Azərbaycana genişmiqyaslı şəriət ixracı tarixdə olduğu kimi müstəqilik illərində də ilk olaraq ərəb dövlətlərindən başlamışdı.
Birinci Qarabağ Müharibəsində məğlubiyyət və işğal, yüz minlərlə qaçqın və köçkünün yaratdığı sosial-humanitar böhran, ard-arda hakimiyyət dəyişiklərinin yaratdığı siyasi böhranın siyasi kimliyin formalaşmasına vurduğu ağır zərbə zəngin ərəb dövlətlərinin Azərbaycana din adı altında öz məzhəb və təriqqətlərini ixrac etməsi üçün münbit şərait yaratmışdı.
Əsrin müqaviləsi ilə Azərbaycanın tədricən güclənməsi, siyasi sabitliyin bərqərar olmasının nəticəsi olaraq Azərbaycan siyasi kimliyinin formalaşma prosesinin sürətlənməsi nəhayət ki, dövlətin güzəştçil mövqedən çıxaraq qətiyyətli addımlar atmasına imkan verdi. “Əbu Bəkr” məscidinin bağlanması, radikal sələfi qruplaşmalarına qarşı qətiyyətli addımlar və cəmiyyətin dəstəyi ərəb dövlətlərinin Azərbaycana din adı altında öz məzhəb və təriqqətlərini ixrac etməsinin qarşısını aldı.
Ərəb dövlətlərindən sonra İran Azərbaycanda özünə yaxın cəmiyyət formalaşdırmağa cəhd etdi. İranyönümlü siyasi və ictiami təşkilatların Azərbaycan dövlətinin siyasi kimliyinin ən mühüm sütunlarından olan mədəni kimliyinı qarşı hücumu “çadraya azadlıq” şüarı ilə başladı.
Azərbaycan cəmiyyətinin İrana qarşı özünüqoruma instinktinin işə düşməsi, dövlət hakimiyyətinin yenə qətiyyətli qərarları İranın Azərbaycanda özünə yaxın toplum formalşdırmaq, Azərbaycanın siyasi və mədəni kimliyini məhv etmə siyasətinə çox ağır zərbə vurdu.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda yüksələn Türkiyə sevgisindən sui-istifadə edənlər Azərbaycana hicab “modası” ixrac etməyə başladılar. Dəfələrlə edilən qeyri-rəsmi xəbərdarlıqlara baxmayaraq prosesin davam etməsi Azərbaycan dövlətinin səbrini daşırırdı. Qənatimcə, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə özünün 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” qərarına dəyişiklik edərək təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərini qadağan etməsi dövlət hakimiyyətinin ilk addımıdır. Dövlət hakimiyyətinin bu siyasi heç şübhəsiz ki, tam qərarlığı ilə davam etməlidir. Azərbaycan cəmiyyəti dövlət hakimiyyətinin qərarlarını qətiyyətlə dəstəkləməlidir. Bir çox ziyalı və ictimai rəy liderinin göstərdikləri mövqe alqışa layiqdir. Lakin, çox yanlış olaraq bəzi alim, ictimai-siyasi fəalın Türkiyəyə xoş görünmək üçün Türkiyədəki siyasi islamçıların mövqeyindən çıxış etmələri də qətiyyətlə pislənməlidir.
“Azərbaycan Türkiyənin, Rəcəb Tayyip Ərdoğanın başörtsüsü ilə bağlı həsaslığını nəzərə almalıdır” fikirini tirajlayanlar da bədnam əməllərindən çəkinməlidirlər.
Azərbaycan istiqlalının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Parlamentin 27 aprel 1920 tarixli sonuncu iclasında etdiyi çıxışı yenidən xatırlamağa ehtiyacımız var: “Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik…”
Türkiyə qardaş dövlət olsa da ondan gələn hicab “modası” şəriətin ilk addımıdır. Təəssüf ki, Türkiyənin qardaş dövlət olması cəmiyyətin özünüqoruma instinktinin tam gücü ilə işə düşməsinə maneə olur. Bu mənada Türkiyə təhlükəsi İran və ərəb təhlükəsindən daha təhlükəlidir.
Bizim üzərimizə düşən vəzifə dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin yaratdığı mədəni kimliyə, Məhəmməd Əmin Rəsulzadənin təməllərini atdığı və Nəriman Nərimanov istisna olmaqla Azərbaycanın bütün hökumət və dövlət başçılarının sahib çıxdığı siyasi kimliyə kimsənin, hətta qardaş Türkiyənin də zədələməsinə imkan verməməkdir.
