin yolunu butlan kimi dünya siyasi tarixində analoqu olmayan əcaib qərarla kəsib, naftalinli Kılıçdaroğlundan mədət ummaq bir güc göstəricisi sayıla bilməz. Hələ Osmanlı dövründə “Sənədi-İttifaq”lardan, Tanzimatlardan, Məşrutiyətlərdən, “Qanuni Əsası”lardan keçib gəlmiş, Cümhuriyyət dövründə isə 1950-dən bəri qüsurları ilə bərabər demokratiya və azad seçki təcrübəsinə malik böyük ölkədə bir ədliyyə naziri və ona bağlı 15-20 prokuror-hakim “şayka”sı ilə diktatura qurula biləcəyinə inanmaq ancaq gerçəklərdən qopmağın və qeyri-sağlam təxəyyülün məhsulu ola bilər.

Ərdoğanın zəiflədiyini hər kəs görür. Son həftələr Azərbaycanla münasibətlərdə baş verənlər, ilyarım öncə isə Orta Asiya türk cümhuriyyətlərinin Yunan Kiprini adada yeganə qanuni dövlət kimi tanımaq qərarı (başqa sözlə, Türkiyənin faktiki, işğalçı sayılması) Ankaranın türk coğrafiyasında nə qədər güc, etibar itirdiyinə və lider kimi qəbul olunmadığına dair bariz nümunələrdir. Türk dövlətləri Türkiyənin hakim partiyasının və liderinin ideologiyasını – siyasi islamı, türk ihvançılığını təhlükə kimi qəbul edir, bu üzdən araya məsafə qoyur. Azərbaycan-Türkiyə münasibətlərində daha əvvəl də soyuqluq, inciklik, hətta gərginlik yaşanmışdı, lakin ilk dəfədir ki, Azərbaycanın yarımrəsmi mediası Türkiyənin hakim ideologiyasını bir təhdid və milli təhlükəsizlik problemi kimi qiymətləndirir, AKP haqqında “islamçı-nurçu” söz birləşməsindən istifadə edir. Bu, Bakıda paradiqma dəyişikliyinin baş verdiyinə işarədir.

Konkret olaraq Azərbaycan (prezident Əliyev) bu regionda (geniş Orta Asiya-Cənubi Qafqaz) Türkiyə liderliyini təmin edən yardımçı faktor rolunda çıxış etmək istəmir, tam əksinə, qələbədən sonrakı dövrdə öz öncüllüyü üçün fürsətlər açıldığını düşünür, fərqli (daha yüksək) çəki dərəcəsində mübarizə apara biləcək idmançı kimi özünü görür. “Orta güc” anlayışının dövriyyəyə buraxılması bu baxımdan təsadüf deyil. Bununla Əliyev özünü Ərdoğanla həm eyniləşdirmiş olur, həm də Azərbaycanın Türkiyə ilə münasibətlərini Qarabağın işğalı dövründəki de-fakto “abi-kardeşlik”dən çıxararaq bərabərhüquqluluq müstəvisinə oturdur. Bu yeni siyasət kultural tərkib olmadan yarımçıq qalar, bu səbəbdən Bakı Azərbaycanın sovet dövründə formalaşmış, qatı sekulyarizmə söykənən kimliyinə, identikliyinə bərk sarılır, İranla da, Türkiyə ilə də fərqlilikləri qabartmağı bu mərhələnin zəruri tələblərindən biri sayır. Mədəniyyətlərin yüngülvari toqquşması və mənəvi sərhədlərin cızılması baş verir.

Tərəflər arasındakı ziddiyyətlərin təməlində bu yatır, BMT-dəki hansısa olay və ya hicab məsələsi yox. Onlar səbəb yox, nəticələr və ya bəhanələrdir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor

Özbəkistanın TDT hesabı: Ankara zirvəsi təxirə salına bilər

redaktor

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

redaktor