DünyaSiyasət

“Məkkə paktı”nın iflası

Səudiyyə Ərəbistanı tarixinin ən ağır günlərini yaşayır. İranın proksi qüvvələri Səudiyyə Ərəbistanı üç tərəfdən mühasirəyə almağa çalışır.

Husilər Səudiyyə Ərəbistanını cənubdan təhdid edərkən, daha böyük təhlükə şimal və şərq istiqamətdən yüksəlir. İranın ən güclü proksi qüvvlərindən olan “Kətaib Hizbullah” (Hizbullah Briqadaları) və “Əsaib Əhli əl-Haq”ın (Saleh İnsanlar Liqası) daxil olduğu “Xalq Səfərbərlik Qüvvələri” (Həşdi Şabi) şimal və şərqdən Səudiyyə Ərəbistanı təhdid edir.

Reuters agentliyinin məlumatına görə, Husilər Səudiyyə Ərəbistanına hücumları İraqdakı “Həşdi Şabi” qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirir. Reuters-in iki regional rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, Husilərlə “Həşdi Şabi” qüvvələri arasındakı koordinasiyanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həyata keçirir.

Husilərin “ildırımsürətli” hücumları nəticəsində yaranmış təhlükəli vəziyyət, Ər-Riyadın böyük ümidlərlə bağladığı “Məkkə paktı”nın heç nəyə yaramaması Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanın mövqelərini də sarsıdıb. Əgər Məhəmməd ibn Salman vəziyyəti yaxın zamanlarda dəyişə bilməsə, bu vəziyyət kral Salman bin Əbdüləzizi şahzadələr arasında yeni vəliəhd axtarmağa vadar edəcək. Buna görə də rəsmi Ər-Riyad bir tərəfdən “Məkkə paktı”nın iştirakçıları Pakistan və Türkiyəyə təzyiqləri artıraraq onların Husilərə və “Həşdi Şabi” qüvvələrinə qarşı əməliyyatlara vadar etməyə çalışır, digər tərəfdən ABŞ və İsraillə birgə hərəkət edə biləcəklərinə hazır olduqlarını nümayiş etdirir.

Bu ilin aprelində Birləşmiş Ərəb Əmirliyi borcunun ödəməsini tələb edəndə Pakistan bu problemi Səudiyyə Ərəbistanından aldığı növbəti borcla həll etmişdi. Əgər indi Səudiyyə Ərəbistanı borcunu ödəməyi tələb etsə Pakistanın bu pulu tapması çox çətin olacaq. Bu isə Pakistanın iflasına yol açaraq sosial partlayışa səbəb ola bilər. Türkiyə də oxaşr vəziyyətdədir və Ər-Riyada borcunu ödəmək imkanları həddindən artıq məhduddur. Buna görə də Ər-Riyad Pakistana və Səudiyyə Ərəbistanına təzyqiləri davam etdirir. Pakistan və Türkiyə isə Husilərə və “Həşdi Şabi” qüvvələrinə qarşı hərbi əməliyyatların uzun illər çəkə biləcək çox böyük bir münaqişəni alovlandırmasından ehtiyyat edirlər.

Məhəmməd ibn Salman hökuməti isə yaranmış vəziyyətdən təcili çıxış axtarır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkilatçılığı ilə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri Almaniyada görüşərək Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanlarını müzakirə ediblər. Ekspertlər, İrana və onun proksi qüvvlərinə qarşı yeni ittifaqın yarana biləcəyini qeyd edirlər. Məlumata görə, Küveyt və bir neçə ərəb ölkəsi də “Abraham Razılaşmaları”na qoşula bilər.
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı “Məkkə paktı”nı imzalayanda bunun heç nəyə yaramayacağı, əksinə yeni problemlər yaradacağını yazmışdım. “Məkkə paktı”nın imzalanmasından ötən 40 gün nə qədər haqlı olduğumu göstərdi. “Məkkə paktı”nı tərifləyən, Azərbaycanın bu alyansa qoşulmaısnı təbliğ edənlərin indiki mövqelərinin nədən ibarət olduğu maraqlıdır.

Belə qənaətim var ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri zamanı “Məkkə paktı” da müzakirə mövzusu olub. Ancaq Azərbaycan heç bir halda “Məkkə paktı”na qoşula bilməz və çox böyük ehtimalla rəsmi Bakı qəti şəkildə belə təşəbbüslərin əleyhinə olduğunu nümayiş etdirib.

İranın proksi qüvvələrinin qəfil və radikal hərəkatı Yaxın Şərqidə mövcud olan geosiyasi vəziyyəti dağıdıb və yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Azərbaycanın üzərinə düşən Yaxın Şərq bataqlığından mümkün qədər uzaq durmaqdır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Paris Usmanova Aİ sanksiyalarının qaldırılması üçün Bakının təzyiq göstərdiyini deyir

admin

Çindən İrana mesaj: “Husiləri cilovla”

redaktor

Tramp may ayında FED rəhbərini dəyişmişdi ki, faizlər aşağı salınsın, amma ……

admin