24 C
Bakı
18 Oktyabr 2026 15:35
Tarix

Atatürkün ucaltdığı Azərbaycan bayrağı: Bir əsrlik qardaşlığın tarixi səhifəsi

1921-ci il noyabrın 18-də Ankarada Azərbaycan–Türkiyə münasibətləri tarixində xüsusi əhəmiyyət daşıyan hadisə baş verdi. Azərbaycanın diplomatik nümayəndəliyinin binası üzərində bayrağımızı şəxsən Mustafa Kamal Paşa ucaltdı.

Həmin vaxt Türkiyə istiqlal müharibəsi aparırdı. Azərbaycan isə 1920-ci ilin aprelində sovetləşdirilmişdi. Buna baxmayaraq, iki xalq arasında tarixi və mənəvi bağlılıq davam edirdi.

Azərbaycanın Ankaradakı nümayəndəsi İbrahim Əbilov idi. O, 1921-ci ilin oktyabrında Mustafa Kamal Paşaya etimadnaməsini təqdim etmişdi. Noyabrda isə Ankaranın Cəbəci məhəlləsində Azərbaycan nümayəndəliyinin bayraq qaldırma mərasimi keçirildi.

Mustafa Kamalın həmin mərasimdə söylədiyi sözlər xüsusilə diqqətəlayiqdir:

“Türkiyə və Azərbaycan arasındakı səmimi əlaqələrin, qardaşlığın dərəcəsini izah etməyə ehtiyac görmürəm.”

Atatürk Azərbaycan bayrağını şəxsən qaldırmaq şərəfinin ona nəsib olmasından məmnunluğunu da ifad etmişdi.

Burada bir tarixi dəqiqləşdirmə vacibdir: həmin mərasimdə qaldırılan bayraq bugünkü üçrəngli milli bayrağımız deyil, o dövrdəki sovet Azərbaycanının rəsmi bayrağı idi.

Lakin hadisənin mənəvi və siyasi əhəmiyyəti bununla azalmır. Mustafa Kamal öz ölkəsinin müstəqilliyi uğrunda mübarizə apardığı bir vaxtda Azərbaycan xalqına və onun nümayəndəliyinə xüsusi ehtiram göstərirdi.

Bu, yalnız diplomatik nəzakət deyildi. Həm də iki xalq arasında siyasi rejimlərdən daha qədim olan bağlılığın ifadəsi idi.

Bu gün Türkiyə ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqları yaranarkən həmin tarixi hadisəni xatırlamaq yerinə düşər.

Atatürkün şəxsən ucaltdığı Azərbaycan bayrağı bizə xatırladır ki, dövlətlər arasında fikir ayrılıqları ola bilər, amma xalqlar arasındakı tarixi qardaşlıq münasibətlərini qorumaq hər iki tərəfin məsuliyyətidir.

Hakimiyyətlər dəyişir, siyasi maraqlar yenilənir, beynəlxalq şərait dəyişir. Amma xalqlar arasında əsrlərlə formalaşmış mənəvi bağlılıq gündəlik siyasi polemikaların qurbanına çevrilməməlidir.

Burada xüsusilə diqqətəlayiq bir tarixi məqam var. 1921-ci ildə Azərbaycanla Türkiyə arasında ciddi siyasi və ideoloji fərqlər mövcud idi. Azərbaycan sovet hakimiyyəti altında idi, Mustafa Kamal isə Türkiyənin milli istiqlalı uğrunda mübarizə aparırdı. Lakin bu fərqlər Atatürkün Azərbaycan bayrağını şəxsən ucaltmasına və Azərbaycan xalqına ehtiram göstərməsinə mane olmadı. O, ideoloji fərqlərdən daha üstün olan tarixi qardaşlığı və ortaq milli bağlılığı ön plana çəkdi. Bir əsr əvvəl bu qədər fərqli siyasi şəraitdə qarşılıqlı hörmət mümkün idisə, bu gün niyə mümkün olmasın? Niyə indiki fikir ayrılıqlarını da dövlət ağlı, qarşılıqlı anlayış və təmkinlə həll etməyək?

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Dəyişən heç nə yoxdur

redaktor

Açıq səma altında dialoq-Nizami Gəncəvi kimlərə dərs keçir?

redaktor

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor