Səməd Vurğunun məşhur misraları var:
“Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.”
Azərbaycanda qadına hörmətdən çox danışılır. Ana müqəddəs sayılır, Azərbaycan qadınının ailədə və cəmiyyətdə xüsusi yeri, zəhməti, fədakarlığı daim vurğulanır.
Amma pensiya məsələsinə gələndə tamam başqa mənzərə ilə qarşılaşırıq.
Azərbaycanda qadın — 65 yaşında, Gürcüstanda — 60, Belarus və Qırğızıstanda — 58, Türkmənistanda — 57, Özbəkistanda isə 55 yaşında pensiya hüququ qazanır.
Yəni Azərbaycan qadını özbək qadından 10 il, türkmən qadından 8 il, belarus və qırğız qadından 7 il, gürcü qadından 5 il gec pensiyaya çıxır.
Niyə?
Azərbaycan keçmiş sovet məkanının ən kasıb ölkəsi deyil. Onilliklər ərzində böyük neft və qaz gəlirləri əldə edib. Azərbaycan qadınının ömür uzunluğu da bu 5–10 illik fərqi öz-özlüyündə izah edəcək qədər qonşularından üstün deyil.
Hökumətin pensiya yaşının artırılması ilə bağlı arqumentləri məlumdur: insanlar daha uzun yaşayır, əmək qabiliyyətli şəxslərin əmək bazarında daha uzun qalması lazımdır, pensiya sisteminin maliyyə dayanıqlığı qorunmalıdır. Qadınla kişinin pensiya yaşının bərabərləşdirilməsi də arqumentlərdən biridir.
Bunların iqtisadi məntiqi var.
Amma sosial siyasətin də öz məntiqi olmalıdır.
Azərbaycan qadınının əməyi yalnız iş yerində keçirdiyi saatlardan ibarət deyil. O işləyir, uşaq böyüdür, evin yükünü daşıyır, yaşlı valideynlərinə qulluq edir, çox vaxt nəvələrin qayğısını da öz üzərinə götürür. Bu əməyin böyük hissəsi nə maaşda görünür, nə əmək stajında, nə də pensiya kapitalında.
Sonra isə həmin qadına deyirik:
65 yaşına qədər işlə.
Üstəlik, 60–64 yaş arasında işini itirən qadının vəziyyətini də düşünmək lazımdır. Dövlət ona pensiya vermir, əmək bazarı isə bu yaşda yeni iş tapmağı son dərəcə çətinləşdirə bilər.
Beləcə qəribə vəziyyət yaranır:
Pensiya üçün cavansan, iş üçün yaşlı.
Bəzən deyilir ki, Avropada da pensiya yaşı 65–67-dir.
Doğrudur. Amma Avropadan yalnız “65” rəqəmini götürmək olmaz. Avropanın səhiyyəsini, əməkhaqqını, əmək şəraitini, sosial müdafiəsini və 60 yaşdan sonra insanın əmək bazarındakı imkanlarını da müqayisə etmək lazımdır.
Əgər Azərbaycan qadınının 65 yaşına qədər işləməsi üçün ciddi demoqrafik və iqtisadi əsaslandırma varsa, bunu cəmiyyətə rəqəmlərlə izah etmək lazımdır.
Çünki sual çox sadədir:
Özbək qadını 55, türkmən qadını 57, belarus və qırğız qadını 58, gürcü qadını 60 yaşında pensiyaya çıxa bilirsə, Azərbaycan qadını niyə 65 yaşına qədər gözləməlidir?
Səməd Vurğun yazırdı:
“Adın şərəflidir sənin, ey qadın…”
Gözəl sözdür.
Amma qadına hörmət yalnız şeirdə, 8 Mart təbriklərində və rəsmi çıxışlarda deyil, sosial siyasətdə də görünməlidir.
Azərbaycan qadınını sözlə ucaldıb, pensiya növbəsində keçmiş sovet məkanının ən arxasına göndərmək arasında açıq bir ziddiyyət var.
“Adın şərəflidir sənin, ey qadın” deyiriksə, onun ömrünə və əməyinə münasibətimiz də bu sözə layiq olmalıdır…
