25 C
Bakı
10 Sentyabr 2026 18:03
DünyaSiyasət

Husilər Babül Məndəbə doğru irəlilədi: Məkkə sazişi işə düşəcəkmi?

Yəməndə İrana bağlı Husi yaraqlılarının 1 həftəlik döyüşlərdən sonra bu gün Taiz əyalətindəki Əl Muha rayonunu ələ keçirdikləri bildirilir. Bundan əvvəl isə onlar Hüdeyda əyalətindəki Hays və Əl Havha rayonlarını almışdılar. Verilən məlumata görə, 1 həftəlik əməliyyatdan sonra Husilərin nəzarət altına aldıqları ərazi 2 min 600 kvadrat km-lik sahəni əhatə edir.

Bu gün ələ keçirilən Əl-Muha Babül – Məndəb boğazının 60-70 km-liyində yerləşir. Bu isə o deməkdir ki, dünyanın legitim Yəmən hökuməti kimi tanıdığı qüvvələr Husiləri dayandıra və itirdikləri əraziləri geri qaytara bilməsə Babül – Məndəb boğazına nəzarət tamamilə İrana bağlı güclər tərəfindən idarə olunacaq.

Problem ondadır ki, Husilər təkcə Yəmənin legitim hökumətinə hücumlarla kifayətlənmir. Eyni zamanda Səudiyyə Ərəbistanına da raket və dron zərbələri endirir. Bu isə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanmış Məkkə sazişini tələblərini gündəmə gətirə bilər.

Təsadüfi deyil ki, Pakistan artıq 3 gündür, Husiləri hücumları dayandırmağa çağırır, əks halda Məkkə sazişinin tələbinə uyğun olaraq proseslərə müdaxilə edəcəyini bildirir. Sonuncu dəfə dünən Pakistanın müdafiə naziri Xoca Asif xəbərdarlığı yeniləyərək bildirmişdi ki, “Əgər hər hansı bir əsassız hücum baş verərsə və hadisələr Səudiyyə Ərəbistanına da təsir edərsə, Məkkə sazişinin tələbləri mütləq həyata keçiriləcək”.

Türkiyə də Yəməndə baş verənləri xüsusi diqqətlə izləyir. 2 gün öncə Türkiyə XİN Yəməndə baş verənləri sərt şəkildə qınamışdı. Bu gün isə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Türkiyə və Pakistanın xarici işlər nazirləri telefonla danışıblar. Nazirlər əsasən Səudiyyə Ərəbistanı və Misirlə razılaşdırdıqları Regional Dördlük (R4) məsləhətləşmə mexanizmi də daxil olmaqla, “regional məsələlər üzrə sıx məsləhətləşmələrin aparılması”nın vacibliyini vurğulayıblar. Açıq şəkildə qeyd olunmasa da, telefon söhbətində Yəməndə yaşananların da müzakirə masasına yatırıldığı güman olunur.

Qısası, deyəsən, Məkkə sazişinin “birimizə qarşı hücum hamımıza qarşı hücum hesab olunacaq” maddəsi tədricən gündəmə gətiriləcək.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Trampı təbrik etmək olar

redaktor

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor

Hakan Fidan istefaya göndəriləcək?

redaktor