Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov dünən UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Müsahibəni sizə təqdim edirik:
– Oyunla bağlı nə deyə bilərsiniz?
– Nə deyə bilərik? Üzgünük. Artıq bütün komandalar futbol oynaya bilir. İstəyirdik ki, qələbə qazanaq. Şanslarımız oldu. Sadəcə qol vura bilmədik. Eyni sözləri deyəcəyik. Özünüz hər şeyi gördünüz.
– Bəs qol vurmaq üçün nə çatışmadı?
– Soyuqqanlılıq. Mahir Emreli qol vura bilmirsə – ən usta futbolçumuz – onda da alınmırsa, deməli, qələbə qazana bilməyəcəyik. Təbii ki, hər şeyi Mahirdən gözləmirik, başqa futbolçularımız da var. O da qol vura bilmirsə, nəsə demək çətindir.
– Bu nəticə növbəti oyuna təsir göstərəcək?
– Əlbəttə. Lakin matçdan dərhal sonra uşaqlarla danışdıq ki, hər şeydən uzaq olaq. Özümüz toparlanacağıq, birlikdə söhbətimiz olacaq. Bu vəziyyətə özümüz düşmüşüksə, özümüz də çıxmalıyıq. 2 oyun, 2 qələbə – artıq başqa cür danışacağıq.
– Nəticəyə görə azarkeşlərdən üzr istəmək fikriniz var?
– Stadiona gələnlərdən, oyunu izləyənlərdən üzr istəyirik. Danışılası bir şey yoxdur.
– Rəqibin qazanılan bir xalı çılğınlıqla qeyd etməsi sizdə qıcıq yaratdı?
– Meydanda gördüm. Pis təsir elədi. Ona görə uşaqlara dedim ki, meydandan çıxsınlar. Mənə xoş olmadı. Lakin güclü rəqiblərdən xal alanda biz də belə sevinirik.
– Litva ilə matçdan gözləntiləriniz nədir?
– Tək Litva yox, qarşıdakı iki oyunun ikisində də qələbə qazanmaq lazımdır.
– Demək olar ki, Lixtenşteynlə matç millimizin D Liqasına layiq olduğunu göstərdi?
– Xeyr, biz D Liqasına layiq deyilik. Bunu göstərəcəyik. (Qol.az)
