ABŞ vitse-prezidenti Cey Di Vens İranın təcrid olunmasına kömək edən ölkələrdən danışarkən Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin adını çəkib. Üstəlik bildirib ki, bu ölkələrin bəziləri bunu açıq deməsələr də, ABŞ-a özəl şəkildə yardım göstərirlər.
Bu siyahıda Azərbaycanın adının çəkilməsi Bakı üçün xüsusilə həssasdır.
Çünki Azərbaycan İranla həmsərhəddir və Tehranla münasibətlər onsuz da kifayət qədər mürəkkəbdir. İran daxilində, xüsusilə SEPAH-a yaxın dairələrdə Azərbaycan və onun İsraillə münasibətləri barədə uzun müddətdir ciddi ittihamlar səsləndirilir.
Üstəlik, bundan əvvəl CNN İsrailin İranla müharibə zamanı Azərbaycan ərazisindən kəşfiyyat və gizli əməliyyatlar üçün istifadə etdiyini iddia etmişdi. Azərbaycan həmin iddiaları rəsmi şəkildə təkzib etmişdi. CNN-in yazısını müəyyən qədər onunla izah etmək mümkündür ki, bu, müstəqil media qurumudur və ABŞ hökumətinin rəsmi mövqeyi deyil.
Amma Vens jurnalist deyil.
O, ABŞ-ın vitse-prezidentidir və Azərbaycanın adını hansı kontekstdə çəkdiyinin siyasi nəticəsini bilməməsi mümkün deyil.
Məsələni daha qəribə edən başqa bir hadisədir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda olarkən İlham Əliyev müharibə zamanı Azərbaycan xalqının və dövlətinin İran xalqının və dövlətinin yanında olduğunu bildirmişdi. Qalibaf da öz növbəsində Azərbaycanın həmin ağır günlərdə İranın yanında olduğunu demiş və göstərilən humanitar yardıma görə təşəkkür etmişdi.
Yəni Bakı Tehrana deyir: biz müharibə zamanı sizin yanınızda olmuşuq.
Vaşinqton isə indi Tehrana faktiki olaraq başqa mesaj verir: Azərbaycan İranı təcrid etmək siyasətimizdə bizə kömək edir.
Belə gərgin bir zamanda ABŞ vitse-prezidentinin Azərbaycanın adını məhz İran məsələsində yenidən gündəmə gətirməsi istər-istəməz sual doğurur:
Vaşinqton niyə Bakının Tehranla münasibətlərini daha da çətinləşdirə biləcək məlumatı özü açıq şəkildə səsləndirir?..
