24 C
Bakı
23 Sentyabr 2026 00:00
DünyaMuharibə

Husilərə qarşı yeni koalisiya yaranırmı?

Yəməndə husilərin sürətli irəliləyişi və Səudiyyə Ərəbistanına raket-dron hücumları qarşıdurmanı regional mərhələyə keçirir. Ən mühüm dəyişiklik isə Böyük Britaniyanın artıq Ər-Riyada birbaşa hərbi dəstək verməyə başlamasıdır.

London Səudiyyənin rəsmi müraciətindən sonra RAF-ın “Voyager” təyyarəsini Səudiyyə döyüş təyyarələrinin havada yanacaqla təmin edilməsi üçün göndərir. Britaniya bundan əvvəl Səudiyyədə “Sky Sabre” hava hücumundan müdafiə sistemi də yerləşdirmişdi. Reuters və AP bu yardımı məhdud, lakin birbaşa hərbi dəstək kimi xarakterizə edir.

ABŞ isə hələlik daha ehtiyatlıdır. Səudiyyə rəhbərliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Donald Trump husilərə qarşı yeni Amerika hava zərbələrinə razılıq verməyib. Reuters-in məlumatına görə, sonuncu əməliyyat hətta bombalar təyyarələrə yüklənməyə başlanandan sonra dayandırılıb. Bununla yanaşı, dövlət katibi Marco Rubio sentyabrın 22-də bildirib ki, vəziyyət tələb edərsə ABŞ Səudiyyə Ərəbistanının yanında dayanacaq. Buna görə Amerikanın gələcək hərbi iştirakını istisna etmək olmaz, lakin hazırda belə qərar yoxdur.

Türkiyə və Pakistan üçün vəziyyət fərqlidir. Onlar Səudiyyə Ərəbistanı ilə kollektiv müdafiə razılaşmasının iştirakçılarıdır. Hakan Fidan artıq Ankaranın Səudiyyənin hərbi ehtiyaclarının qarşılanmasına kömək etməyə hazır olduğunu açıqlayıb.

Bu səbəbdən böhran həmin müdafiə mexanizminin siyasi etibarlılığı üçün ilk ciddi sınağa çevrilə bilər. Ancaq yardımın mütləq Yəmənə türk və ya pakistanlı döyüş birliklərinin göndərilməsi formasında olması vacib deyil. Hava və raket müdafiəsi, kəşfiyyat, elektron müharibə, PUA imkanları, təlim və Yəmən hökumət qüvvələrinin yenidən təşkilinə yardım daha məhdud alternativlərdirş

Husilərin gücünü də kiçiltmək doğru olmazdı. Reuters-in məlumatına görə, son hücum zamanı onlar təxminən 100 min döyüşçünü gizli şəkildə cəmləşdirə biliblər və Səudiyyənin dəstəklədiyi Yəmən qüvvələrinin bir hissəsi ciddi müqavimət göstərə bilmədən geri çəkilib. Husilər Mocha limanını və Bab əl-Məndəb ətrafındakı strateji əraziləri ələ keçirib, geri çəkilən qüvvələrdən ABŞ və Səudiyyə istehsalı silahlar da əldə ediblər.

Bu, husilərin Türkiyə, Pakistan və ya ABŞ kimi dövlətlərlə konvensional hərbi baxımdan müqayisə edilə biləcəyi demək deyil. Onların üstünlüyü başqa yerdədir: dağlıq ərazi, uzunmüddətli döyüş təcrübəsi, raket və dron arsenalı, mobil qüvvələr və İranın verdiyi texnologiya.

Ona görə Yəməndə mümkün yeni kampaniyanın əsas məsələsi husilərin adi ordudan daha güclü olub-olmaması deyil. Əsas məsələ Səudiyyə Ərəbistanının üstün hava gücünü, Britaniyanın dəstəyini və mümkün Türkiyə–Pakistan yardımını parçalanmış Yəmən hökumət qüvvələri ilə vahid hərbi strategiyaya çevirə bilib-bilməməsidir.

Hazırda məhz bu çatışmır. Reuters-in araşdırmasına görə, son məğlubiyyətin əsas səbəblərindən biri husilərin fövqəladə gücündən çox, onların rəqiblərinin parçalanması, zəif koordinasiyası və hücumun miqyasının yanlış qiymətləndirilməsi olub…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Putinin növbəti hədəfi NATO-dur?

redaktor

Almaniya nümunəsi: inkişaf paytaxtdan başlamır

redaktor

Mülki yəhudini qətlə yetirən terrorçu xəstəxanada rahat müalicə alır

redaktor