Sentyabrın 8-də Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində “zipline” əyləncəsindən istifadə edən iki nəfər hündürlükdən yerə düşərək həyatını itirib.
Hadisə ilk saatlarda kanatın trosunun qırılması kimi təqdim olunsa da, iki gün sonra Baş Prokurorluq fərqli texniki səbəb açıqlayıb. Qurum bildirib ki, kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb, bundan sonra əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib.
Həlak olanlar 1999-cu il təvəllüdlü Ucal Asif oğlu Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədzadədir. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü – iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Ancaq qəza yalnız kanat qurğusunun texniki vəziyyəti ilə bağlı suallar yaratmır. “Şəki Yaylası”nı kimin idarə etdiyi, təhlükəsizlik yoxlamasını hansı qurumun apardığı və istirahət mərkəzinin arxasındakı şirkətlər şəbəkəsi də araşdırıldıqca yeni suallar ortaya çıxır.
“Şəki Yaylası”ndan “MGN Group”a
“Şəki Yaylası” “MGN Group”un öz saytında şirkətlər qrupuna daxil olan hotellərdən biri kimi təqdim edilir. Qrupun saytında “Şəki Yaylası” ilə yanaşı Şabrandakı “Bağçalı Hotel” və Novxanıdakı “My Beach” də portfelə daxil edilib. Şirkət həmçinin iki yaşayış kompleksinin olduğunu, Masazırdakı “Qurtuluş” yaşayış kompleksinin də MGN Group-a daxil olduğunu bildirir.
Faciədən bir həftə sonra – sentyabrın 15-də saytın “Şəki Yaylası” bölməsində “zipline” hələ də mərkəzin əyləncə xidməti kimi təqdim olunurdu.
Vergi reyestrində “MGN GROUP” MMC 6 fevral 2024-cü ildə qeydiyyata alınmış şirkət kimi görünür. Şirkətin VÖEN-i 3105021911, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Ümüd Faiq oğlu Quliyevdir. Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 3, mənzil 17-dir.
Mediada isə həm “Şəki Yaylası”, həm də “MGN Group” iş adamı Məhərrəm Novruzovla əlaqələndirilir. Elə “MGN Group”un özünün açıqladığı biznes portfeli də Novruzovun uzun illər adı çəkilən bizneslərlə kəsişir.
Şirkətin saytında “Qurtuluş” yaşayış kompleksi “MGN Group”un tərkib hissəsi kimi göstərilir, qrupun əlaqə ünvanı da həmin kompleksdir. 2023-cü ildə “Sabah” Futbol Klubu ilə “Qurtuluş 93 Residence” MTK arasında 12 illik əməkdaşlıq müqaviləsi imzalanarkən isə Məhərrəm Novruzov açıq şəkildə MTK-nın təsisçisi kimi təqdim edilib.
Məhərrəm Novruzovun Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il sərəncamı ilə Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Vergi reyestrində Məhərrəm Novruzovun adı hazırda yalnız bir şirkətin rəsmi rəhbəri kimi çıxır – “Bağçalı Tarım” MMC. Şirkət 2020-ci ildə yaradılıb, Novruzov isə 2021-ci ilin fevralından onun rəhbəridir. “Bağçalı” adı həm “MGN Group”un Şabrandakı hotelinin, həm də Novruzovla mediada əlaqələndirilən tikinti biznesinin adında keçir.
Ünvanlar da eyni biznes çevrəsinə aparır. Belə ki, “MGN Group” Masazırda İstiqlaliyyət küçəsi 3, mənzil 17-də qeydiyyatdadır. “Qurtuluş-93 Yaşayış Kompleksi” MMC-nin ünvanı isə İstiqlaliyyət küçəsi 4, mənzil 17-dir. Yəni, şirkətlər eyni ofisdə olmasa da, qonşu binalarda qeydiyyatdadır.
Bütün bunlar “MGN Group” ilə Novruzovun uzun illər əlaqələndirildiyi bizneslər arasında əlaqə olduğunu göstərir, ancaq “MGN Group”un benefisiar sahibinin məhz Məhərrəm Novruzov olduğunu təsdiqləyən açıq dövlət sənədi yoxdur. “MGN Group”un təsisçi və payçılarının kimliyi ayrıca sənədlə dəqiqləşdirilməlidir.
Novruzovun ailəsi və əlaqəli şəxslərin adları yol qəzalarında da hallanıb
Məhərrəm Novruzovun ailə üzvləri və biznes çevrəsi ilə əlaqələndirilən şəxslərin adları əvvəlki illərdə ağır yol qəzalarında da gündəmə gəlib.
2021-ci il iyulun 5-də Masazırda 90-HN-009 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” avtomobilini idarə edən Gülnar Hüseynova əvvəlcə “Nissan”, daha sonra “Mercedes” və “VAZ-2106” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Mediada Gülnar Hüseynova Məhərrəm Novruzovun həyat yoldaşı kimi təqdim edilir. Vergi reyestrinə görə, o, “Şən Yuva” uşaq bağçasının və “ON Group” MMC-nin rəhbəridir. Lakin qəza ilə bağlı sonrakı açıqlamada Dövlət Yol Polisi hadisənin səbəbkarının başqa avtomobilin sürücüsü olduğunu bildirib. Hüseynovanın həmin hadisəyə görə məsuliyyətə cəlb edilməsinə dair açıq mənbələrdə məlumat yoxdur.
