22 C
Bakı
16 Oktyabr 2026 21:17
CəmiyyətDin

Dövlət hamınındır, onu heç kim öz inhisarına ala bilməz

Ölkədə bir hadisə baş verən, bir proses cərəyan edən kimi bir sürü (məhz sürü) adam sosial şəbəkələrin canına düşür. Başlayırlar ki, “dövlət, dövlət, dövlət… dövlətimizi sevirik, dövlətimizin yanındayıq”. Dövləti sevməyin, onun yanında olmağın bir ölçü vahidi var ki, sən daha çox sevirsən, mən və ya o daha az sevir? Yaxud sən daha çox yanındasan, mən və ya o daha uzağındadır?

Yazırlar ki, o başın açmayanlar, qərara etiraz edənlər gedib Əfqanıstanda yaşasınlar. Bunu deyənlərin hamısı birmənalı olaraq “dövlət, dövlət” deyənlərdir. Dövlət hamınındır! Dəli də, zırrama da, səy də, ağıllı da, alim də, həkim də, müəllim də, fahişə də, oğraş da, başıbağlı da, başıaçıq da, dalıbağlı da, dalıaçıq da bu dövlətindir! Vətəndaşlığı var? Seçib-seçilmək hüququ var? Var! Bitdi! Əslində, Taliban təfəkküründə olanlar elə həmin o “Əfqanıstana gedin” deyənlərdir. Niyə? Taliban deyir ki, “belə yaşayacaqsan, ya da öləcəksən!”. Sən də deyirsən ki, “mən düşündüyüm kimi yaşayacaqsan, ya da Əfqanıstana gedəcəksən!”. Talibanla sənin aranda nə fərq var?

Dövlət nə göydən dolu ilə düşür, nə Allahdan gələn vəhylə yaradılır, nə də Böyük Partlayış (Big Bang) nəticəsində meydana gəlir. Bir proses baş verir; xalq dəlisi, zırraması, ağıllısı, oğrusu, fahişəsi, alimi, dinsizi, dindarı ilə birgə qərar verib dövlət olur! İnsanlar öz təbii hüquqlarından kəsib dövlətə verir ki, onu normal idarə etsin. Bu “dövlət, dövlət” deyənlər nə hüquq oxuyublar, nə də qanunlardan xəbərləri var.

Azərbaycan Konstitusiyasında yazılıb ki, din dövlətdən ayrıdır. Ancaq Azərbaycan dövləti, eyni zamanda, İslamı digər qanunları və qaydaları ilə öz üzərinə götürüb. Məscidlərə mollaları, axundları dövlət təyin edir! Ancaq kilsəyə keşişi, sinaqoqa ravini Azərbaycan dövləti təyin etmir. Dövlət İslamı mənimsəyir, digərlərinə isə sadəcə iş icazəsi verir. Yaxşı, dövlət niyə belə qərar verdi? Dövlət düşündü ki, yad ünsürlərdən, təsirlərdən və ideologiyalardan qorunmaq üçün İslama nəzarəti özü etsin. Dövlətin heç yerdə yazılmasa da, funksiyalarından biri din yaratmaq, xalq yaratmaqdır. Elə olmasaydı, İslam Universiteti niyə yaradılırdı? Azərbaycana din təkcə İrandan transfer edilir? Birmənalı olaraq buna “hə” desək, həm çox böyük səhv etmiş olarıq, həm də yalan danışarıq! Türkiyədən, Səudiyyə Ərəbistanından az təsir olub? Bu iki ölkə tərəfindən gələn və göz yumulan “N” qədər təsir saya bilərəm.

Hicabla bağlı yanaşmaları da izləyirəm. Didişməni qoyuram kənara; biri deyir səhvdir, biri deyir düzdür. Bəziləri də var ki, sınıq radio kimi eyni şeyi təkrarlayır: “İranın təsiridir”. Siz də küçələri gəzirsiniz, mən də. Küçədə siz də hicablı insan görürsünüz, mən də. O gördüyümüz hicablıların neçə faizi İrandakı kimi başını bağlayıb, neçə faizi başqa cür? Ənənəvi, klassik hicab və türban. Bunların fərqini belə bilməyən adamlar başımıza alim, bilici kəsiliblər! Azərbaycanda hicab məsələsinə etiraz edən xeyli sayda insan var ki, onlar dindar deyillər, şəxsi fikir olaraq da hicabın taxılmasına qarşıdırlar. Bir neçəsindən soruşdum ki, “həmişə qarşı olduğunuz şeyə görə indi niyə etiraz edirsiniz?”. Hamısı eyni şeyi dedi: “Hüquq, uşaqların psixologiyası və əlavə etdilər ki, o filankəslər qərarı elə formada müdafiə edir ki, istər istəməz qarşı çıxıram”. O adamları da başa düşürəm. Dünən Vilyam Volosluq (William Wallace) edib, bu gün küçüklük edəndə, istər-istəməz adam iyrənir! Əgər sənin cəmiyyətin bu adamları adam yerinə qoymursa, o adamların dili ilə nəyisə həyata keçirmək sadəcə olaraq əks-effekt verəcək. Azərbaycanda elə fiqurlar var ki, onlar hətta Allahın varlığını və ya yoxluğunu sübut etsələr belə, heç bir varianta inanılmayacaq. Birinci ağla gələn bu olacaq: “Görəsən, bu əclafın yenə hansı marağı var?”.

