O anda gözlərində yarımçıq qalmış bir ömrün həsrət yanğısı sönməkdə olan odun son işartısı kimi öləziyirdi.
O, gözlərdə gerçəkləşməmiş arzuların son çarəsiz çırpınışı öz yorğunluğuna təslim olmaqdaydı.
Onun solğun nəzərləri bu dünya ilə halallaşmaq yerinə, onda qalmış haqqının ardınca baxırdı.
Küsdüyü taleyinin geri qalan ömür yazısından üz çevirmişdi sanki bu baxışlar, daha gələcəklə bağlı yazılanları oxumaq istəmirdi.
Vücudunu sarmış ağrılarla, əzablarla bir də göz-gözə gəlmək istəmirdi, o anda ağrının, acının olmadığı başqa bir dünyaya baxırdı bu gözlər.
Ümidsizlikdə qərq olub bir daha heç vaxt yeni bir sabaha açılmayacağı ilə barışmışdı bu gözlər.
Uzun bir savaşdan sonra nəfəsini kəsən amansız xəstəliklə çarpışmaqdan bezib canını təslim etməyə razılıq vardı bu baxışlarda.
“Selcanın məmləkəti”nin azad, qürurlu sabahına gedib çıxmayan həyatının iztirab və nigarançılığı hopmuşdu gözlərinin saralmış aynasına.
Hər zaman dili ilə birgə danışan baxışları bu məqamda susmuşdu, sözün bitdiyi yerdə həm də ömrünün bitdiyini anlamışdı.
Keşməkeşli bir ömrün həyat hekayəsini baxışlarının dərinliyində sətirlərə düzərək onu oxumaq istəyənlərə son yazısı kimi çatdırmaq istəyirdi sanki.
Sanki bu nəzərlərini bir vicdan yükü kimi onu bu hala salanların ürəyinə yükləyib, onları hesabını verə bilməyəcəkləri günahlarla baş-başa buraxırb getməyə hazırlaşırdı.
Getdi də…
