ABŞ-la Çin arasındakı böyük rəqabətdən danışanda adətən hərbi güc, Tayvan, süni intellekt, çiplər və ticarət müharibəsi yada düşür.
Amma bu rəqabətin daha az danışılan və bəlkə də ən strateji sahələrindən biri enerjidir.
Burada ABŞ-la Çin arasında çox ciddi fərq var.
ABŞ dünyanın ən böyük neft və qaz istehsalçılarından biridir və artıq böyük həcmdə enerji ixrac edir. Yəni Vaşinqton üçün əsas sual çox vaxt “enerjini haradan tapacağam?” deyil, “nə qədər enerji sata biləcəyəm?” olur.
Çinin vəziyyəti tam fərqlidir.
Çin də neft və qaz istehsal edir, amma iqtisadiyyatının ölçüsü o qədər böyükdür ki, daxili istehsal tələbatı ödəməyə kifayət etmir.
2025-ci ildə Çin rekord həcmdə — gündə təxminən 11,6 milyon barel xam neft idxal edib.
Bunun üçün təxminən 297 milyard dollar ödəyib.
Eyni ildə Çinin təbii qaz idxalına xərclədiyi məbləğ də təxminən 57 milyard dollar olub.
Yəni Çin təkcə neft və qaz almaq üçün bir ildə xaricə təxminən 353 milyard dollar ödəyib.
Buraya kömür, LPG və digər enerji məhsulları daxil deyil.
Bu rəqəm ABŞ–Çin rəqabətində çox vacib bir fərqi göstərir.
ABŞ enerji istehsal edir və satır. Çin isə böyük həcmdə enerji almağa məcburdur.
Sülh dövründə bu sadəcə iqtisadi məsələdir.
Böyük geosiyasi qarşıdurma zamanı isə strateji zəifliyə çevrilə bilər.
Çinin aldığı neftin böyük hissəsi dəniz yolları ilə gəlir. Yaxın Şərqdən gələn enerji Hörmüz boğazından, daha sonra isə Asiyanın strateji dəniz yollarından keçir.
İran müharibəsi bunu artıq real şəkildə göstərdi.
Hörmüzdə nəqliyyat pozulduqdan sonra Çinin Yaxın Şərqdən neft və LNG alışı ciddi şəkildə azaldı. Çin başqa mənbələrə — Rusiya, Braziliya və digər ölkələrə yönəlməli oldu.
Eyni böhran ABŞ üçün isə başqa nəticə yaratdı.
Yaxın Şərq enerjisinin bazara çıxışı çətinləşdikcə Amerika nefti və LNG-si üçün yeni bazar yarandı və ABŞ enerji ixracında yeni rekordlara çatdı.
Yəni eyni böhran iki rəqibə tam fərqli təsir göstərir:
ABŞ üçün enerji qiymətlərinin və tələbatın artması əlavə ixrac imkanı yarada bilər.
Çin üçün isə həmin artım daha bahalı idxal və təchizat riskidir.
Əlbəttə, Pekin bu zəifliyini çox yaxşı anlayır.
Ona görə Çin illərdir nəhəng neft ehtiyatları yaradır, Rusiyadan və Mərkəzi Asiyadan boru kəmərləri çəkir, nüvə energetikasını genişləndirir, elektromobillərə, günəş və külək enerjisinə böyük sərmayə qoyur.
Rusiyanın Çin üçün əhəmiyyəti də burada daha aydın görünür.
2025-ci ildə təkcə “Power of Siberia” kəməri ilə Rusiya Çinə təxminən 38,8 milyard kubmetr qaz göndərib.
Bu cür quru marşrutları Çinə dəniz yollarından asılılığını azaltmağa kömək edir.
Ancaq problem tam həll olunmayıb.
Çin hələ də dünyanın ən böyük xam neft idxalçısıdır və ildə yüz milyardlarla dolları xarici enerjiyə xərcləyir.
ABŞ isə bunun əksinə, özünün böyük enerji ehtiyatlarına malik olmaqla yanaşı, dünya bazarındakı böhranlardan ixracını artırmaq imkanına da sahibdir.
Buna görə ABŞ–Çin rəqabətində yalnız təyyarələrin, raketlərin və çiplərin sayını müqayisə etmək kifayət deyil.
Bəzən daha sadə bir sual daha vacibdir:
Böyük böhran başlayanda enerjini kim satacaq, kim almağa məcbur olacaq?
Bu sualın cavabı hazırda ABŞ-a çox ciddi strateji üstünlük verir…
