19 C
Bakı
10 Oktyabr 2026 13:16
DünyaMuharibəSiyasət

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

Yəməndə vəziyyət sürətlə S.Ərəbistanın əleyhinə dəyişməkdə davam edir. “Ənsarallah” qüvvələri ölkənin Səna və Ədəndən sonra 3-cü ən böyük şəhərini mühasirəyə alıb. Şəhərin husilərin əlinə keçməsi zaman məsələsidir. Səudiyyənin maliyyələşdirdiyi və ABŞ dəniz piyadalarının təlim keçdiyi elit antihusi qüvvələr mühasirəyə düşüb. Taizdən sonra husilər Ədən şəhərinə hücum təşkil edəcəklər. Ədən də husilərin əlinə keçsə, Səudiyyənin Yəmənlə bağlı planlarının üstündən birdəfəlik xətt çəkmək olar. Bu halda MBS nəinki Yəmənə nəzarəti itirəcək, hətta S.Ərəbistanının təhlükəsizliyi də şübhə altına alınacaq.

Bunları nəzərə alan MBS “Məkkə sazişi” üzrə tərəfdaşlarına təzyiqi artırır və saziş üzrə öhdəliklərini yerinə yetirməyi tələb edir. Hüquqi olaraq saziş qüvvəyə minməyib, çünki o müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunmayıb. Lakin Türkiyə də, Pakistan da MBS-i “küsdürmək” istəmirlər, onun üçün vacib olduqlarını sübut etmək istəyirlər.

“Məkkə sazişi”nin problemi bundadır ki, onu imzalayarkən tərəflərin niyyətləri və gözləntiləri fərqli olub. Bu sazişlə hər tərəf öz maraqlarını qorumaq niyyətində olub – maraqlar isə eyni deyil. Səudiyyə artıq ABŞ-ın “təhlükəsizlik “çətirinin” boş söz olduğunu anlayıb və onu əvəz edən güc(lər) axtarır. Hazırda Səudiyyənin təhlükəsizliyinə, gələcək planlarına təhdid yaradan kimdir? İran və “Ənsarallah”. Deməli, yeni qarantlar təcili bu təhdidləri neytrallaşdırmalıdırlar. Lakin Türkiyə və Pakistan üçün İran və “Ənsarallah” təhdid yaratmır, ən azı mövcud təhdidlər arasında onlar axırıncı yerlərdə dura bilərlər. Yəni bu ölkələr sazişin təcili qüvvəyə minməsində maraqlı deyillər, onlar sazişi Orta Şərqdə yeni güc balansı yaratmaq niyyətilə imzalayıblar. Başqa sözlə, saziş Səudiyyəyə mövcud problemlərini həll etmək üçün lazımdırsa, Türkiyə və Pakistana gələcək potensial problemlərindən sığortalanmaq üçün vacibdir.

Türkiyə və Pakistan hazırda Səudiyyəyə kömək etməsələr, MBS “Məkkə sazişi”ndən (alyansdan) çıxa bilər. Türkiyə və Pakistan gələcək planları naminə sazişin ləğv olunmasını istəmirlər. Buna görə də MBS-in təzyiqinə reaksiya verməlidirlər. Bu səbəbdən oktyabrın 5-də Ər-Riyadda Alyansın Strateji siyasi və müdafiə komitəsinin təcili iclası oldu.

İclasda Türkiyə və Pakistan kollektiv müdafiə prinsipi çərçivəsində Səudiyyəni müdafiə etmək üçün əlaqələndirilmiş qüvvələrin və aktivlərin yerləşdirilməsini sürətləndirmək barədə razılığa gəldilər. Alyansa 3 illik müddətə ilk baş katib təyin edildi – Pakistanın təqaüddə olan general-leytenantı Nauman Mahmud. İclasdan sonra İslamabad Ər-Riyadı dəstəkləmək üçün Səudiyyəyə əlavə hərbi qüvvələr və aviasiya göndərdi. Türkiyənin xarici işlər naziri Hakan Fidan Alyansın müdafiə xarakterini vurğuladı, türk qoşunlarının xaricdəki hücum əməliyyatlarında birbaşa iştirakını istisna etdi. Lakin Ankara Səudiyyəyə hərbi-texniki yardım edəcək və orada hərbi baza yerləşdirəcək.

Türkiyə və Pakistan Alyansın müdafiə xarakterli olduğunu xüsusi vurğulayırlar. Bununla bildirirlər ki, onlar husilərə qarşı hücum əməliyyatlarında iştirak etmək öhdəliyi götürməyiblər, lakin Səudiyyəni husilərin və ya başqa qüvvələrin hücumlarından müdafiə etməyə hazırdırlar.

