Planetimizin 1 nömrəli akademikinə (Platonun belə, onun qədər elmi adları olmayıb) Naxçıvan alimlərinin sualları
AMEA-nın Naxçıvan filialının əməkdaşları mənə xeyli suallar ünvanlayıb. Suallarda mənim cavab verə bilməyəcəyim bəzi məqamlar var. İnanıram ki, AMEA-nın Naxçıvan filialının rəhbəri, Nyu-York Elmlər Akademiyasının, Amerika Bioqrafiya İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının 40 illik akademiki, “Sov. İKP və siyasi iqtisad” üzrə bir nömrəli mütəxəssisimiz çox hörmətli İsmayıl Hacıyev bu suallara cavab verəcək.
Suallar belədir:
• “AMEA-nın problemlərindən danışarkən rəhbərliyin öz məsuliyyəti niyə müzakirə olunmur?
• AMEA-nın gələcəyi, hətta qurumun bağlanması məsələsi gündəmə gətirilir. Ancaq illərdir həyata keçirilən kadr siyasətinin və idarəetmənin bugünkü vəziyyətin yaranmasında hansı rolu olduğu barədə niyə danışılmır?
• Uzun müddət yeni işçi qəbulunun aparılmadığı və ya ciddi şəkildə məhdud olduğu bir sistemdə, AMEA-nın bağlanması məsələsi ortaya çıxdıqdan sonra əsasən texniki işçilərin qəbul edilməsi sual doğurur. Əgər illərlə yeni işçiyə ehtiyac yox idisə, indi bu ehtiyac haradan yaranıb?
• Əgər ehtiyac var idisə, niyə vaxtında elmi potensialı gücləndirəcək kadrların cəlb edilməsinə şərait yaradılmadı?
• Niyə məhz indi və hansı ehtiyac əsasında işçi qəbulu aparılır?
• Digər tərəfdən, mövcud əməkdaşlardan ildən-ilə daha yüksək nəticələr, daha çox elmi məhsuldarlıq və beynəlxalq səviyyədə fəaliyyət tələb olunur. Tələb artırılır, amma həmin nəticələrin əldə edilməsi üçün yaradılan elmi mühit, imkanlar və idarəetmənin öz fəaliyyəti eyni sərtliklə müzakirə edilmir. Niyə?
• Əməkdaşlardan yüksək nəticə tələb edən rəhbərlik özü hansı nəticəni ortaya qoyub?
• Əgər əməkdaşların fəaliyyəti müxtəlif göstəricilərlə ölçülürsə, rəhbərliyin fəaliyyəti də ölçülməlidir?
• İllərlə aparılan kadr siyasətinin nəticəsi nə olub?
• Elmi mühit nə qədər güclənib?
• Rəhbərlik yalnız əməkdaşlardan nəticə tələb edən mövqedə dayana bilməz. Tələb varsa, hesabatlılıq da olmalıdır. Həm də hesabatlılıq ilk növbədə həmin sistemi idarə edənlərdən başlamalıdır. AMEA-nın bağlanması təhlükəsindən danışmaq asandır. Daha vacib sual budur: AMEA bu vəziyyətə necə gəlib və illərlə onun idarə olunmasına cavabdeh olan şəxslərin bu nəticədə məsuliyyəti nədir?
• Əməkdaşlardan daim daha yüksək nəticə gözləməzdən əvvəl, onları idarə edənlər öz elmi və idarəçilik fəaliyyətlərinin nəticələrini ortaya qoymalıdırlar. AMEA-nın bugünkü vəziyyətinin səbəbləri əməkdaşlarda axtarılacaqsa, rəhbərliyin illərlə apardığı siyasət də eyni ciddiliklə sorğu-sual edilməlidir” və s.
İnanıram ki, təkcə Naxçıvanın yox, həm də Azərbaycanın və dünyanın 1 nömrəli akademiki İsmayıl Hacıyev öz işçilərinin intizarını gözlərində qoymayacaq və onlara qaneedici cavablar verəcək. Bu baş verməsə, onlarla əl-ələ verib yuxarıdakı suallara cavab axtaracağıma söz verə bilərəm. Təbii ki, Naxçıvan alimləri mənə informasiya dəstəyi verərsə…
