Moskvadakı Sahilyanı ev, rəsmi adı hökumət evi. Əvvəl bəxtəvərlər evi idi, sonra bədbəxtlər evinə çevrildi.
1918-ci il martın 12-də Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürüldü. Çoxsaylı məmurları təmin etmək üçün mənzil çatışmırdı. Onları Kremldə və hotellərdə yerləşdirdilər.
1920-ci illərin ikinci yarısında qərara alındı ki, Kremldə yalnız ali rəhbərlik yaşaya bilər. Üstəlik, hotellərə də birbaşa təyinatları üzrə ehtiyac yaranırdı. Buna görə də hökümət, partiya, ordu mənsubları üçün böyük bir bina tikmək qərara alındı.
Moskva çayının sahilində yerləşən həmin bina 1927-1931-ci illərdə tikildi. Səkkiz korpusu olan binada 25 giriş və 505 mənzil vardı. Mənzillər 1-7 otaqlı idilər. Bəzilərində qulluqçular üçün otaqlar vardı. Bəli, yeni ağalar bərabərlikdən çox danışsalar da, evdə artıq qulluqçu işlədirdilər.
Hər pilləkən meydançasında iki mənzil vardı. 1 və 12-ci girişlərdəki mənzillərin pəncərələri Kremlə baxdığından daha prestijli sayılırdılar. 12-ci girişdəki mənzillər ən elitar hesab olunurdu. Layihəyə edilən dəyişikliklərə görə, həmin mənzillər 11-ci girişdəki mənzillər hesabına genişləndirildi, 11-ci giriş bağlı qaldı.
Mənzillər telefon, radio, zibil borusu və isti su ilə təmin olunmuşdu. Mərkəzləşdirilmiş istilik sitemi, sərnişin və yük liftləri vardı. Binada camaşırxana, tibbi məntəqə, körpələr evi və uşaq bağçası, kitabxana, idman zalı və mağaza vardı. Sakinlər mağazada talon əsasında pulsuz alış-veriş edirdilər.
Bina sakininin vəzifəsi dəyişəndə mənzili də dəyişirdi. Vəzifəsi yüksələndə mənzil şəraiti yaxşılaşırdı və əksinə. Demək artıqdır ki, binanın giriş qapısında duran konsyerjlər, liftçilər, komendantlar və başqa işçilər hamısı xüsusi xidmət agentləri idi.
Hökumət evində yaşayanlar SSRİ-nin ən bəxtəvər adamları sayılırdılar, amma bu, çox çəkmədi. Hələ 1933-cü ildən onun sakinlərindən tək-tük həbs edilənlər oldu. 1937-1938-ci illərdə isə binaya süpürgə çəkildi. Bəzən bir sakin tutulur, mənzilinə başqası köçür, bür müddət sonra o da tutulurdu. Çox keçmədi ki, xalq binaya “ilkin həbs evi”, “bolşeviklər üçün tələ”, “Stalinin təbəssümü” kimi adlar verdi.
Binadaxili donosbazlıq da geniş yayılmışdı. Üçotaqlı mənzildə yaşayan beşotaqlı qonşusundan donos yazırdı ki, tutulanda onun mənzilinə köçsün.
Adətən kişilər güllələnir, qadınlar isə bu komfortlu binadan birbaşa Qazaxıstana, ALJİR (Акмолинский лагерь жён изменников Родины – Akmola vətən xainləri arvadlarının düşərgəsi) deyilən dəhşətli həbs düşərgəsinə yollanırdılar. Hərçənd, qadınlardan da güllələnən olurdu. Övladlar uşaq evlərinə verilirdi. Ümumən 700-dən çox bina sakini repressiyaya məruz qaldı.
İkinci dünya müharibəsi bitəndən sonra bina sakinlərindən bəziləri yenə repressiyaya uğradı. Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra rahat nəfəs aldılar.