Türkiyə mediası hazırda ölkənin öz kontingentini birbaşa S.Ərəbistanına göndərəcəyini iddia edir. Orada onlar həmçinin ölkənin strateji obyektlərinin hava hücumundan müdafiəsini təmin edəcəklər. Belə vəziyyətdə Ankaranın S-400-ü 3-cü ölkəyə satmaq planı yeni məna kəsb edir. S-400 Ukrayna müharibəsində və qısamüddətli Hindistan-Pakistan münaqişəsində özünü doğrultmuş sistemdir (Dehli İsrail HHM sistemlərinə güvənsə də, İslamabadın atdığı, demək olar ki, bütün raketləri S-400-lər vurdu). Türkiyə S-400-lərinin bir özəlliyi də var – Ankara dünyada bu sistemi tam komplektasiyada satın alan yeganə ölkədir. Hətta Hindistan da onun daha ucuz komplektasiyasını alıb – buraxılış qurğularının sayı azdır və hava obyektlərini bütün hündürlüklərdə aşkar etmir. Ər-Riyad üçün S-400 əhəmiyyətli bir aktivdir. Husilərin bütün raket-dron məhsulları Tehranln raket proqramının bir qoludur. “Ənsarallah”ın raketləri iranlı həmkarlarından daha ucuzdur, çünki TTX-ları onlardan zəifdir. Buna görə də S-400, şübhəsiz ki, Səudiyyə Ərəbistanı üçün etibarlı bir “qalxan” olardı. Normal vəziyyətdə Rusiya S-400-ün Ər-Riyada satılmasına etiraz etməzdi. Bu həm də Rusiya üçün Yaxın Şərqdə böyük strateji perspektivlər açardı. Lakin indiki şəraitdə Rusiyanın mövqeyinin necə olacağı sual altındadır.

Pakistan silahlı qüvvələri Yaxın Şərqdə ən döyüş qabiliyyətli hesab olunur. Onların şəxsi heyəti yaxşı təlim keçib, komandirləri isə bacarıqlıdır. Dehlinin İslamabadla qarşıdurmada əsas üstünlüyü texnoloji və say üstünlüyüdür. Pakistan silahlı qüvvələri döyüş qabiliyyəti baxımından husilərlə eyni səviyyədədir. Problem ondadır ki, Pakistan ordusunun silahlarının əhəmiyyətli bir hissəsi Çin istehsalıdır. Pekin, əslində, İslamabadın ən vacib strateji tərəfdaşıdır. Çinin Yəmənə təcavüz üçün öz silah sistemlərindən, o cümlədən təyyarələri və raketlərindən istifadə edilməsinə icazə verməyəcəyi ehtimalı böyükdür. Pekin rəsmi olaraq Ədəndəki Yəmən hökumətini tanıyır, lakin təcavüzə qarşı çıxır və “Ənsarallah”la danışıqların tərəfdarıdır. Buna görə də Pakistanın S.Ərəbistana göndərdiyi kontingenti, çox güman ki, Ər-Riyad hərbi texnika ilə təmin etməli olacaq. Yeri gəlmişkən, Pakistanın raket proqramı İranın müvafiq proqramının “qohumudur”. Onların “əcdadı” isə Şimali Koreyanın proqramıdır. Hər üç ölkə bir çox ortaq texniki həllər və texnologiyalara malikdir.

ABŞ isə fürsətdən istifadə edib, türkləri və pakistanlıları husilərlər, dolayı yolla İranla müharibəyə qoşmaq istəyir. Bunun üçün mətbuatı təxribat məlumatları ilə doldururlar. Məlumat verildi ki, Yəmən hökumət qüvvələrinin Moxaya 5 oktyabr genişmiqyaslı hücumunda Pakistan pilotları da iştirak ediblər (həmin əməliyyatda Səudiyyənin 100-ə yaxın təyyarəsi hücuma hava dəstəyi vermişdi). Pakistan hökuməti bu məlumatı təkzib etdi. Eyni zamanda məlumat verildi ki, Suriya husilərə qarşı döyüşlərdə iştirak etmək üçün Səudiyyə 10 min nəfərlik qoşun göndərib. Suriya hökuməti də bu məlumatı təkzib edərək bildirdi ki, o S.Ərəbistanını dəstəkləsə də hərbi əməliyyatlarda iştirak etmək niyyəti yoxdur və münaqişənin danışıqlar yolu ilə həlli tərəfdarıdır.

Beləliklə, Qərb hələlik Yaxın Şərqdə istədiyi müharibəyə nail ola bilmir, lakin bunun üçün hələ çox çalışacaq.

 

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın Moskva reysləri təxirə salınıb

admin

Zelenski Vaşinqtonu sərt tənqid etdi

redaktor

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor