“Kanal 11” internet televiziyasının rəhbəri, jurnalist Teymur Kərimovun səhhətinin ağırlaşdığı bildirilir.
Bu barədə jurnalistin yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, Kərimovun qaraciyərində ciddi problemlər yaranıb, lakin o, lazımi tibbi müayinə və müalicə ilə təmin edilmir.
Yaxınları bildiriblər ki, Kərimov səhhəti ilə bağlı şikayət etsə də, ona “doşab iç, keçib gedəcək” deyilib.
Teymur Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, ona 2 il jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Kərimovla birlikdə mühakimə olunan reportyor İstək Totiyevaya isə şərti cəza verilib.
İttihama görə, onlar saytdan materialın silinməsi müqabilində Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib, daha sonra ondan min manat alıblar.
Teymur Kərimov ittihamı qəbul etmir. O, Ələkbərovdan pul tələb etmədiyini və almadığını bildirib. Jurnalist həbsini fəaliyyəti ilə əlaqələndirir. Kərimov etiraz aksiyalarını, vətəndaşların hüquqlarının pozulması hallarını, o cümlədən polislərin Qarabağ müharibəsi veteranlarına qarşı zorakılığı ilə bağlı görüntüləri çəkib yaydığına görə sifarişlə həbs olunduğunu deyib.
O, məhkəmədə saxlanılarkən işgəncəyə məruz qaldığını və zorlanmaqla hədələndiyini də bildirib. Daxili İşlər Nazirliyi Kərimovun işgəncə və hədələnmə ilə bağlı iddialarını rədd edib.
2025-ci il mayın 15-də Bakı Apellyasiya Məhkəməsi jurnalistin vəkilinin şikayətini qismən təmin edərək onun 8 illik həbs cəzasını 7 ilə endirib.
Həmin il dekabrın 24-də Ali Məhkəmə Kərimovun azadlıqdan məhrumetmə müddətini daha iki il azaldıb. (AbzasMedia)
