Bu günlərdə jurnalist həmkarlarımdan biri maraqlı bir fikir yazmışdı.
Təxminən belə: bizdə insanlar çox vaxt istəyirlər ki, jurnalist onların əvəzinə döyüşsün, onların deyə bilmədiyini desin, onların qorxduğu adamların üstünə getsin. Özləri isə mümkün qədər kənarda qalsınlar.
Oxuyanda illər əvvəl başıma gəlmiş bir hadisəni xatırladım.
2001-ci ildə Kiyevdə azərbaycanlı iş adamı 29 yaşlı Elçin Fəday oğlu Əliyev öldürülmüşdü. Sonradan bu qətlə görə Azərbaycan ordusunun general-leytenantı, Milli Qəhrəman Rövşən Əkbərov ittiham edild
Rəsmi istintaqın versiyasına görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə “Sikora” kafesinin yaxınlığında aralarında yaranmış münaqişədən sonra Elçin Əliyev ürək nahiyəsindən kəsici-deşici alətlə vurularaq öldürülmüşdü.
İş 2003-cü ildə Ukraynadan Azərbaycana göndərilmiş, burada müəyyən istintaq hərəkətləri aparıldıqdan sonra təqsirləndiriləcək şəxsin müəyyən edilmədiyi əsas gətirilərək icraat dayandırılmışdı.
Və qəribə olan bundan sonra baş verdi:
İş təxminən 20 il sonra – 2020-ci ildə yenidən açıldı.
2021-ci ildə Rövşən Əkbərov həbs edildi və həmin ilin oktyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Əliyevi qəsdən öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi.
Məhkəmədə maraqlı ifadələr də səsləndi. Azərbaycanın Ukraynadakı keçmiş səfiri Nazim İbrahimov bildirdi ki, hadisənin şahidi olmayıb, lakin Rövşən Əkbərov sonradan ona Elçin Əliyevi ürəyindən bıçaqladığını deyib. Əkbərov isə ittihamı və bu iddianı rədd edirdi.
Hətta məhkəmədə şahidlərdən biri belə demişdi:
“Nazim İbrahimov 20 il həqiqəti deməyə qorxub. Mən də qorxmuşam.”
Mənim danışmaq istədiyim isə məhkəmə işinin özündən daha çox, həmin hadisənin mənim yaddaşımda qalan başqa bir tərəfidir.
Elçin Əliyevin öldürülməsindən sonra onun yaşlı atası Fəday Əliyev bir gün işlədiyim redaksiyaya, yanıma gəldi.
Oğlunun ölümü haqqında mənə xeyli məlumat verdi. Bildiklərini, eşitdiklərini, hadisənin təfərrüatlarını danışdı.
Mən qulaq asdım və dedim:
— Yaxşı, bunları yazaram. Amma məlumat sizdəndirsə, sizin adınıza istinad etməliyəm.
Razılaşmadı.
Mənə təxminən belə dedi:
— Mənim adımı yazma. Öz adından yaz.
Dedim:
— Mən öz adımdan necə yaza bilərəm? Hadisənin şahidi deyiləm. Bu məlumatları mənə siz verirsiniz.
Amma yaşlı ata öz adının yazıda görünməsini istəmirdi.
Onu da başa düşmək olardı. Qarşı tərəfdə adi adam yox, general, Milli Qəhrəman və böyük imkanları olan bir şəxs vardı.
Mən isə hələ gənc jurnalist sayılırdım.
Buna baxmayaraq, məsələ haqqında yazdım.
İllər keçdi.
Bir gün tamamilə başqa şəraitdə bir polkovniklə eyni süfrə arxasında oturmuşduq. Söhbət zamanı mənə çox maraqlı bir şey danışdı.
Dedi ki, həmin vaxt Rövşən Əkbərov ona mənim haqqımda maraqlanmağı tapşırıbmış:
Bu jurnalist kimdir? Harada işləyir? Kimlərlə əlaqəsi var? Nə işlə məşğuldur?
Polkovnik də tapşırığı yerinə yetirib, mənim haqqımda mümkün olan məlumatları toplayıb ona çatdırıbmış.
Bunu mən hadisədən illər sonra öyrəndim.
İndi düşünürəm:
Elçin Əliyevin atası oğlunun ölümünün araşdırılmasını istəyirdi.
Amma öz adının yazılmasını istəmirdi.
Jurnalist isə həmin məlumatı yazmalı, adını qoymalı və mümkün nəticələri də özü qarşılamalı idi.
Bu, təkcə bir atanın qorxusu haqqında deyil. O yaşlı kişinin vəziyyətini mən bu gün də anlayıram.
Problem daha böyükdür.
Bizdə cəmiyyət çox vaxt jurnalistdən qəhrəman olmağı tələb edir.
Məmur hüququnu pozur — jurnalist yazsın.
Polis haqsızlıq edir — jurnalist araşdırsın.
Güclü adam kimisə əzir — jurnalist onun qarşısına çıxsın.
Korrupsiya var — jurnalist ifşa etsin.
Amma həmin jurnalist soruşanda ki, “Bunu kim deyir, adınızı yaza bilərəmmi?”, birdən hamı geri çəkilir.
“Adımı yazma.”
“Məni bu işə qatma.”
“Özün yaz.”
Jurnalist də insandır.
Onun da ailəsi var.
Onun da təhlükəsizliyi var.
Onun da qorxmağa haqqı var.
Rövşən Əkbərov işi isə ayrıca bir sualı da tarixə qoydu.
2001-ci ildə adam öldürülür.
2003-cü ildə cinayət işi Azərbaycana göndərilir.
İş dayandırılır.
2020-ci ildə – təxminən iyirmi il sonra – birdən yenidən açılır.
2021-ci ildə general həbs edilir və 10 il həbs cəzası alır.
Niyə məhz iyirmi il sonra?
Rəsmi cavab budur ki, iş yenidən öyrənilib, əvvəlki dayandırma qərarı ləğv olunub və yeni istintaq nəticəsində kifayət qədər sübut toplanıb.
Bunun arxasında başqa səbəblərin olub-olmadığını mən bilmirəm və sübutsuz iddia etmək də istəmirəm.
Amma jurnalistin işi elə sual verməkdir.
Çünki bu hekayədə mənim üçün ən düşündürücü məsələ yalnız bir generalın iyirmi ildən sonra həbs olunması deyil.
Başqa bir sual da var:
Əgər həqiqət 20 il gözləyə bilirsə, onu vaxtında yazmağa çalışan jurnalist niyə tək qalmalıdır?
Cəmiyyət jurnalistdən qəhrəmanlıq tələb edə bilər.
Amma qəhrəmanlıq sifarişlə olmur.
Həqiqətin məsuliyyəti yalnız onu yazanın deyil, onu bilib susmayanların da çiynində olmalıdır…
