DünyaSiyasət

Azərbaycan Türkiyə–İsrail gərginliyində yenidən vasitəçi ola bilər

İsrail ilə Türkiyə arasında davam edən və daha çox siyasi-diplomatik sferada özünü göstərən gərginlik son zamanlar daha ciddi hal alıb. Belə ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın  İdlib əyalətinin şərq hissəsindəki “Əbu-əl-Duhur” hərbi aviabazasına zərbə endirməsinin ardınca Ankara ilə Təl-Əviv arasında hərbi eskalasiya riski artıb.

İsrail–Türkiyə gərginliyi 2010-cu il “Mavi Mərmərə” olayından sonra başlasa da, keçən 16 il ərzində nadir yumşalma cəhdləri istisna olmaqla, artan templə davam edib.

Hər iki ölkə Suriyada öz təhlükəsizlik maraqlarını qorumaq istəyir. Türkiyə Suriya hökuməti ilə hərbi əməkdaşlığını və oradakı təsirini artırmaq niyyətindədir. İsrail isə Türkiyənin Suriyada hərbi mövcudluğunu böyütməsindən və bunu daimi hala gətirməsindən, beləliklə gələcəkdə bunun Təl-Əvivə qarşı təhlükə yarada biləcəyindən narahatdır.

Təsadüfi deyil ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi mövcudluğuna qarşı olduqlarını deyib. O qeyd edib ki, Suriyada İsrail üçün təhlükə yaradan Türkiyənin hərbi mövcudluğuna dözməyəcəklər.

Türkiyə, əslində, İsrail üçün təhdid deyil. Ankaranın əsas reaksiyası Təl-Əvivin işğalçı və aqressiv genişlənmə siyasətinədir. Bundan başqa, mülki şəxslərin öldürülməsi, müharibə cinayətləri də Ankaranın haqlı narazılığına səbəb olur.

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsindəki “Əbu-əl-Duhur” hərbi aviabazasına zərbə endirməsi isə açıqca Ankaraya meydan oxumaqdır.

Məncə, Türkiyə də, İsrail də birbaşa müharibəni istəmir. Çünki belə bir qarşıdurmanın həm hər iki ölkəy, həm də bütün region üçün çox ağır nəticələri olar. Ona görə də hazırda ən məntiqli yol danışıqlar və hərbi toqquşmanın qarşısını alan əlaqə kanallarıdır.

Türkiyə–İsrail gərginliyinin böyüməsini, müharibəyə keçməsini bəlkə də ən çox Azərbaycan istəmir. Təl-Əviv Bakının strateji tərəfdaşı, Ankara isə müttəfiqidir. Bakı illərdir belə bir seçim qarşısında qalmamaq üçün pərdəarxası diplomatik fəaliyyətləri genişləndirib.

İstisna deyil ki, Azərbaycan bir neçə dəfə İsrail və Türkiyə arasında pərdəarxası danışıqlara vasitəçilik edib. Hətta Suriya–İsrail danışıqları belə Bakının vasitəçiliyi ilə baş tutub. Bu mənada vəziyyətin pisləşməsi ehtimallarını nəzərə alsaq, Bakı yenidən tərəfləri bir araya gətirərək uzlaşdırmağa cəhd edə bilər.

Qeyd edim ki, bu məsələ Azərbaycan qədər ABŞ-ı da narahat edir. Hər iki ölkə Vaşinqtonun Yaxın Şərqdəki mühüm müttəfiqləridir.

ABŞ-ın siyasi iradəsi ilə Azərbaycanın vasitəçiliyi əsasında Türkiyə və İsrail arasında rəsmi, yaxud pərdəarxası danışıqlar baş tuta bilər. Bu, gərginliyi bitirməsə də, ən azı həlli mümkün olan bəzi məsələlər üzrə problemlərin aradan qalxmasına səbəb ola bilər.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın Azərbaycana qarşı təxribat siyasəti

redaktor

Paşinyan: “Qoy bizi Respublika Meydanında assınlar”

redaktor

Paşinyanın əsas hədəfi: Konstitusiya referendumuna gedən yolu açmaq

redaktor