Gələk Türkiyə məsələsinə. Azərbaycanda hətta Türkiyədə oxumuş, yaşamış adamlar var ki, yazdıqlarına, danışdıqlarına baxırsan, məlum olur ki, bunlar zərrə qədər də Türkiyəni tanımırlar. Ötən dəfə də yazmışam: indiki adla Türkiyənin heç vaxt sizin dediyiniz kimi türkçülük, turançılıq əsas hədəfi olmayıb. Osmanlı bir neçə yüz il xilafət olub, ərazilərini də İslam bayrağı adı altında genişləndirib. Osmanlının hansı tarixində türkçülük olub? Sizi siyasi dəllallar aldadıblar ki, Türkiyənin hədəfi Turan qurmaqdır. Türkiyənin hədəfi yalnız və yalnız xilafətdir. Nəyə yanıb-yaxılıram? Türkiyənin bəzi siyasətini tənqid edəndə məni türk düşməni çıxaran tulalar vardı, nə oldu? Ağzımı açıb bir tənqidi fikir deyən kimi deyirdilər ki, “Şuşa bəyannaməsi var”. Şuşa bəyannaməsini məndən çox tənqid edən olmayıb. Niyə tənqid edirdim? Çünki qlobal aləmdə sürətlə cərəyan edən proseslərdə, o bəyannamənin tərəflərdən birinə edilən hücumun digərinə edilən hücum kimi dəyərləndirilməsi mexanizmi çox ləng idi. Yazanda ki, özümüz güclü olmalıyıq, güc olmalıyıq, gülənlər vardı, nə oldu?

Türkiyədə seçkilər keçirilən zaman bizim cəmiyyət iki yerə bölünürdü. Səsvermə hüququ olmayan adamlar Türkiyədəki seçkiləri türkiyəlilərdən daha çox müzakirə edirdi. Yazırdım ki, bu seçki başqa ölkənin daxili işidir. Türkiyə reaksiya verən kimi yadımıza düşdü ki, daxili işə qarışmaq olmaz. Bəli, qarışmaq olmaz! Onlar bizim, elə biz də onların. Qonşularla bağlı yanaşmam heç vaxt dəyişməyib: İrana Hind okeanına çıxış yolu kimi, Rusiyaya böyük bazar kimi, Türkiyəyə İran və Rusiyanı tarazlaşdırıcı dövlət və Avropaya strateji məhsulların çatdırılması vasitəsi kimi baxmalıyıq. Soyuqqanlı yanaşma budur. Bu ölkələrlə bağlı yerdə qalan bütün fikirlər romantikadır. Türkiyənin Azərbaycana yanaşmasının üzdə görünən hissəsi, dilə gətiriləni romantikadır; gerçək reallıq isə dövlət maraqları, imperiya maraqları, NATO maraqları, ABŞ maraqlarıdır. Bu o demək deyil ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiq, tərəfdaş deyil. Azərbaycanın Rusiya-İran təhdidinə qarşı Türkiyəyə, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi üçün Azərbaycana ehtiyacı var. Azərbaycanla Türkiyə arasındakı gərginlik ilk dəfə deyil. Ümumiyyətlə, coğrafi mövqeyimiz elədir ki, istəsək də, istəməsək də, qonşularla müəyyən dövrlərdə bu tip gərginliklər qaçılmazdır. Önəmli olan budur ki, bu tip gərginliklər zamanı proses elə idarə edilməlidir ki, öz cəmiyyətimizdə bölünmə baş verməsin. Bacarırıq? Qətiyyən! Bura qədər bəzi yerlərdə emosional olsa da, soyuqqanlı yanaşma idi.

Gələk məktəblərlə bağlı şəxsi subyektiv fikirlərimə. Həmişə dilə gətirmişəm: Azərbaycanda ən böyük problemlərdən biri uşaqların dilini ya rusca, ya da Türkiyə türkcəsində açmasıdır. Səbəb nədir? Cizgi filmləri. Azərbaycan dilində bir dənə normal cizgi filmi niyə yoxdur? Ölkədə saysız-hesabsız qəhrəman var, bir dənə nağıl qəhrəmanı tapıb nağıllar, hekayələr yaradılmır. Kvadratmetrinə dünyada bəlkə də ən çox “artist” bizim cəmiyyətin payına düşür, amma ölkədə normal serial yoxdur. Hicaba cahillik əlaməti kimi baxanlar var. Şəxsən mən elə düşünmürəm. Məni narahat edən əsas məsələ məktəbli yaşındakı qızların abortu və başqa əməliyyatları, narkotik istifadəçilərinin yaşının aşağı düşməsidir. İki gün əvvəl təsadüfən şahidi oldum: müəllim şagirdə dedi ki, “yoxlama gələcək, məktəbli forması al”, uşaq cavab verdi ki, “müəllim, atam çörəkpulu (qaçqınlar üçün) gələndə alacağını dedi”. Nə isə, saymaqla bitməz.

Hər gün bizi öldürürlər! Hökm deyil ki, bu, vuraraq olsun; yazdıqları, danışdıqları ilə məhv edirlər. Kopolun gülləsi dəyir, ölürsən, canını qurtarırsan, ancaq bu ölkədə elə fiqurlar var ki, yazaraq, danışaraq öldürürlər.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Qərb niyə irəli getdi, İslam dünyası niyə geridə qaldı?

redaktor

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor