Ermənistan hökuməti yüksək vəzifəli şəxslərin, deputatların və dövlət qulluqçularının əməkhaqlarının ciddi şəkildə artırılmasını nəzərdə tutan qanun layihəsini bəyənib. Yeni maaş sistemi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yerli mətbuatın hesablamalarına əsasən, qanun layihəsi təsdiqlənəcəyi təqdirdə vəzifəli şəxslərin aylıq gəlirləri aşağıdakı kimi dəyişəcək:
Prezident və Baş nazir: Maaşları təxminən 4 100 dollardan (1,5 milyon dram) 7 100 dollara (2,6 milyon dram) qalxacaq.
Baş nazirin müavinləri: Aylıq məbləğ 5 800 dolları (2,1 milyon dram) keçəcək.
Nazirlər: Əməkhaqqı 2 700 dollardan (1 milyon dram) 5 500 dollara (yaxın 2 milyon dram) yüksələcək.
Milli Məclisin deputatları: Maaşlar 2 300 dollardan (830 min dram) 4 100 dollara (1,5 milyon dram) çatacaq.
Ermənistan hökumətinin hesablamalarına görə, yeni əməkhaqqı sisteminin tətbiqi 2027-ci ildə dövlət büdcəsindən 69 milyon dollardan çox (25 milyard dram) əlavə xərc tələb edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan bu qərarın cəmiyyət tərəfindən tənqid olunacağını etiraf etsə də, addımı dövlət institutlarının möhkəmləndirilməsi və korrupsiyanın qarşısının alınması üçün vacib “islahat” adlandırıb. Lakin ölkədə yoxsulluq səviyyəsinin yüksək olduğu və təqaüdlərin aşağı qaldığı bir vaxtda yüksəkçinli məmurların maaşlarının iki dəfə artırılması ictimaiyyət və müxalifət tərəfindən kəskin etirazla qarşılanıb.
