18 C
Bakı
02 Oktyabr 2026 10:40
DünyaSiyasət

Hakan Fidanın Misir fiaskosu

Misirli hərbiçilərin və Misir Hərbi Hava Qüvvələrinə məxsus Airbus C295 hərbi nəqliyyat təyyarəsinin oktyabrın 1-də Kiprin müstəqilliyinin 66-cı ildönümü münasibətilə keçirilən hərbi paradda iştirakı Azərbaycan diplomatı Məqsəd Hüseynovun İsrailin Baş naziri Beynamin Netanyahunun BMT-də çıxışını baykot kampaniyasına qoşulmamasına görə Azərbaycanı Kafkasya Stratejik Araştırmalar Merkezinin (KAFKASSAM) başqanı, professor Hasan Oqtay kimilərinin dili ilə təhdid edən Türkiyə hökumətinə, xüsusilə də Ankaranın xarici siyasətinə rəhbərlik edən Hakan Fidanın növbəti fiaskosu oldu.


Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin “Məkkə paktı”nı imzalamasından bir gün sonra Hakan Fidan Anadolu Agentliyinə müsahibəsində Misirin də çox yaxın günlərdə bu ittifaqa qoşulacağını bəyan etmişdi. “Məkkə paktı”nın 2 il 8 aylıq diplomatik fəaliyyətin nəticəsi olduğunu qeyd edən Hakan Fidan Misirin sazişi imzlayan dövlətlərin arasında olmamasını texniki səbəblə izah etmişdi.

“Məkkə paktı”nın imzalanmasından təxminən 2 aya yaxın vaxt keçir və həmin “texniki səbəb” həll edilmədiyi üçün Misir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin imzaladığı sazişə qoşulmur. Ancaq Kiprin müstəqilliyinin 66-cı ildönümü münasibətilə keçirilən hərbi paradda Misir bir bölük əsgəri və Airbus C295 hərbi nəqliyyat təyyarəsi ilə iştirak edir.

110 milyon əhaliyə malik, strateji Süveyş kanalına malik Misir ərəb çoğrafiyasının ən strateji ölkəsi hesab olunur. Hərb dahisi Napoleon deyirdi ki, Misirə sahib olan Şərqin sahibi olar (Quiconque maître de l’Égypte, l’est de l’Orient).
Əlbətdə, bu hərbi strategiya təyyarələrin, təyyarədaşıyan gəmilərin, uzaqmənzilli ballistik raketlərin olmadığı XVIII əsrin sonu, XIX əsrin əvvələri üçün ən doğru dəyərləndirmə idi.

Təyyarələrin, təyyarədaşıyan gəmilərin, uzaqmənzilli ballistik raketlərin kəşfindən sonra Misirin hərbi strateji əhəmiyyəti azalsa da, dünya ticarətinin XVIII əsrin sonu, XIX əsrin əvvələri ilə müqayisədə fantastik dərəcədə artması Misirin lojistik əhəmiyyətini kəskin artıb. Aralıq dənizilə Qırmızı dənizi birləşdirməklə Hind okeanına Aralıq dəniz hövzəsindən ən qısa yolu təmin edən Süveyş kanalı Misirin strateji əhəmiyyətini üç əsr olduğu kimi önə çıxarıb. Buna görə də Misirin hansı blokda yer alacağı da strateji məsələyə çevrilib.

Türkiyə Misir uğrunda strateji rəqabəti tam uduzmasa da, Qahirənin Ankaradan məsafə saxlamağa çalışdığı göz önündədir. Qahirənin belə davranacağı Bakıdan göründüyü halda Ankarada bunu görə bilməmələrinin bütün məsuliyyəti Misirin “Məkkə paktı”na qoşulmamasını “texniki səbəb”lə izah edən Hakan Fidanın üzərinə düşür. Oktyabrın 1-də Nikosiyada keçirilən hərbi parad türk-kürd-ərəb qardaşlığını bəyan edən Prezident Rəcəb Tayyip Ərdoğana da, bu qeyri-ciddi tezisi tirajlayan şərhçi, ekspet və “akademisyen”lərə də dərs olmalıdır. Əks halda belə fiaskolar çox yaşanacaq.

Bəzi məlumatlara görə səkkiz, bəzi məlumatlara görə onbir ərəb ölkəsinin Birləşmiş Ərəb Əmirliyində İsrailin Baş naziri Beynamin Netanyahunun liderliyi ilə toplantı keçirməsi isə çox ciddi məsələlərdən xəbər verir. Çünki, siyasi liderlər səviyyəsində keçirilən toplantı texniki məsələlərlə bağlı ola bilməz. Beynamin Netanyahunun liderliyi ilə keçirilən toplantıda ərəb ölkələrinin nələri müzakirə edə biləcəkləri başqa yazının mövzusudur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

300 milyon dollarlıq “qotur keçi” və ABŞ-ın Yaxın Şərq siyasəti

redaktor

Möcüzə sayılacaq təyyarə xilası…

redaktor

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor