İran Cənubi Qafqazda fəallaşır və Zəngəzur Koridoruna qarşı sərt mövqeyini açıq şəkildə yenidən İranın Ermənistandakı səfirinin dili ilə səsləndirməyə başlayır. Ermənistan və İran sərhəddə sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin tətbiqi barədə razılıq əldə ediblər. Bu “Yaşıl dəhliz” İranın Norduz və Ermənistanın Meğri (Aqarak) sərhəd-keçid məntəqələrində yük daşımalarının sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.
İran Ermənistana Zəngəzur dəhlizinə alternativ yollar da təklif edir. Amma Ermənistanı özündən asılı vəziyyətə salmaq üçün təkcə dəhliz kartından istifadə etmir, həm də enerji kartından da istifadə etmə ehtimalı artır. Bu nə deməkdir və Ermənistan və bölgə üçün hansı dəyişiklik və risklər ehtimalı var?
Ermənistanın illik qaz istehlakı 2.6-2.7 milyard kub metr civarındadır və bu qazın 80-85%-ni (hazırda 82.4%) Rusiyadan hər min kub metr qaz üçün hazırda 177.5 dollar ödəyərək idxal edir. İdxal etdiyi bu qaza görə təkcə Rusiyaya illik əlavə xərclərlə birlikdə təxminən 500 milyon dollara yaxın vəsait ödəyir. Əgər Rusiya bu qazı satmasa və Ermənistan daha baha qiymətə (məsələn, hər min kub metr 350 dollara) qaz alarsa, bu halda il ərzində qaz üçün ödəyəcəyi məbləğ 1 milyard dollara qədər artar. 2026-cı il üçün Ermənistanın proqnozlaşdırılmış büdcə gəlirləri 8 milyard dollar, xərcləri 9.4 milyard dollardır. 1.4 milyard dollar büdcə kəsiri ÜDM-nin 4.5%-dir ki, bu da qəbul olunan normativdən (3%) 50% çoxdur. Əgər Ermənistan qaz üçün əlavə 400-500 milyon dollar ödəməyə məcbur olarsa o halda büdcə kəsiri ÜDM-nin 8-9%-nə qədər artar ki, bu da qəbul olunmayan həddir. Hətta 250 dollara qaz alışı belə büdcə kəsirini ÜDM-nin 6%-dən yuxarı həddə çıxarır. Büdcə kəsirindən əlavə, burada ən böyük risk baha qaz qiymətlərinin yaradacağı inflyasiya və istehsala mənfi təsiridir. Deməli, Ermənistan daha baha qiymətə qaz almaq əvəzinə Rusiya qazı qiymətinə qaz tapmağa və bunun üçün də müxtəlif manevrlər etməklə vaxt udmağa çalışır.
Ermənistan qalan 15-20% qazı İrandan özünün istehsal etdiyi elektrik enerjisini barter etmək yolu ilə idxal edir. Bəs Ermənistan nə qədər elektrik enerjisi istehsal edir və hansı mənbələr hesabına? Burada qazın rolu nə qədərdir?
Ermənistanın illik elektrik elektrik enerjisi istehsalı 10 milyard kVt/saatdır (10,010 GWh). Daxili istehlak ildə təxminən 7,2 milyard kVt/saatdır. İstehsalla istehlak arasındakı fərq ixracata (məhz yuxarıda qeyd etdiyim qaz idxalı qarşılığında İranla elektrik enerjisi barterinə) və şəbəkə itkilərinə gedir. Elektrik enerjisinin istehsal mənbələri (Ermənistan üçün qazın əhəmiyyətini əks etdirmək üçün):
– İstilik Elektrik Stansiyaları (İES – Təbii Qaz): təxminən 38%.
– Atom Enerjisi (Metsamor AES): təxminən 29%.
– Su Elektrik Stansiyaları (SES): təxminən 16.5% – 17%.
– Yaşıl (Bərpa olunan) Enerji: ümumilikdə təxminən 16.5%.
Məlumat üçün qeyd edim ki, 2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycanın ixrac etdiyi qazın orta qiyməti hər min kub metr üçün 313 dollar olmuşdur. Biz baza qiymətlərinə yaxın ən baha qazı Avropa ölkələrinə (illər üzrə 370-560 dollar aralığında qiymətlər dəyişir) satırıq. Türkiyəyə satdığımız qazın qiyməti hər min kub metr üçün illər üzrə 147-276 dollar, Gürcüstan üçün isə 113-121 dollar aralığında dəyişir. (hər iki ölkə strateji tərəfdaşlıq və qonşuluq prinsiplərindən əlavə həm də qaz boru xəttimiz üzrə tranzit ölkələr olduqları üçün qiymət fərqləri təbiidir. Qiymətlərdə həm də məsafə amili də rol oynayır).
Hal-hazırda qaza artan tələb (Almaniyanın qaz anbarlarında doluluq faizi sentyabr ayı üçün rekord səviyyədə aşağı olmuşdur: 53%. İsti keçən yayda elektrik enerjisi istehlakının artması, Hörmüz Boğazı ətrafında baş verənlər ehtiyatların kəskin azalması və anbarların qışa hazırlıq məqsədilə doldurulmaması səbəblərdən biridir) və 01 yanvar, 2027-ci ildən etibarən Avropa İttifaqına Rusiyadan qaz idxalının 0-a endirilməsi qərarı ən azı növbəti 1 il ərzində qaza olacaq yüksək tələb və qiymətdən xəbər verir. Türkiyə və Gürcüstanın özü qaz alışını azaltmasa ixrac edilən qazın həmin ölkələrə ixracının azaldılması ehtimalı sıfıra bərabərdir. Avropaya da qaz ixracını azaltmaq həm maliyyə, həm də siyasi-iqtisadi cəhətdən çətindir. Burada bir istisna var ki, Avropa öz payından kəsib Ermənistana satılması istəyini bildirsə o halda qiymət fərqini kimin ödəyəcəyi (Avropa, yoxsa Ermənistan) açıq qalır. Digər tərəfdən Ermənistana qaz ixracı üçün lojistik məsələlər, infrastruktur açıq qalır. Qaz borusu Gürcüstan və Türkiyədən keçdiyi üçün həm qiymətlərdə, həm də çatdırılmada problem yoxdur.
Deməli, Ermənistana qaz əvəzinə elektrik enerjisi ixracımız gündəmə gəlir. Yəni, çıxışlarının birində Ölkə Prezidentinin qeyd etdiyi kimi, hazırda elektrik enerjisi istehsalı ilə istehlakımız arasında təxminən 2 milyard kVt/saat (2 GWh) müsbət saldomuz vardır. Yəni, bu həcmdə elektrik enerjisini Ermənistana ixrac edə bilərik. Tikilməkdə olan yaşıl enerji mənbələrindən, o cümlədən İES-lərdən əldə edəcəyimiz elektrik enerjisi növbəti 1-1.5 il ərzində daha da artacaq. Burada əsas məsələ hesablamalardır. Rusiya qazı kəsərsə, Ermənistan hansı qiymətlə hansı həcmdə elektrik enerjisi almaqla azalan idxalın hansı hissəsini əvəzləyə biləcək? Maliyyə yükü nə qədər olacaq və Ermənistan bu yükü çəkə biləcək? Bütün idxal olunan qazın elektrik enerjisi istehsalına deyil, əhalinin və sənaye müəssisələrinin istehlakı üçün yönəldiyini nəzərə alsaq çatışmayacaq qazın idxalı hansı ölkələrdən olacaq? Türkmənistan, İran yoxsa Azərbaycan? Bir daha nəzərə alırıq ki, İran hazırda Ermənistanda məhz iki istiqamətdə möhkəmlənmək istəyir: Lojistika və enerji bazarlarında.
Məsələ niyə bu qədər aktual və əhəmiyyətlidir? Çünki, müharibədə uduzmuş Paşinyan 2 dəfə məhz güclənən iqtisadiyyat və daha da güclənəcək iqtisadiyyat, Avropa yönümlü siyasət vədləri ilə seçkilərdə qalib gəldi. İqtisadi təlatüm isə revanşistlərin yenidən təşəbbüsü ələ almaq cəhdləri, sülh müqaviləsinin, Zəngəzur Dəhlizinin daha da ləngiməsi və sair risklər deməkdir.
Burada əsas suallardan biri isə budur? Ümumiyyətlə, indiki vəziyyətdə Rusiya Ermənistanın qazını kəsər???
