“300 milyon dollara da “qotur keçi” olar”, – deməyin. Misirin başında Sisi kimi firon oturubsa olar
ABŞ İranla müharibədə “oynadığı faydalı rolu” nəzərə alıb Misirə hərbi yardımla bağlı tətbiq etdiyi insan hüquqları şərtindən imtina edib.
Məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Açığı, Misirin bu zamana qədər ABŞ-İran müharibəsində hər hansı “faydalı rol” oynadığı da məlum deyil. Görünür, Dövlət Departamenti Misir prezidenti Sisini utandırmamaq üçün “oynayacağı” əvəzinə “oynadığı” deməyə üstünlük verib. Bu isə o deməkdir ki, ABŞ Misirin yaxın zamanlarda İrana qarşı koalisiyada yer alacağına inanır.
Sual edə bilərsiniz; ABŞ Misirə nə qədər hərbi maliyyə dəstəyi verir ki, ona tətbiq etdiyi insan hüquqları şərtini də ortadan qaldırır?
Təəccüblənəcəksiniz, yəqin ki. Söhbət cəmi 300 milyon dollarlıq yardımdan gedir.
Baxmayaraq ki, Misir 1979-cu ildə İsrail ilə sülh müqaviləsi imzaladıqdan sonra ABŞ ona ildə təxminən 1,3 milyard dollar ABŞ hərbi yardım verirdi. 2013-cü ildə, yəni tam 13 il əvvəl Misirin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursi ordu tərəfindən devrildikdən sonra ABŞ bu yardımı dayandırdı. Bəhanəsi isə “inqilabçı Sisi hökumətinin” Mursi tərəfdarlarına divan tutması oldu.
ABŞ yardımın davam etməsi üçün Misir hökumətinə insan hüquqlarını şərt qoşdu. Yəni Qahirə nə zaman insan hüquqlarına sayğı ilə yanaşmağı öyrənəcəksə, Vaşinqton da ona yardım verəcəkdi. Eynilə sirkdə təlimçisinin əmrlərini yaxşı yerinə yetirən heyvanlara qənd yedirildiyi kimi…
İlk dəfə bu şərt 2024-cü ildə dövrün ABŞ prezidenti Co Bayden tərəfindən dayandırıldı. Bayden hökuməti HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu əsas gətirib yardım qarşılığında insan hüquqları şərtini qaldırmışdı. Həmin il Misirə 1.3 milyardlıq hərbi dəstək paketi tam olaraq ödənilmişdi. Başqa sözlə, Misir ordusunun saqqızı 1.3 milyardlıq dollar müqabilində oğurlanmış, yüyəni Yaxın Şərqdəki digər ABŞ müttəfiqlərinin ayağına bağlanmışdı.
2025-cu ildə Tramp hakimiyyəti vəzifəni Baydendən dövr aldıqdan sonra Misirin işə yaramazlığı nəzərə alınıb ona verilən hərbi dəstək 320 milyon dollara endirilmişdi. Bu il həmin məbləğ 20 milyon dollar da ixtisar olundu. Qısası, Misir uzun illərdir sözün böyük mənasında “qotur keçi” qiymətinə satın alınır.
Bəs, Misirin bu hörmətsizliyə reaksiyası nə olacaq? O, dövlət qürurunu əsas gətirib bu “dilənçi payı”ndan imtina edə biləcəkmi?
Sanmıram. Misir, yəqin ki, özünün ABŞ-a sədaqətini nümayiş etdirmək və yenidən 1.3 milyard dollarlıq hərbi dəstəyi ala bilmək üçün Vaşinqtonun “quyruğu”ndan daha möhkəm yapışacaq. Üstəlik, bunu etməmək üçün “əsası” da yoxdur. Çünki İranın dəstəklədiyi Yəmən husiləri Babül-Məndəb boğazını bağlamaqla faktiki olaraq Misirin də “quyruğunu” tapdalayır. Zira Babül-Məndəb boğazının bağlanması Misirin ildə 9-10 milyard dollar qazandığı Süveyş kanalının da bağlanması anlamına gəlir.
Əhalisi 120 milyona yaxınlaşan, ÜDM-u 365 milyard dollar, illik büdcəsi 90 milyard dollar olan, normal hallarda hər il 30 milyard dollar büdcə açığı verən Misir üçün bu məbləği itirmək ölümcül yara almaq deməkdir. Misir ən azı ayaqda durmaq və iqtisadi böhranla üzləşməmək üçün ABŞ-ın ona göstərdiyi istiqamətdə yürüməyə məhkumdur. Bu yol isə onu digər Yaxın Şərq ölkələri ilə yanaşı məzhəb müharibələrinə aparır.
Qısası, ABŞ cəmi 300 milyon dollarlıq “qotur keçi” qiymətinə təkcə Misiri özünü və regional müttəfiqlərinin, o cümlədən İsrailin quyruğuna bağlamaqla qalmır, həm də bütün Yaxın Şərqi 10 illər boyu içindən çıxılması mümkün olmayan məzhəb müharibələrinə sürükləyir.
Sözsüz ki, bütün bunları, bəzilərinin düşündüyü kimi, İsrailin xətrinə də etmir. Əksinə, bu siyasətdə ərəb və müsəlman ölkələri kimi İsrail də seçilmiş bir qurbandır (Necə ki, İran savaşında bunu dəfələrlə gördük). ABŞ-ın başlıca hədəfi həm müsəlman ölkələrini bir-birinə düşürmək və İsraillə savaşdırmaqla Çinin və digər Şərq yarımkürəsi dövlətlərinin əsas enerji mənbəyi sayılan Yaxın Şərqi keçilməz hala gətirməkdir. Əks halda, xüsusilə Çinin iqtisadi və hərbi yüksəlişi qarşısında geri çəkilməli və dominatlıq estafetini ona verməli olacaq.
