DünyaSiyasət

Rusiyanın general itkisi artır, cəbhədə vəziyyət dəyişir

Ukrayna müharibəsi daha əvvəl təsəvvür olunmayan və ya çətin təsəvvür edilən bəzi şeyləri adiləşdirdi. Bunlardan biri də general ölümləridir.

Rəsmən təsdiqlənən son qurban Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 4‐cü motoatıcı briqadasının komandanı, general‐mayor Anton Qrunis olub. O, sentyabrın 12-də Ukrayna pilotsuz qüvvələrinin dəqiq zərbəsi nəticəsində öldürülüb. (Video aşağıda).

“Qroznıy” ləqəbli A.Qrunis iyul ayında Putinə Donbasdakı Konstantinovka qəsəbəsinin “azad olunduğu” barədə raport vermiş və avqustda “Rusiya Qəhrəmanı” adını almışdı. (Konstantinovka uğrunda döyüşlər hələ davam edir). 1979-cu il təvəllüdlü A.Qrunis daha əvvəl Çeçenistanda, Gürcüstanda (Cənubi Osetiya) və Suriyada hərbi əməliyyatlarda iştirak edib. Bəzi rusiyalı blogerlər orduda ulduzu parlayan zabitlərdən biri olan və Putinin təriflədiyi Anton Qrunisin komanda məntəqəsinin koordinatlarının içəridən Ukrayna tərəfinə ötürüldüyünü iddia edirlər.

Rusiya Cənub Hərbi Dairəsinin daha bir generalı — 51-ci ordunun komandanı, general-leytenant Sergey Milçakovun Donetsk şəhərində Ukrayna ordusunun raket zərbələri nətivəsində öldüyü barədə də məlumatlar var. Lakin hələlik bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib.

Sentyabrın 3-də Saratovda suq-qəsdə məruz qalaraq qarın və baş nahiyəsindən güllə yaraları almış Rusiya Hava Kosmik Qüvvələrinin 22‐ci ağır bombardmançı aviasiya diviziyasının komandanı, general-mayor Nikolay Varpaxoviçin ağır vəziyyətdə müalicəsi isə davam edir.

Niyə Ukrayna tərəfdən general itkisi olmadığı halda, Rusiya ordusu müharibə başladıqdan bəri 25 civarında general itirib?

Əsas səbəblərdən biri budur ki, Putin tezliklə nəticə tələb edir, Moskvadan gələn bu israrlı əmrlər generalları ordunu idarə etmək üçün cəbhə xəttinə yaxınlaşmağa vadar edir. İşğal altındakı ərazilərdə, yerli əhali arasında isə Ukrayna kəşfiyyatının kifayət qədər informatoru var. Cəbhə xətti demişkən, orada son durum necədir?

Son aylar Ukrayna Silahlı Qüvvələrinin 3‐cü korpusu Donbasın şimal hissəsində, Liman şəhəri ətrafında uğurlu əməliyyatlar apararaq o istiqamətdə vəziyyəti müəyyən qədər stabilləşdirib. Döyüş meydanındakı dəyişiklikləri peyk fotoları və digər mənbələr vasitəsilə izləyən OSİNTerlər minimum 240 kv. km ərazinin azad olunduğunu bildirirlər. Bura Rusiya komandanlığının böyük qüvvələrlə həyata keçirdiyi Slavyansk‐Kramatorsk strateji əməliyyatının şimal cinahı idi. Luqansk‐Donetsk vilayətləri kəsişməsində hazırda Ukrayna ordusunun taktiki irəliləyişi davam edir. Bu isə onu deməyə əsas verir ki, Donbasın inzibati sərhədlərinə çıxmaq barədə Putinin qoyduğu tapşırığı ordu komandanlığı növbəti dəfə yerinə yetirə bilməyəcək. Generalların bunun üçün gələn ilin martına qədər vaxt istədiyi barədə informasiyalar var.

Ön xətdə məqsədinə çata bilməyən Rusiya son həftələr Kiyev başda olmaqla Ukrayna şəhərlərinə qarşı İsrailin Qəzza əməliyyatlarına bənzər, raket‐dron terroru həyata keçirir. İrili‐xırdalı istehsal müəssisələri, ticarət mərkəzləri, hətta qida və dərman anbarları da məhv edilir ki, arxa cəbhə (ümumilikdə dövlət) həm maddi, həm mənəvi‐psixoloji olaraq çökərək ön cəbhəni dəstəkləyə bilməsin. Bu baxımdan Rusiya hərbi sənayesinin son nailiyyəti olan yeni reaktiv dronlar Ukrayna üçün çox ciddi başağrısıdır. Ukrayna hərbi sənayesi hazırda reaktiv dronlara qarşı vasitənin sınaqlarını başa çatdırır. Artıq real döyüş şəraitindəki sınaqlar zamanı bu məqsədlə hazırlanan dronla reaktiv dronu vurmaq mümkün olub. Rusiya ballistik raketlərinə qarşı Ukrayna‐Avropa birgə layihəsi olan “Freya” çərçivəsində antiballistik raketlərin isə il sonuna doğru hazır olacağı bildirilir. Bütün bunlar hazırda Rusiyanın üstün olduğu havada paritetin yaradılmasına kömək edəcək.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Məkkə səmasında pilotsuz təyyarə vurulub

redaktor

Zelenski: Rusiya iki dəfə təyyarəmi ələ keçirməyə çalışdı

redaktor

Konstantinovkanın ələ keçirilməsi barədə Putinə məlumat verən general Ukraynada öldürülüb

redaktor