İsrailin 18 avqustda Suriyanın Əbu əl-Duhur aviabazasına endirdiyi zərbə İsrail–Türkiyə münasibətlərindəki gərginliyi diplomatik ritorikadan real hərbi qarşıdurma riskinə yaxınlaşdırıb. ABŞ isə həm İsrail, həm də Türkiyə ilə müttəfiqlik münasibətlərini nəzərə alaraq, İsrail, Türkiyə və Suriya arasında dekonflikt mexanizmi yaratmağa çalışır. Bir məqamı xatırlatmaq yerinə düşər: Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və Əhməd əl-Şaranın hakimiyyətə gətirilməsi məhz Türkiyə və ABŞ-ın birgə fəaliyyəti nəticəsində baş tutub.
İsrail–Türkiyə gərginliyinin əsas səbəbini nə Türkiyənin Suriyadakı hərbi-siyasi mövcudluğu, nə də Qəzza–Fələstin məsələləri ilə izah etmək kifayət deyil. Sadalananlar gərginliyi artıran faktorlar olsa da, əsas məsələ Türkiyənin Yaxın Şərqdə regional güc və əsas siyasi aktor kimi mövqeyinin möhkəmlənməsi, bunun isə İsrailin regiondakı uzunmüddətli strateji Böyük İsrail planlarının həyata keçirilməsi qarşısında maneə yaratmasıdır.
İsrail–Türkiyə gərginliyinin ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonrakı mərhələdə baş verməsi əlaqəli proses və ssenari qənaətini ortaya çıxarır. Müharibədən əvvəl versiyalardan biri ondan ibarət idi ki, ABŞ və İsrail İranı əsaslı zəiflətməklə kifayətləndikdən sonra Türkiyə ilə qarşıdurma növbəti strateji mərhələ ola bilər. Hazırkı proseslər həmin versiyanın müəyyən elementlərinin real geosiyasi proses olduğuna işarə edir.
Türkiyənin yeni Suriya hökumətinin siyasi-hərbi bütövlüyünü, ölkəni vahid dövlət kimi və mərkəzi hakimiyyətin gücləndirilməsini dəstəkləməsi İsrailin təkcə Suriyada deyil, bütövlükdə Yaxın Şərqdə hərbi və strateji manevr, fəaliyyət imkanlarını məhdudlaşdırır. Vahid Suriya dövlətinin formalaşması İsrailin uzunmüddətli regional hesablamaları qarşısında əsas maneələrdən birinə çevrilir.
İranın hərbi imkanlarının əhəmiyyətli dərəcədə zəiflədilməsi İsrail üçün əsas strateji rəqiblərdən birinin neytrallaşdırılması kimi qiymətləndirilirsə, Türkiyənin regional çəkisinin artması yeni güc balansında Ankara faktorunu daha mühüm vəziyyətə gətirir. İsrailin İran üzərində üstünlük əldə etməsindən sonra Türkiyəyə qarşı daha sərt addımlar atması bu nəticənin dolayı geosiyasi göstəricisi kimi şərh oluna bilər. Lakin bu versiyanı müharibənin nəticəsinin birbaşa sübutu kimi təqdim etmək mümkün deyil. Əsas şərt regionun geosiyasi düzənində İsrailə Türkiyənin mane olmasıdır.
ABŞ–Türkiyə münasibətləri də bu prosesin mühüm komponentidir. Vaşinqton və Ankara nəinki Suriyanın, ümumiyyətlə, regionun gələcəyi ilə bağlı müəyyən məsələlərdə koordinasiyalı fəaliyyət göstərir. Keçmiş baş nazir Naftali Bennett Türkiyənin İsrail üçün yeni strateji təhlükə kimi nəzərdən keçirilməsini gündəmə gətirib və Ankara ilə Vaşinqton arasında mümkün yeni regional konfiqurasiya barədə narahatlıqları ifadə edib. Bu yanaşma Türkiyənin yalnız Suriya istiqamətində deyil, bütövlükdə Yaxın Şərqdə müstəqil və çoxvektorlu siyasət yürütməsinin İsrail tərəfindən strateji problem kimi qəbul edilməsinin göstəricisidir.
İsrail–Türkiyə gərginliyinin artması müəyyən mənada İranın da maraqlarına uyğun nəticə yaradır. Çünki İsrailin Türkiyə ilə qarşıdurmaya cəlb olunması İran üzərindəki təzyiqin müəyyən hissəsinin başqa istiqamətə yönəlməsi deməkdir. Lakin burada əsas müəyyənedici faktor ABŞ-ın İran strategiyasıdır. Vaşinqtonun İranla bağlı hərbi-siyasi strategiyasının nəticələri və Tehranda yaranan daxili siyasi proseslər Yaxın Şərqin növbəti mərhələsinin əsas parametrlərini müəyyənləşdirə bilər.
İranda hakimiyyətin faktiki SEPAH-ın əlində cəmlənməsi və ABŞ-la gizli danışıqlar versiyaları daxili siyasi transformasiya əlamətləri kimi, İsrail–Türkiyə qarşıdurmasının İran faktorundan sonrakı regional mərhələdə necə formalaşmasına birbaşa təsir edən amildir.
Türkiyə–İsrail mümkün hərbi qarşıdurmasına gəldikdə isə, Türkiyə ilə birbaşa hərbi qarşıdurma İsrail üçün son dərəcə risklidir. İsrailin keçmiş baş naziri Ehud Barakın vurğuladığı kimi, “Türkiyə İran və ya Bəşər Əsədin Suriyası deyil” və Ankara ilə münasibətləri gərginləşdirmək məsuliyyətsizlikdir. Rusiya general-leytenantı Apti Alaudinov da İsrailin öz hərbi imkanlarını həddən artıq qiymətləndirməsinin onun dövlət kimi mövcudluğuna təhlükə yarada biləcəyini qeyd edib.
Türkiyənin NATO üzvlüyü, güclü ordusu və inkişaf etmiş müdafiə sənayesi ilə yanaşı, “Məkkə sazişi” çərçivəsində nüvə dövləti olan Pakistanla strateji əlaqələri və Azərbaycanla müttəfiqliyi hərbi balansı kökündən dəyişir. İsrailin hava üstünlüyünə baxmayaraq, Türkiyə ilə genişmiqyaslı müharibə Təl-Əviv üçün ekzistensial risklər yaradır. Xüsusəndə Türkiyə Böyük Britaniya strateji müttəfiqlik münasibətləri ağır çəkiyə malikdir. Bu səbəbdən tərəflər arasında açıq müharibə ehtimalı aşağıdır, ancaq tam istisna deyil. Daha real ssenari Suriya üzərindən məhdud hava zərbələri və dolayı təzyiqlərin mümkün olmasıdır. Lakin eskalasiya nəzarətdən çıxarsa, qarşıdurma regional müharibəyə çevrilə bilər.
