Və bu ağrı bədənimə hakim kəsilən ağrıların hamısını mənə unutdurdu..
Bu gün çox ağrıdım, Əvəz…
Çox…
Axşama kimi sözlər boğazımda düyünləndi. Yazmaq istədim, yaza bilmədim,çırpındım-çırpındım,söz gəlmədi.
Kürdəxanı qəbiristanlığı son mənzilin oldu.. İçim üşürgələndi. Kürdəxanı adını eşidəndə əlim-qolum sustaldı.. Onsuz da bu ad içimizə yetərincə vahimə, xof salıb..Sənin ölüm xəbərin doğru ola bilməz deyə dostlara nə qədər telefon açdım dünən.
Fikrim qarışıq idi, deyirdim bir azdan telefon zəng çalacaq, kimsə bu xəbərin yalan olduğunu deyəcək. Efirdə Əvəz yenə o özünəməxsus şaqraq səsi ilə danışacaq, nəyinsə üstündə əsəbiləşəcək, kiminsə dərdinə dərman olacaq.
Amma telefon susdu.. Amma Əvəz susdu.
Beləcə ən ağır həqiqət gəlib qabağımı kəsdi.
Əvəz yoxdur, dünən var idi,
bu gün yoxdur.
Ömrümüzün ən amansız tərəfi də budur.
Əvəz, əziz Əvəzimiz, gözəl Əvəzimiz, bu gün mən sənin bioqrafiyanı yazmaq istəmirəm.
Bu gün mən sənin gördüyün işləri sadalamaq istəmirəm.Bu gün sənin qoyub getdiyi bir izdən danışmaq istəyirəm, yazmaq istəyirəm.
Hərdən sərt,hərdən mübahisəli.
Heç də hamının xoşuna gəlməyən, amma görünən.
Səsi olan, özü olan.
Ən əsası isə susmayan.
İndi o səs susub.
Və mən elə buna ağrıyıram.
Çünki bu ölkədə çox adam danışır, amma hər danışanın öz səsi olmur.
Çox adam yazır, amma hər yazanın öz sözü olmur..
Əvəz, sən öz səsini yaratmışdın.
O səs indi yoxdu.
Bir şəklin var, bir görüntün var sosial şəbəkələrdə, xəstə halınla, üzüntülü görkəminlə bir qucaq kitab götürüb gəlirsən. O görüntü bizi, səni sevənləri ölənə kimi yandıracaq..
Əvəz, sən xəstəlikdən ibarət deyildin, ağrıyan bədəndən ibarət deyildin.
Sən bu xəstə cəmiyyətin ağrılarına məlhəm idin.
Səndən hamı danışacaq, həmişə danışacaq jurnalistliyindən, həyatındakı çətinliklərdən..
Sən təkcə Əvəz deyildin.
Sən bir dövrün səsi idin.
Bu gün çox ağrıdım, Əvəz…
Çox.
Bəlkə ona görə ki, ölüm xəbərin gələndə mən sənin xəstəliyini yox, sağlam günlərini xatırladım.
Səsini.
Gülüşünü.
Sözünü.
Efirə çıxanda üzündəki ciddiliyi.
Əziz qardaş, sən cavabdan çox, həqiqətin özünü axtarırdın.
İndi isə həyat sənə ən ağır cavabı verdi.
Sükut.
Təəssüf ki, söz adamlarının əsl taleyi budur.
Bu gün mən sənin haqqında böyük sözlər yazmaq istəmirəm.
Çünki böyük sözlər ölümün qarşısında süni görünür.
Sadəcə demək istəyirəm:
Səni itirmək ağrıdır, Əvəz.
Bu qədər.
İnsanın bir insan üçün deyə biləcəyi ən böyük söz bəzən budur.
Sənin yoxluğun ağrıdır.
Sənin yarımçıq qalan sözlərin ağrıdır.
Sənin yarımçıq qalan işlərin ağrıdır.
Sənin ailənin ağrısıdır, dostlarının ağrısıdır, səni sevənlərin ağrısıdır.
Səsin qulaqlarımda əks-səda verir..
Bu gün hamı Tanrı deyir şeytana,
Günü sabah tək çıxaram meydana,
Mən ölərəm hamınızın yerinə.
Əvəz…
Sən indi cavab verə bilməyəcəksən.
Mən də sənə sual verməyəcəyəm.
Bu dəfə sual vermək mənim yox, həyatın işidir.
Mən sadəcə bunu deyəcəyəm:
Rahat yat.
Bu dünyanın səs-küyü artıq sənin deyil.
Bu dünyanın mübahisələri artıq sənin deyil.
Bu dünyanın incikliklər, xəstəlikləri, problemləri, davaları, qəzəbləri, şöhrəti, tələskənliyi artıq sənin deyil.
Sən indi torpağın sükutundasan.
Biz isə hələ buradayıq.
Hələ danışırıq.
Hələ yazırıq.
Hələ ağrıyırıq.
Hələ itiririk.
Hələ bir gün özümüzün də həmin yola gedəcəyimizi bilməyimizə baxmayaraq, sabah üçün plan qururuq.
Ölümün qarşısında dayanıb yenə sabahı düşünürük..
Amma bu gün mən sabahı düşünmək istəmirəm.
Bu gün mən səni düşünürəm.
Bu gün mən sənin adını düşünürəm.
Bu gün çox ağrıdım, Əvəz…
Çox…
Bir gün köhnə bir video qarşıma çıxacaq.
Səsini eşidəcəyəm.
Bir anlıq elə biləcəyəm ki, yenə ordasan.
Yenə danışırsan.
Yenə sual verirsən.
Yenə etiraz edirsən.
Yenə həyatın içindəsən.
Sonra video bitəcək.
Ekran qaralacaq.
Və mən yuxudan ayılacam..
Əvəz yoxdur.
O an ağrı yenidən gələcək.
Bəlkə də ölüm budur.
Bir dəfə baş verən hadisə deyil.
İnsanın yoxluğunu hər xatırlayanda yenidən yaşadığımız ayrılıqdır.
Bu yazının sonunda sənə nə deyim?
Əlvidamı deyim?
Yox.
Çünki qəlbimizdə yaşayan adama əlvida demək çətindir.
Mən sənə sağ ol deyəcəyəm.
Sözün üçün, iradən üçün,
mübarizən üçün.
Jurnalist kimi, adam kimi keçdiyin şərəfli yol üçün.
Və ən çox da öz səsini qorumağa çalışdığın üçün.
İnsanın ikinci həyatı onun ölümündən sonra başlayır.
Sənin ikinci həyatın bu gün başladı, Əvəz.
Və mən bu gün çox ağrıdım, Əvəz… Çox.
Allah sənə rəhmət eləsin.
Torpağın yumşaq olsun.
Ruhun şad olsun.