Bundan üç həftə əvvəl – 2021-ci il iyunun 14-də isə Binəqədi -Novxanı yolunda dörd nəfərin ölümü ilə nəticələnən başqa ağır qəza baş verib. Məhkəmə materiallarına görə, “Land Rover” markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub və “Daewoo Damas”la toqquşma nəticəsində avtomobildə olan dörd nəfər həyatını itirib.
Dosyedə məhkəmə məlumatları və biznes reyestri üzrə aparılmış yoxlama həmin sürücünün Elşad Kəlbəliyev olduğunu müəyyənləşdirməyə imkan verir. O, 2017-ci ildə qısa müddət “Bağçalı Evlər” MTK-nın rəhbəri olub. Eyni zamanda “Qurtuluş 93”də satış müdiri, “Əlincə” futbol klubunun prezidenti vəzifələrini icra edib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci ildə onu 9 il azadlıqdan məhrum edib, sonrakı instansiyalarda isə hökm bir neçə dəfə dəyişdirilib və yenidən baxılması üçün geri qaytarılıb.
Elşad Kəlbəliyev ötən ilin dekabrında Amnistiya aktı çərçivəsində cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsimdən azadlığa buraxılıb.
Bir sıra media orqanları Kəlbəliyevi Məhərrəm Novruzovun “kürəkəni” adlandırıb. Ancaq bu qohumluq açıq dövlət sənədləri ilə təsdiqlənmir.
“MGN Group”un vergi işi
Şirkətin qısa fəaliyyət tarixində məhkəmə işi də olub.
2025-ci ilin iyununda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “MGN Group”la bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Vergi orqanı ərizəsində şirkətin ümumi borcunu 47 min 112 manat 34 qəpik göstərib və borc ödənilənədək rəhbərin ölkədən çıxışına qadağa qoyulmasını istəyib.
2026-cı il avqustun 31-də və sentyabrın 11-də aparılmış vergi yoxlamalarında isə “MGN Group”un borcu sıfır göstərilib. Başqa sözlə, həmin borc sonradan bağlanıb.
FHN: qurğuda ehtiyat tros olmayıb, amma ona nəzarət də FHN-də deyil
Faciənin ən diqqətçəkən məqamlarından biri “zipline”ın dövlət nəzarəti ilə bağlı yaranan boşluqdur.
Fövqəladə Hallar Nazirliyi hadisədən sonra bildirib ki, “Şəki Yaylası”ndakı qurğu iki stasionar dirək arasındakı qalın kəndir üzərində, öz ağırlığı və ətalətlə hərəkət edən sistem olub. Nazirliyin açıqlamasına görə, qurğuda ayrıca təhlükəsizlik cihazı və ya sığortalayıcı tros olmayıb.
Ancaq FHN eyni zamanda deyir ki, “zipline” elektrik mühərriki və ya ötürücü mexanizmlə hərəkət etdirilmədiyindən mexanikləşdirilmiş qurğu hesab olunmur, təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil və FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil.
Bu açıqlama başqa bir suala yol açır: əgər qurğu FHN-in nəzarət sahəsinə daxil deyildisə, təhlükəsizlik yoxlamasını kim, nə vaxt və hansı normativ sənədə əsasən aparıb?
Qəzadan 20 gün əvvəl də problem olub
Sentyabrın 8-dəki hadisə “Şəki Yaylası”nın “zipline” xəttində mediaya çıxan ilk problem də olmayıb.
Sentyabrın 10-da yayılan məlumatda avqustun 19-da turistlərin eyni istirahət mərkəzində “zipline”la hərəkət edərkən son nöqtəyə çatmadan xətt üzərində qaldığı, sonradan mərkəzin əməkdaşları tərəfindən endirildiyi bildirilir. Hadisəyə dair video da yayılıb. Rəsmi qurumlar bununla bağlı açıqlama verməyib.
“MGN Group” “Şəki Yaylası”nı hotel kimi təqdim edir. Şirkətin məlumatına görə, kompleksdə 20 standart və 2 VIP otaq, altı kotec, restoran və digər xidmətlər var.
“Turizm haqqında” qanuna görə, Azərbaycanda fəaliyyət göstərən hotel işə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası almalıdır.
Azərbaycan Turizm Bürosunun hazırkı təsnifat siyahısında 289 hotel yer alır. Siyahıda Şəkidəki “Shaki Palace Hotel” və “Shaki Park Hotel” kimi obyektlər var, amma “Şəki Yaylası” adına rast gəlinmir.
Sentyabrın 15-dək açıq mənbələrdə istintaq üzrə hər hansı şəxsin saxlanılması və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, eləcə də istirahət mərkəzinin fəaliyyətinin rəsmi şəkildə dayandırılması barədə yeni açıqlamaya rast gəlinmir. Baş Prokurorluğun son açıqlamasına görə, ekspertizalar davam edir və istintaq qurğunun texniki vəziyyəti, istismar təhlükəsizliyi və hadisəyə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli halları araşdırır. (AbzasMedia)
