26 C
Bakı
27 Sentyabr 2026 14:15
DünyaSiyasət

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mö

İsrailin baş naziri Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması Türkiyədə yenə müəyyən çevrələrin Azərbaycana qarşı qara kampaniyasına bəhanə oldu.

Yenə eyni çevrələr, yenə eyni ritorika, yenə Azərbaycanı hədəfə gətirmək cəhdi…

Türk adı altında gizlənən türk düşmənləri fürsət düşən kimi Azərbaycanı Türkiyə ictimaiyyətinin qarşısında az qala düşmən dövlət kimi təqdim etməyə, eyni millətin iki dövlətinin arasına nifaq salmağa çalışırlar.

Sual olunur: niyə məhz Azərbaycan?

Zalı tərk etməyən təkcə Azərbaycan nümayəndəsi deyildi. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir sıra başqa dövlətlərin nümayəndələri də zalda qalmışdı. Amma nədənsə Azərbaycan məsələsində göstərilən “həssaslıq” onların heç birinə münasibətdə göstərilmir.

Bir məsələni isə birdəfəlik anlamaq lazımdır:

BİZ VASSAL DEYİLİK, QARDAŞIQ!

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın öz milli maraqları, öz xarici siyasəti, öz diplomatik münasibətləri var. Bakı beynəlxalq münasibətlərini başqa bir dövlətin nə istəyib-istəməməsinə görə deyil, Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun qurur.

Türkiyə bizim qardaş dövlətimizdir. Biz bir millətin iki dövlətiyik. Amma qardaşlıq bir dövlətin digərinə tabe olması demək deyil. Əksinə, həqiqi qardaşlıq bir-birinin müstəqilliyinə, suverenliyinə və dövlət maraqlarına hörmət etməkdir.

Bunu yalnız Azərbaycan–Türkiyə münasibətlərinə deyil, bütövlükdə Türk dünyasına aid etmək lazımdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biridir. Türk dünyasının siyasi, iqtisadi və mədəni baxımdan yaxınlaşması, Türk dövlətləri arasında əlaqələrin güclənməsi Azərbaycanın illərdir yürütdüyü siyasətin əsas istiqamətlərindəndir.

Amma Türk birliyi vassallar birliyi deyil!

Türk dövlətlərinin hər biri müstəqil dövlətdir. Hər birinin öz dövlət maraqları, xarici siyasət prioritetləri, regional münasibətləri var. Türk birliyi də məhz müstəqil və güclü Türk dövlətlərinin ortaq maraqlar ətrafında birləşməsi ilə güclü ola bilər.

Əgər həqiqətən böyük və güclü Türk dünyası istəyiriksə, Türk dövlətlərindən bir-birinin xarici siyasətinin surətini çıxarmağı tələb etməməliyik. Əksinə, onların suverenliyinə hörmət etməli, ortaq maraqlarımızı böyütməliyik.

Bu gün Türkiyədə oturub hər fürsətdə Azərbaycanı ittiham edənlər Azərbaycanı “düşmən” çıxarmağa sərf etdikləri enerjini Türk dövlətlərinin daha böyük birliyə çevrilməsinə sərf etsəydilər, Türk dünyasına daha böyük xidmət etmiş olardılar.

Bir məsələni də unutmasınlar:

Bizim də deyiləcək çox sözümüz var!

Biz də istəsək, çox məsələləri gündəmə gətirə, çox suallar verə, çox şeyləri açıb danışa bilərik.

Amma etmirik!

Çünki Azərbaycan–Türkiyə qardaşlığı bizim üçün gündəlik siyasi polemikalardan daha böyükdür. Biz eyni millətin övladlarıyıq. Dövlətlərimiz ayrı olsa da, millətimiz, tariximiz, dilimiz, mədəniyyətimiz və gələcəyə baxışımız bizi bir-birimizə bağlayır.

Məhz buna görə deyiləcək çox sözü demirik. Məhz bu qardaşlığa xələl gəlməsin deyə bir çox məsələni ictimai mübahisə predmetinə çevirmirik.

Eyni həssaslığı Azərbaycana münasibətdə də gözləmək haqqımızdır.

Heç kim qardaşlıq anlayışını Azərbaycana təzyiq vasitəsinə çevirməməlidir. Heç kim “qardaşıq” deyərək Azərbaycandan öz müstəqil xarici siyasətindən və dövlət maraqlarından imtina etməsini tələb edə bilməz.

Türk dünyasının gələcəyi bir-birimizə hökm etməkdə deyil, bir-birimizin dövlət maraqlarına hörmət edərək bir millətin gücünü daha böyük birliyə çevirməkdədir.

Bizim yolumuz Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoymaq deyil. Bizim yolumuz Ankaradan Bakıya, Bakıdan Astanaya, Daşkəndə, Bişkekə qədər Türk dünyasını daha da yaxınlaşdırmaqdır.

Türk adı altında gizlənən türk düşmənlərinin isə eyni millətin iki qardaş dövlətinin arasına girməsinə imkan verilməməlidir.

Biz vassal deyilik!
Biz qardaşıq!
Biz bir millətik!

Və bizim arzuladığımız Türk birliyi də vassalların deyil, müstəqil, güclü və bir-birinə hörmət edən Türk dövlətlərinin birliyidir!

 

Zaur Qəriboğlu

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor