26 C
Bakı
30 Avqust 2026 11:15
CəmiyyətQalmaqalŞikayət

Strategiya körpə ölümünü 9,3-ə endirməyi nəzərdə tuturdu: 2025-ci ildə göstərici 13,7 olub

Dövlət Statistika Komitəsinin sonməlumatına görə, 2025-ci ildə Azərbaycanda hər 1000 doğuşa 13,7 körpə ölümü düşüb. Hökumətin2022–2026-cı illər üçün Strategiyası bu göstəricini dövrün sonuna 9,3-ə endirməyi nəzərdə tutur. Beş yaşadək uşaq və ana ölümü üzrə rəqəmlər də hədəfdən yüksəkdir.

Strategiyanın müddəti 2026-cı ilin sonunda başa çatır. Buna görə 2025-ci ilin rəqəmləri yekun icra nəticəsi deyil. Ancaq son göstəricilər hədəflə faktiki vəziyyət arasında böyük fərq qaldığını göstərir.

Mənbə: DSK, “Azərbaycanda uşaqlar 2026”, cədvəllər 1.3, 4.9, 4.10 və 4.13; hədəflər — Strategiyanın Tədbirlər Planı, tədbirlər 3.3.1/2 və 3.3.2/1.Mənbə: DSK, “Azərbaycanda uşaqlar 2026”, cədvəllər 1.3, 4.9, 4.10 və 4.13; hədəflər — Strategiyanın Tədbirlər Planı, tədbirlər 3.3.1/2 və 3.3.2/1.

Körpə ölümləri 2023-cü ildə iki dəfədən çox artıb

2022-ci ildə bir yaşadək 959 uşaq həyatını itirib. 2023-cü ildə bu say 2 039-a qalxıb. Sonrakı iki ildə azalma qeydə alınıb: 2024-cü ildə 1 420, 2025-ci ildə 1 312 körpə ölümü olub. Bununla belə, 2025-ci ilin sayı 2022-ci illə müqayisədə 37 faiz yüksək qalıb.

2025-ci ildə körpə ölümü əmsalı 13,7 olub. Bu, 2023 və 2024-cü illərin göstəricisindən aşağıdır, amma 2005–2022-ci illərin hər birindən yüksəkdir.

Doğumların azalması tək izah deyil

Ölkədə diri doğulanların sayı 2022-ci ildə 122 846, 2025-ci ildə 95 875 olub. Yəni, üç ildə doğumlar 22 faiz azalıb. Körpə ölümü əmsalı doğulanların sayına görə hesablandığı üçün doğumların azalması göstəricini yüksəldə bilər.

Ancaq 2023-cü ildəki sıçrayışı yalnız bununla izah etmək mümkün deyil. Həmin il doğumlar 8 faiz azaldığı halda, bir yaşadək ölən uşaqların sayı iki dəfədən çox artıb.

İlk yeddi gündə ölümlər kəskin yüksəlib

DSK-nın perinatal ölüm cədvəli göstərir ki, 2022-ci ildə doğuşdan sonrakı ilk yeddi gündə 408 körpə ölüb. 2023-cü ildə bu rəqəm 1 306-ya yüksəlib. Eyni vaxtda ölü doğulanların sayı 597-dən 531-ə enib. İlk yeddi gündə ölümlər 2024-cü ildə 770-ə, 2025-ci ildə isə 522-yə düşüb.

Məcmuədə göstəricilərin ümumi hesablanma qaydası izah olunur, amma 2023-cü ildəki kəskin dəyişiklik üçün ayrıca açıqlama verilmir. Buna görə bunun tibbi vəziyyətin pisləşməsi, qeydiyyat və təsnifat dəyişikliyi, yaxud məlumatların sonradan dəqiqləşdirilməsi ilə bağlı olduğunu yalnız cədvəldən müəyyən etmək qeyri-mümkündür.

Beş yaşadək uşaq və ana ölümü də hədəfdən yüksəkdir

Beş yaşadək uşaq ölümü üzrə 2025-ci ilin göstəricisi 17,0-dır. Strategiyanın dövrün sonu üçün hədəfi 10,5-dir. Göstərici 2022-ci ildə 10,2 olsa da, 2023-cü ildə 21,3-ə yüksəlib və sonrakı azalmaya baxmayaraq hədəfdən yuxarı qalıb.

Ana ölümü əmsalı 2025-ci ildə 27,1 olub və 26 ölüm qeydə alınıb. Göstərici 2023 və 2024-cü illərlə müqayisədə azalıb, ancaq Strategiyanın 12,9 hədəfindən iki dəfədən çox yüksəkdir. O, həmçinin 2008–2022-ci illərin bütün göstəricilərini keçir.

Hər üç körpə ölümündən biri “digər səbəblər” kimi qeydə alınıb

2025-ci ildə bir yaşadək uşaqlar arasında ölüm hallarının 34,8 faizi “digər səbəblər” kateqoriyasında göstərilib. Şəhərlərdə bu pay 44,8 faizə çatıb – təxminən hər iki ölüm hadisəsindən biri.

DSK həmin kateqoriyaya hansı diaqnozların daxil edildiyini açıqlamır. Buna görə təkcə bu artıma əsaslanaraq diaqnostikanın və ya ölüm səbəblərinin qeydiyyatının keyfiyyəti barədə qəti nəticə çıxarmaq olmaz.

BMT qiymətləndirməsində Azərbaycan qonşulardan geri qalır

BMT-nin Uşaq Ölümü üzrə Qurumlararası Qiymətləndirmə Qrupunun 2024-cü il hesablamasına görə, Azərbaycanda beş yaşadək uşaq ölümü 17,9 olub. Gürcüstanda bu göstərici 8,6, Ermənistanda 9,6-dır. Yəni, Azərbaycanın göstəricisi hər iki qonşu ölkədən təxminən iki dəfə yüksəkdir. Körpə ölümü üzrə də Azərbaycan daha yüksək göstəriciyə malikdir.

Bölgələr üzrə körpə ölümü əmsalı 3,4-dən 35,5-dək dəyişir

2025-ci ildə ən yüksək körpə ölümü əmsalları Xızıda 35,5, Neftçalada 35,2, Daşkəsəndə 35,0, Xankəndi şəhərində 32,3, Şamaxı rayonunda 30,4, Mingəçevir şəhərində 28,8, Ağsu rayonunda 23,4, Cəbrayıl rayonunda 23,2, Şirvan şəhərində 22,4 və Salyan rayonunda 22,2 olub. Ölkə üzrə orta göstərici 13,7-dir.

İqtisadi rayonlar üzrə ən yüksək göstəricilər Dağlıq Şirvanda — 19,7 və Şirvan-Salyanda – 19,5, ən aşağı göstəricilər Qarabağda – 10,5, Mil-Muğanda – 11,1, Lənkəran-Astarada – 11,3 və Naxçıvanda – 11,6 qeydə alınıb.

Şəhər yerlərində əmsal 16,9, kənd yerlərində 10,8 olub. 2012-ci ildə də şəhər göstəricisi kənd göstəricisindən yüksək idi, lakin fərq daha kəskin olmuşdu – müvafiq olaraq 17,8 və 4,1.

Həkim və elmi mənbələr nə deyir?

Ginekoloq Rəşad Sultan “Musavat.com”a açıqlamasında ana ölümlərinin tək bir amillə izah olunmadığını deyib. O, riskli hamiləliklərin vaxtında aşkarlanması və uyğun mərkəzlərə yönləndirilməsi, cərrahi-anestezioloji və reanimasiya hazırlığı, eləcə də qanaxma, infeksiya və tromboemboliyaya operativ müdaxiləni əsas məsələlər sırasında göstərib.

Həkim qeysəriyyə əməliyyatı barədə də fərqləndirmə aparıb: onun sözlərinə görə, tibbi göstəriş olduqda bu müdaxilə həyat qurtara bilər, tibbi zərurət olmadan aparıldıqda isə ana və sonrakı hamiləliklər üçün əlavə risklər yarada bilər.

Ümumdünya Səhiyyə Təşkilatı da tibbi göstəriş olduqda qeysəriyyənin ana və yenidoğulmuş ölümünün qarşısını ala biləcəyini bildirir. Təşkilata görə, qeysəriyyə göstəricisinin artması müəyyən həddən sonra əlavə maternal və perinatal fayda ilə müşayiət olunmur, əksinə, qısa və uzunmüddətli risklərlə əlaqələndirilə bilər.

Sıçrayışın rəsmi izahı açıq deyil

Strategiyada ana və körpə ölümü göstəricilərinin hər il azalması, hamilə və yenidoğulmuşlara xidmət üçün kadr, infrastruktur və tibbi təchizatın gücləndirilməsi nəzərdə tutulur. Ancaq 2023-cü ildə hər iki göstərici yüksəlib.

Monitorinq portalı Strategiyanın icrası ilə bağlı hesabatların hazırlandığını bildirir, lakin indikatorlar üzrə tam nəticələr açıq deyil. DSK və Səhiyyə Nazirliyinin açıq mənbələrində 2023-cü il sıçrayışını izah edən ayrıca açıqlama görünmür. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Naxçıvanda şəhid ailələri və müharibə iştirakçıları “DƏSTƏK” Fondunun dəstəyini gözləyir: Vəsaitlər necə və hara xərclənib?

redaktor

Oxumuş cahillər və mənəviyyat dərsi

redaktor

Azərbaycan mətbuatının halına DİQQƏT

admin