24 C
Bakı
12 Sentyabr 2026 11:15
DünyaŞikayət

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edərək azadlığa buraxılması və təhlükəsizliyinin təmin olunması üçün yardım istəyib.

Fazil Qasımovun ailə üzvlərinin “Toplum TV” ilə paylaşdığı müraciətlərdə iqtisadçı avqustun 18-də Ursula von der Leyenə, avqustun 31-də isə Cey Di Vensə yazaraq Azərbaycanda siyasi təqibə məruz qaldığını bildirib.

“3 ildir qanunsuz olaraq saxlanıldığım Azərbaycan həbsxanasında girovluqdan azad olunmağım üçün köməklik göstərəcəyinizə ümid edirəm”, – Qasımov von der Leyenə müraciətində yazıb.

Alim ona qarşı irəli sürülən saxta pul dövriyyəsi ittihamını qəbul etmədiyini bildirib. O, həbsini iqtisadçı Qubad İbadoğlu ilə birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu (AYEF) yaratması ilə əlaqələndirib.
Qasımovun fikrincə, bu təşəbbüs Azərbaycan hakimiyyətinin narazılığına səbəb olub.

O, istintaq zamanı zorakılığa və psixotrop maddələrlə zəhərlənməyə məruz qaldığını iddia edir.
Müraciətlərdə həmçinin istintaq və məhkəmə prosesində müdafiə tərəfinin maddi sübutlarla tanış olmasının məhdudlaşdırıldığı, bəzi video materialların məhv edildiyi bildirilir. Qasımov saxlanıldığı müəssisələrdə qeyri-insani rəftar, zorakılıq və həyatına sui-qəsd cəhdi ilə üzləşdiyini də yazır.

“Mən hazırda ekzistensial təhlükə altında olduğuma görə sizə müraciət edərək, mənim girovluqdan azad olunub elmi fəaliyyətimi davam etdirməyimə və təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”, – o, Avropa Komissiyası prezidentinə müraciətində qeyd edib.

Vensə müraciətində Qasımov fevralın 9-da daha dörd siyasi məhbus sayılan şəxslə birlikdə Siyasi Məhbusların Müdafiə Komitəsinin təşəbbüs qrupu adından ona məktub göndərdiyini xatırladıb.

“Azərbaycanda mövcud olan siyasi məhbus probleminə və onun ABŞ-Azərbaycan münasibətləri üçün yarada biləcəyi risklərə diqqətinizi çəkmişdim”, – Qasımov yazıb.

O, Vensdən də azadlığa buraxılmasına və təhlükəsizliyinin təmininə kömək göstərilməsini istəyib.

“Siz bu yaxınlarda Böyük Britaniyada baş vermiş faciəvi hadisə ilə bağlı vicdanlı mövqe ortaya qoyaraq zorakılığa qarşı olduğunuzu səmimi şəkildə nümayiş etdirdiniz. Mənim də təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”, – müraciətdə deyilir.

İqtisadçı Qubad İbadoğlunun işi üzrə 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, həmin əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunub.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. O, saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, habelə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. İbadoğlu ittihamları rədd edir.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri polis nəzarəti ilə əvəzlənib.  (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Boks Federasiyasının hakiminin işgəncə iddiası: “Boynuna almalısan, əks halda qardaşını da tutacağıq”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor

11 Sentyabr-Əsrin zorakılıq təməli

redaktor