Tbilisidə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı Ermənistan vətəndaşı saxlanılıb.
Gürcüstan mediasının məlumatına görə, saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğunu onun vəkili Teona Peradze təsdiqləyib.
Hadisə barədə məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, büst sentyabrın 21-də səhər saatlarında zədələnib.
Onun sözlərinə görə, hadisədə şübhəli bilinən şəxs saxlanılıb, Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar istintaq və prosessual tədbirləri davam etdirirlər.
Səfir “Aktual.ge”yə açıqlamasında istintaq yekunlaşmadığı üçün işin detalları barədə danışmaq istəmədiyini bildirib:
“Bəzi insanlar, media nümayəndələri və ya digər dairələr bu məlumatla bağlı spekulyasiya edirlər. Onları belə məlumatları yayarkən ehtiyatlı olmağa çağırıram. Prosessual hərəkətlərin başa çatması lazımdır. Əminik ki, cinayəti törədən şəxs Gürcüstan qanunvericiliyinə uyğun şəkildə cəzalandırılacaq. Ona görə də istintaqın nəticələrini gözləyək”.
Faiq Quliyev hansı məlumatları “spekulyasiya” adlandırdığını açıqlamayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı xarici ölkə vətəndaşının saxlanıldığını təsdiqləyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin başqasının əmlakının əhəmiyyətli zərərə səbəb olan zədələnməsi və ya məhv edilməsini nəzərdə tutan 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.
Bu maddə cərimə, ictimai və ya islah işləri, ev dustaqlığı, həmçinin bir ildən beş ilədək həbs cəzası nəzərdə tutur.
DİN və prokurorluq işin digər detalları barədə məlumat verməyib.
Hazırda büstün üzəri örtülüb. Yerli medianın məlumatına görə, onun üz hissəsinin bir parçası qırılıb. Abidənin hansı vasitə ilə zədələndiyi, istintaqın hansı sübutlara malik olduğu və hadisənin motivi hələ açıqlanmayıb.
Saxlanılan şəxsin vəkili Teona Peradzenin sözlərinə görə, müdafiə etdiyi şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və hazırda susmaq hüququndan istifadə edir.
“Onun Gürcüstanla sıx əlaqələri olmayıb, ölkəyə turist kimi gəlmişdi”, – vəkil bildirib.
Peradzenin sözlərinə görə, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə ilkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.
Vəkilə istintaqın topladığı sübutlar təqdim olunub. Lakin o, həmin sübutlar arasında hadisəni əks etdirən videogörüntünün olub-olmadığını açıqlamayıb.
Heydər Əliyevin abidəsi daha əvvəl də zədələnib
Heydər Əliyevin büstü bir neçə il əvvəl də zədələnmişdi.
2017-ci ildə də Tbilisidə, Kür çayının sağ sahilində yerləşən Heydər Əliyev memorialının üzərinə qırmızı boya atılmışdı. Tbilisi meriyasının təmizlik xidməti abidəni ertəsi gün təmizləmişdi.
Tbilisinin Abanotubani ərazisində yerləşən Heydər Əliyev adına park və büst 2007-ci il mayın 12-də Gürcüstanın o vaxtkı prezidenti Mixeil Saakaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb.
Həmin ilin fevralında Tbilisidə Kür çayının sağ sahilindəki küçənin bir hissəsinə Heydər Əliyevin adı verilib və burada onun xatirə lövhəsi yerləşdirilib.
Gürcüstanın Rustavi şəhərində də Heydər Əliyevin adını daşıyan park və abidə var.
Tbilisidə Heydər Əliyev adına mədəniyyət mərkəzinin tikintisi də planlaşdırılır. Layihə çərçivəsində Qorqasali küçəsi və ətrafındakı bəzi özəl mülklərin ekspropriasiyası nəzərdə tutulub. Yerli sakinlərin bir qismi bu qərara etiraz edib.
Heydər Əliyev 1993–2003-cü illərdə Azərbaycan prezidenti olub. Onun prezidentliyi dövründə Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan neft kəmərləri də daxil olmaqla, Gürcüstandan keçən bir sıra enerji layihələrinin icrasına başlanılıb.
2003-cü ildə keçirilən prezident seçkisində onun oğlu İlham Əliyev prezident seçilib.
Beynəlxalq insan hüquqları təşkilatları həm Heydər Əliyevin, həm də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan hakimiyyətini siyasi opponentlərə və hökumət tənqidçilərinə təzyiqlər, ifadə və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması və digər insan hüquqları pozuntuları ilə bağlı tənqid ediblər. (AbzasMedia)
